Bir neçə gün əvvəl türkiyəli mafiya lideri Sedat Peker “SADAT” adlı təşkilatın Suriyada terror qruplaşmalarına silah daşıdığını iddia etmişdi. Bu açıqlamadan sonra illər əvvəl Türkiyədə qurulan “SADAT” təşkilatı yenidən gündəmə gəldi.
Yeniavaz.com xəbər verir ki, “SADAT” 28 fevral 2012-ci ildə təqaüddə olan türkiyəli general Adnan Tanrıverdi və digər 23 təqaüdçü zabit tərəfindən qurulub. Şirkət digər müsəlman ölkələrininin ordusuna hərbi təlim keçmək, müdafiə sahəsində məsləhətlər vermək və silah-sursat daşımaları ilə məşğuldur. 20-dən çox müsəlman ölkələri ilə əlaqə qurduqları iddia edilir. “SADAT”ın qurucusu general Adnan Tanrıverdi, 08 Noyabr 1944-cü ildə Konyanın Akşehir bölgəsində anadan olub. Türkiyə ordusunda və Kiprin Mülki Müdafiə Təşkilatında təxminən 30 il xidmət edib. Türkiyənin müdafiə naziri Hulusi Akar onun tələbələrindəndir. 1996-cı ildə təqaüdə göndərilib. Buna səbəb kimi dini əqidəsi göstərilib.
“SADAT”ın İslam ölkələrinin ordusuna təlim keçdiyi məlumdur. Təşkilatın tərkibində təqaüddə olan professional hərbçilər və döyüşçülər xidmət göstərir. İYİ partiyanın sədri Meral Akşener Türkiyənin bir çox bölgəsində “SADAT”a aid qeyri-qanuni hərbi hissələrin olduğunu və bunun təhlükəli həddə çatdığını iddia etmişdi. Təşkilat isə bunu təkzib etmişdi. 2015-ci ilin iyul hadisələrində orduya qarşı küçələrə çıxan Türkiyə vətəndaşları içərisində “SADAT” üzvlərinin də olduğu bildirilib. Onlar küçələrə çıxdıqlarını ancaq silahsız olduqlarını açıqlamışdılar. Daha sonra 2016-cı ilin avqustundan Adnan Tanrıverdi Türkiyə prezidentinin baş məsləhətçisi təyin olunub.
Türkiyəli mafiya lideri Sedat Pekerin açıqlamalarından sonra “SADAT” yenidən açıqlama yaydı. Bu barədə danışmazdan əvvəl Pekerin iddialarına nəzər salaq: “Suriyaya türkmən qardaşlarımıza yardım göndərirdik. İçərisində silah olduğunu təbii ki, bilirdim. Yük maşınları mənim adımla hərəkət edirdi. Sənədləşmə və ya digər prosedurlar həyata keçirilmirdi. Göndərilən yükləri MİT və ya Silahlı Qüvvələr deyil, “SADAT” hazırlayırdı. Mən maddi dəstək göstərirdim. Sonra çoxlu miqdarda “Mitsubişi” avtomobili göndərməyə başladığımda türkmənlər bizə videogörüntülərlə təşəkkür edirdi. Həmin vaxt gördüm ki, onlardan bir neçəsi ərəbcə danışır. Sonra öyrəndim ki, bütün bu silahlar türkmən qardaşlarımıza deyil “Ən-Nusra”ya gedir. Etiraf edirəm mən onları türkmənlərə yardım göndərirdim, ancaq, mənim adımdan bir çox yük maşınına doldurulmuş silahlar “SADAT” tərəfindən “Ən-Nusra”ya göndərilirmiş”.
Peker Türkiyədə qurulan “SADAT” təşkilatının “Ən-Nusra”ya yardım göndərdiyini iddia edir. Məsələ ilə bağlı “SADAT”ın qurucularından Ersan Ergür jurnalist Cüneyt Özdemirin “youtube”da yayımlanan verilişinə çıxaraq iddianı təkzib edib. O bildirib ki, belə bir hal baş verməyib, “SADAT” sadəcə müsəlman dövlətlərinin ordusuna təlim keçmək, hərbi məsləhətlər vermək və logistika fəaliyyəti ilə məşğuldur.
Məlumat üçün deyək ki, “Ən-Nusra” 2012-ci il 23 yanvar tarixində qurulub. Əsas məqsədlərinin Suriyada prezident Bəşər Əsədi devirmək və bölgədə İslam dövləti qurmaq olduqlarını deyirlər. ABŞ, Rusiya kimi dünyanın bir çox ölkəsi tərəfindən terror təşkilatı olaraq tanınır. 2016-cı ildə “Əl-Qaidə” terror təşkilatı ilə əlaqə qurduqları və birlikdə fəaliyyət göstərdikləri açıqlandı.
Türkiyə həmin təşkilatı 2018-ci ildəm terror qruplaşması kimi tanıyır. Prezident Rəcəb Tayyib Ərdoğan çıxışlarında dəfələrlə “Ən-Nusra”ya qarşı olduqlarını, onlarla mübarizə apardıqlarını bildirib.