Cəmisi bir neçə ay əvvəl Rusiyanı Azərbaycanla savaşa bulaşdırmaq üçün hər cür təxribata əl atan Ermənistanın nə prezidenti, nə də "İsgəndər partlamır" deyən baş naziri səslərini belə, çıxartmırlar; Rusiya nə vaxtsa, hərbi müdaxiləyə məruz qalarsa, Kremlin hərbi müttəfiqləri böyük ehtimalla əks qütbə dəstək verəcəklər...
ABŞ prezidenti Co Bayden Rusiyanın dövlət başçısına dözümsüzlüyünü gizlədə bilmədi. Cəmisi bir müsahibədə ona olan nifrətini və qəzəbini ortaya tökdü. Və bir anda dünya gündəmi dəyişdi.İndi dünya mətbuatı Ağ Ev sahibinin Rusiya prezidentini təhqir etməsini əsas müzakirə mövzusuna çevrib. Yəqin ki, bu mövzu hələ uzun müddət gündəmdən düşməyəcək. Hər dəfə ABŞ və Rusiya arasında hər hansı təmas olduqda, eləcə də, "yumruqlar sıxılanda" məhz prezident Co Baydenin təhqiramiz ifadələri ön plana çıxarılacaq.
Əslində, bu, qətiyyən təəccüblü deyil. Çünki prezident Co Baydenin "Putin qatildir" ifadəsi olduqca ağır təhqirdir. Bir dövlət başçısının digərinə belə bir ittiham irəli sürməsi yolverilməzdir. Üstəlik, bu ittihamı hətta sadə insanlara qarşı da irəli sürmək olmaz. Bunun üçün ittiham edilən şəxsin mühakimə edilməsi və məhkəmənin onun günahını sübut edib, qərar verməsi lazımdır.
Deməli, prezident Co Bayden "Putin qatildir" deməklə, özünü həm "hakim" elan etmiş, həm də Rusiyanın dövlət başçısı haqqında "qərar" vermiş oldu. Halbuki, ABŞ vətəndaşları onu "dünya məhkəməsi"nə hakim deyil, yalnızca öz ölkələrinə prezident seçiblər. ABŞ prezidentlərinin isə beynəlxalq hakim və ya prokuror səlahiyyətləri yoxdur.
Ancaq bu məsələnin daha bir neçə önəmli məqamı var. Birincisi, Rusiya prezidenti Vladimir Putin Ağ Ev sahibinin təhqiramiz ittihamlarını cavabsız buraxmadı. Əvvəlcə ona sağlamlıq arzuladı. Hər kəskin qarşısındakını məhz özü kimi gördüyünü vurğuladı. Ardınca isə prezident Co Baydeni canlı debata dəvət etdi. Və bu, Kreml sahibini öz rəqibindən ən azı bir addım önə çıxartdı.
Çünki, prezident V.Putin öz cavabında Ağ Ev sahibindən fərqli olaraq, çox etik və kübar cümlələr seçdi. Digər tərəfdən, öz rəqibinə "Sözü deyib, qaçma. Cəsarətin varsa, üzümə söylə..." mesajını vermiş oldu.
Təbii ki, Kreml sahibi ilə canlı debat prezident Co Bayden üçün ən əlverişsiz variant olardı. Hər halda, Ağ Ev sahibi olduqca xoşagəlməz və cavabı sancılı suallarla qarşılaşa bilərdi.
Məsələn, prezident V.Putin soruşa bilərdi ki, Yaponiyaya atılmış iki atom bombasının qurbanlarının qatili kimdir? Əgər, 78 yaşlı Ağ Ev sahibinin tarix bilgisi zəif olardısa, prezident V.Putinin müasir dövrümüzdən də suallar vermək şansı var idi.
O, Yaxın Şərqdə həyatını itirmiş milyonlarla dinc və günahsız insanın qatilinin kimliyi ilə maraqlana bilərdi. İraqda və Suriyada hələ də yüzlərlə müdafiəsiz insanın kimlərin günahı ucbatından qətlə yetirildiyi ilə maraqlanardı. Buna da cavab ala bilməsə, onda daha asan yerdən sual verərək, ABŞ-da hər il onlarla qaradərili vətəndaşın qətlə yetirilməsinin kimlərin vicdanında olduğunu soruşa bilərdi.
Göründüyü kimi, canlı debatda Ağ Ev sahibinin üzləşə biləcəyi suallar yetərincə əhatəlidir. Prezident Co Bayden yeni seçilsə də, bunu anlamayacaq qədər səriştəsiz siyasətçi deyil. Bu baxımdan, onun Kremldən təklif olunan canlı debat ünsiyyətini qulaqardına vurması qətiyyən təəccüblü deyil. Ağ Ev sahibi canlı debata qatılmaqdansa, təyyarəsinə minib, səfərə çıxmağı üstün tutdu. Ancaq təyyarəyə minərkən yıxılmaqla, prezident V.Putini ona sağlamlıq arzu etməsində haqlı çıxartdı.
