PAŞİNYANDAN RUSİYANI QICIQLANDIRAN ADDIM – Baş nazir ABŞ Dövlət katibindən nə istəyib?



Martın 7-də Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Erməni mətbuatının yaydığı məlumata görə, tərəflər ikitərəfli əlaqələri müzakirə edib, perspektivdə əməkdaşlığın dərinləşdirilməsinin vacib olduğunu bildiriblər.
Paşinyan Blinkendən Minsk Qrupunun münaqişənin həllindəki rolunun gücləndirilməsi və əsirlərin dəyişdirilməsinə dəstək istəyib.
Müzakirələri şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, telefon danışığı Paşinyanın xahişi ilə baş tutub: “Demək, işin içində ABŞ-ın Ermənistandakı səfirliyi var. Paşinyanın öz təşəbbüsü ilə dövlət katibinə zəng etməsi üçün ABŞ-ın Ermənistandakı səfiri ilə məsləhətləşmələri olub.
Bugünlərdə Paşiyanın ABŞ səfiri ilə görüşü barədə məlumat yayılmadığına görə, böyük ehtimalla məsləhətləşmələr Ermənistanın baş nazirinin müşaviri səviyyəsində həyata keçirilib. Kobud desək, xahiş belə olub ki, “dövlət katibi baş nazirimizlə telefonla danışmağa hazırdırmı?” Vaşinqtondan razılıq gələndən sonra telefon danışığı baş tutub”.
Müzakirəlrə gəlincə, politoloq bildirib ki, Paşinyan “əsirlərə” görə Azərbaycandan şikayət edib, Vaşinqtondan dəstək istəyib.
“Böyük ehtimalla Blinken bu məsələyə reaksiya verməyib, əks halda erməni saytları yazardılar ki, “dövlət katibi əsirlərin qısa zamanda təhvil verilməsini istəyib”, - deyə ekspert qeyd edib.

E. Şahinoğlu vurğulayıb ki, Paşinyan ABŞ-ın ATƏT-in Minsk Qrupundakı rolunu yüksək qiymətləndirib: “Halbuki, vasitəçilərin turist səfərlərini nəzərə almasaq ABŞ-ın Minsk Qrupunda elə bir fəallığı yoxdur. Buna baxmayaraq, Entoni Blinken Ermənistan-Azərbaycan münaqişəsinin həllində rolunu davam etdirməyə hazır olduğunu bildirib. Blinken bununla demək istəyib ki, Vaşinqton Rusiyanın Dağlıq Qarabağ məsələsində təkbaşına fəallığından narahatdır və Amerika da oyundadır”.
Xatırladaq ki, telefon danışığında Entoni Blinken ABŞ-ın demokratiya sahəsində Ermənistana islahatlar aparmaqda və korrupsiya ilə mübarizədə kömək edəcəyini deyib.

Şahinoğlu qeyd edib ki, Blinken bununla faktiki demək istəyib ki, Ermənistanda çevrilişə qarşıdırlar, qanuni hökuməti dəstəkləyirlər və korrupsiyaya bulaşmış, o cümlədən Rusiyaya bağlı qüvvələrin hakimiyyətə gəlişinin əleyhinədirlər: “Dövlət Departamentinin Ermənistana 150 min dollar ayrımasını açıqlaması da bundan xəbər verir. Əlbəttə, Amerika üçün 150 min dolar gülməli rəqəmdir. Ancaq Vaşinqton elə bu məbləğlə demək istəyir ki, Paşinyanı dəstəkləyirlər”.
Politoloq hesab edir ki, Nikol Paşinyanın Blinkenə zəngi və Vaşinqtondan dəstək istəməsi Kremlin xoşuna gəlməyəcək.
“Bunu Paşinyan da anlayır. Ancaq Nikol Paşinyan hakimiyyətini xilas etmək üçün saman çöpündən yapışmağa da hazırdır, sadəcə Vaşinqtonun Cənubi Qafqazda rolu və mövqeyi xeyli azalıb. Balansı qorumaq naminə Vaşinqtondan Bakıya da zəng ediləcəyi ehtimalı yüksəkdir”,-deyə ekspert vurğulayıb.
Tarix: 8-03-2021, 22:05
Xəbəri paylaş



Xəbər lenti