İrəvan şəhəri
Rusiyanın “Arqumentı-faktı” nəşri SSRİ-nin dağılmasından keçmiş 30 il ərzində Ermənistanda yaşayış səviyyəsi haqqında reportaj dərc edib.
“Report” həmin yazının məzmununu ixtisarla təqdim edir:
İT şirkətində çalışan Riçi Qriqoryan jurnalist olan həyat yoldaşı ilə birlikdə Yerevandan Moskva şəhərinə köçmək niyyətindədir: “Ermənistanı çox sevirəm, amma burada nə özüm, nə də övladlarım üçün gələcək görürəm, Hətta yüksək məvacib alan bir çox tanışlarım da ölkəni tərk etməyi düşünür. Bu fikirlər çox geniş yayılıb”.
Bəzi mənbələrə görə, 1991-ci ildən bu yana Ermənistan əhalisinin üçdə biri qədər, yəni 1 milyon, hətta 1,5 milyon nəfər ölkəni tərk edib.
“Bir qardaşım Amerikada dükan sahibidir, o birisi Rusiyada bar açıb. Uşaqlar Moskvada təhsil alır, qayınatam Fransada yaşayır”, - iş adamı Armen Martirosyan danışır. Ermənistanda kimlərinin qaldığı soruşulur: “Babam qalıb. Bir az zəhmli kişidir, qaynatamla danışmır. Çünki onu da özü ilə Fransaya aparmadı”.
1991-ci ilin 21 sentyabr tarixində Ermənistanda keçirilmiş referendum iştirakçılarının 99,51 faizi ölkənin müstəqilliyinə səs vermişdi. Həmin referendumun üstündən ötmüş 30 ilə yaxın müddət ərzində baş verən dəyişikliklərə dair müxtəlif fikirlər səslənsə də, həmin fikirlərin ortaq məxrəci müstəqilliyin heç də düşündükləri kimi cənnət olmamasıdır.
Birinci Qarabağ müharibəsi dövründə həm Azərbaycan, həm də Türkiyə sərhədlərinin bağlanması üzündən Ermənistan elektrik stansiyalarına mazut və qaz tədarükü kəsildi, ərzaq və benzin idxalı dayandırıldı. 1992-ci ilin noyabr ayından etibarən evlərə gündə bir saat elektrik enerjisi verilirdi. Ona görə də sakinlər gizli şəkildə hökumət binalarından işıq çəkdirir, yaxud sakinlər pul toplayaraq benzin generatoru alırdılar. Yalnız kimsə vəfat edəndə həmin evə elektrik verildiyindən o dövrdə ölünüzü bir günlük verərdiniz, biz də işıq yandıraq zarafatı yarandı.
Yerevanın mərkəzində, hökumət binalarının qarşısında Gümrüdən gəlmiş bir qrup qadın piket keçirirdi. 1988-ci ilin Spitak zəlzələsindən sonra o zamankı SSRİ hökuməti ev-eşiksiz qalanlar üçün təcili surətdə 10 min mənzil tikdirib təhvil vermişdi. Lakin SSRİ dağıldıqdan sonra mənzil tikintisi dayandırıldığından 5 min sakin o gündən bu yana şifer və diktdən qayırılmış daxmalarda, yaxud inşaatçılar üçün vaqonlarda yaşayır.
Nasist əlaltısına heykəl
Ermənistanda mayın 9-u faşizm üzərində qələbə günü kimi ilkin olaraq ləğv edildi, amma hiddətlənən ictimaiyyətin təzyiqi ilə yenidən bərpa edildi. Belə ki, Böyük Vətən Müharibəsində 300 min Ermənistan sakini həlak olub, 84 nəfər Sovet İttifaqı qəhrəmanı fəxri adına layiq görülmüşdü. Bununla yanaşı, Yerevanda 2016-cı ildə Qaregin Nijdenin tunc heykəli ucaldıldı. Heykələ gül-çiçək gətirən 69 yaşlı təqaüdçü Aşot Bağdasaryan deyir: “O, Ermənistanı çox sevirdi, həyatını vətənə həsr etmiş, sadəcə səhv tərəf seçmişdi”.
Xatırladaq ki, ötən əsrin əvvəllərində azərbaycanlıların kütləvi qırğınlarında əli olan Qaregin Nijde II Dünya müharibəsi vaxtı Almaniyanın nasist rejimi ilə yaxından əməkdaşlıq etmiş, Almaniya ordusunda erməni milli legionunun yaradılmasına böyük töhfələr vermişdi.
Sənayesiz ölkə
Hazırda Ermənistanın Rusiyadan idxalatı 1 600 milyon dollar, bu ölkəyə ixracatı isə 800 milyon dollardır. SSRİ-nin süqutu ilə ölkədəki müəssisələrin 80 faizi fəaliyyətini dayandırsa da, ölkənin əsas sərvəti olan məşhur konyak müəssisəsi, həmçinin ayaqqabı istehsalı bütün çətinliklərə tab gətirə bildi.
“Rusiyaya ərik, üzüm, şaftalı göndəririk. Amma bu ixracın istiqaməti çətindir, çünki Türkiyə və Azərbaycan ilə sərhədləri bağlıdır, Gürcüstan da MDB-dən çıxdı. Mallarımız Rusiyaya gedib çıxana kimi ya xarab olur, ya da qızıl qiymətinə minir”, - fermer Sergey Hovanisyan fikirlərini bölüşür.
Qeyd olunanlar nəticəsində 1991-ci ildə az qala hamılıqla tərk etməyə qərar verdikləri Sovet İttifaqı bu gün xatirələrində bolluq, ruzu-bərəkət dövləti kimi canlandırılır.
Tarix: 15-03-2021, 21:03