Ancaq Ağ Ev sahibinin təhqiramiz ittihamları prezident V.Pitin üçün də önəmli bir məqamı ortaya çıxartmış oldu. Bu ittihamlara dünya üzərində yalnız bir ünvandan - Türkiyədən birmənalı və sərt reaksiya verildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev sahibinin ittihamlarının yolverilməz məzmun daşıdığını vurğuladı. Türkiyə lideri, prezident V.Putini açıq şəkildə dəstəkləməklə yanaşı, onun verdiyi cavabın da çox yerində və anlamlı olduğunu qabartdı.
İndi Kremldə Rusiyanın əsl dostları ilə riyakarlar arasında prinsipial fərqləri daha aydın görə bilmək şansı qazanıblar. Hər halda, aydın oldu ki, Rusiyanın Türkiyədən başqa etibarlı tərəfdaşı, Kreml sahibinin isə prezident Rəcəb Tayyib Ərdoğandan başqa güvənə biləcəyi dostu yoxdur. Və bu, prezident V.Putin üçün ən "qaranlıq səhifə" də hesab oluna bilər.
Məsələ ondadır ki, Rusiya mətbuatı və konservativ qüvvələr hələ də Türkiyəni ittiham etmək üçün bəhanə gəzirlər. Türkiyənin Rusiya üçün böyük təhlükə törətdiyini israrla sübut etməyə çalışırlar. Halbuki Rusiya prezidentinin ən ağır günündə məhz Türkiyə lideri Kreml sahibini açıq-aşkar və cəsarətlə müdafiə edir. Üstəlik, prezident Rəcəb Tayyib Ərdoğanın rus həmkarına görə qınadığı dövlət başçısının məhz Türkiyənin müttəfiqi olan ölkənin lideri olduğunu da unutmaq olmaz.
Təbii ki, bu məqamda Rusiyanın müttəfiqlərini xatırlamaq məcburiyyəti ortaya çıxır. Çünki, əslində, prezident V.Putini ilk növbədə Türkiyə lideri deyil, məhz Rusiyanın hərbi müttəfiqləri müdafiə etməlidilər. Məhz onlar hərbi müttəfiq olduqları Rusiyanın prezidentini rəqib superdövlətin - ABŞ-ın prezidenti Co Baydenin ittihamlarından müdafiə etməyə borclu idilər.
Ancaq etmədilər. Hələ də səslərini çıxartmağa cəsarət göstərməyiblər. Halbuki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu quruma üzv dövlətlərə xarici müdaxiləyə dərhal reaksiya vermək öhdəliklərinə malikdir. Ola bilsin ki, qurumun üzvləri Rusiya prezidentinin "qatil" adlandırılmasını əhəmiyyətsiz olay hesab edirlər. Halbuki "qatil" adlandırılan dövlət başçısının ölkəsi ilə hərbi müttəfiqdirlər.
Belə bir sual ortaya çıxır ki, əgər, yaxın vaxtlarda ABŞ Rusiyaya qarşı hərbi müdaxilə qərarı verərsə, KTMT üzvləri bunu əhəmiyyətli olay hesab edəcəklər? Yoxsa yenə də küncə qısılıb, müşahidə mövqeyində qalacaqlar?
Məsələn, cəmisi bir neçə ay əvvəl Ermənistan KTMT öhdəliklərini bəhanə edərək, Rusiyanı Azərbaycan qarşı savaşa cəlb etmək üçün əlindən gələn hər cür təxribatı edirdi. Ancaq indi nə Ermənistan prezidenti, nə də bu ölkənin "İsgəndər partlamır" deyən baş naziri səslərini belə çıxarmırlar.
Göründüyü kimi, Rusiyanın hərbi müttəfiqləri riyakar mövqedədir. Onların heç birisinin Rusiyanı xarici müdaxilədən müdafiə etməyə nə cəsarəti, nə də niyyəti yoxdur. Onlar KTMT-ya sadəcə, Kremlin qoltuğuna sığınıb, həm mümkün xarici müdaxilədən, həm də elə Rusiyanın özündən qorunmaq üçün toplaşıblar. Bu isə mənəvi xəyanətdir.
Böyük ehtimalla əgər, nə vaxtsa Rusiya xarici müdaxiləyə məruz qalarsa, hətta KTMT üzvlərinin öz hərbi müttəfiqinə qarşı əks qütbdə yer ala biləcəkləri də qətiyyən istisna deyil. Yəni, Ağ Ev sahibinin təhqiramiz ittihamları qarşısında səssiz qalmaqla, KTMT üzvləri əslində, gələcəkdə xəyanət edə biləcəklərinin mesajını elə indidən vermiş oldular.
Belə anlaşılır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müdafiəsi olmasaydı, Kreml sahibi Vladimir Putin ABŞ-ın dövlət başçısının qarşısında demək olar ki, təklənmiş vəziyyətə düşəcəkdi.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Tarix: 20-03-2021, 20:44