Niderlandın paytaxtı Amsterdam şəhərində koronavirus epidemiyası ilə mübarizə üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiya keçirilib.Virtualaz.org-un Rusiya KİV-inə istinadən məlumatına görə, şəhər meriyasından bildirilib ki, Muzey meydanına toplanan minə yaxın insan hökumətin koronavirusla mübarizə üçün tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə qarşı çıxıb.
Nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarının ərazidən uzaqlaşmaq barədə çağırışlarına məhəl qoymayıblar və bu səbəbdən də polis su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, Niderlandda hökumətin koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərinə qarşı nümayişlər bir neçə vaxtdır həftəsonları davam edir. Keçən həftə olan aksiyalarda polis 150-dən çox etirazçını həbs edib.
Onu da xatırladaq ki, 23 yanvarda Niderlandda koronavirusun yayılması ilə mübarizə üçün komendant saatı tətbiq edilib. Komendant saatı 21:00-dan 04:30-dək davam edir, komendant saatını pozanlar 95 avro cərimə olunur. Bu qərar şəhərlərdə kütləvi etirazlara səbəb olub.
Sonradan hökumət komendant saatının müddətini martın 31-dək uzadıb.
Tarix: 29-03-2021, 08:37