Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnı çoxsaylı kiçik qanun pozuntularına görə günahlandırıldıqdan sonra təcridxanada təkadamlıq kameraya salına biləcəyini bildirib və həbsxanadan başı qırxılmış vəziyyətdə ilk şəklini paylaşıb. Prezident Vladimir Putinin ən məşhur tənqidçilərindən Navalnının taleyi cümə axşamı gecə boyunca hər bir saatdan bir gözətçi tərəfindən oyandırılmasının işgəncə olduğunu, belində və ayağındakı kəskin ağrılara laqeyd qalındığını bildirməsindən sonra diqqət mərkəzindədir. Bazar günü 20-dən çox tibb işçisi 44 yaşlı müxalifət siyasətçisinə lazımi qayğı göstərilməsini tələb edən açıq məktub yayıb. “Daha pis olmasından qorxuruq. Bədənin aşağı nahiyyəsinin hərəkətinin qismən və ya tamamilə iflic olması da daxil olmaqla, xəstənin bu vəziyyətdə qalması ağır nəticələrə səbəb ola bilər” – deyə, məktubda bildirilib. Keçən həftə həbsxana rəhbərliyi Navalnının müayinə edildiyini, vəziyyətinin stabil və qənaətbəxş olduğunu bildirib. Bazar ertəsi Kreml həkimlərin məktubunu şərh etməkdən imtina edib. Bazar ertəsi Navalnı vəkilləri və Instagram vasitəsi ilə həbsxanadan ilk şəklini yayımlayıb. Şəkildə onun başı qırxılıb, özü isə həbsxana paltarındadır. Navalnı Moskvadan 100 km şərqdə yerləşən İK-2 islah müəssisəsində iki həftə ərzində ona 16 töhmət verildiyini bildirib. Təkadamlıq cəza kamerasına göndərilmək üçün texniki olaraq iki töhmət kifayətdir. “Bu xoşagəlməz bir zarafatdır. Oradakı şərait işgəncəyə bərabərdir” – deyə, Navalnı yazıb. Amerikanın səsi