“Rusiya sarsıdıcı zərbə alacaq” - Ukrayna itkiləri olduğu xəbərini təkzib etdi



Ukrayna Daxili İşlər Nazirliyi Donbasın "işğaldan azad edilməsi” barədə ötən il qəbul edilən strategiyanı günü bu gün yerinə yetirməyə hazırdır.
Bu barədə daxili işlər naziri Arsen Avakovun müşaviri Valeri Posteluyko “Obozrevatel” telekalına açıqlamasında bəyan edib. O bildirib ki, bu qərarı Ukrayna prezidenti Vladmir Zelenski və Ali Rada verməlidir.
Onun sözlərinə görə, 2019-cu ildən “Donbasın işğaldan azad edilməsi strategiyası”nı həyata keçirmək üçün hər şey hazırdır. “Bunun tezliklə baş verəcəyinə ümid edirik. Biz əraziləri geri qaytarmağa hazırıq, amma bir şərtlə: əvvəlcə ruslar qoşunlarını, kontingentlərini geri çəkirlər, biz dövlət sərhədinə daxil oluruq, oraya nəzarəti tam bərpa etmək üçün nə lazımdırsa edirik” deyə, nazirin müşaviri bildirib.

Xəbər verildiyi kimi, martın 7-də Ukraynanın ərazisində 7 ildir “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçılar Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurublar. “DXR” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər.
Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri ardıcıl top atəşinə tutulub. Rusiya seperatçıların mənbələrinə istinadən xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib. Rəsmi Kiyev bu xəbərləri nə təsdiq, nə təkzib edir.
Qeyd edək ki, Donbasdakı vəziyyət bir gün əvvəl Minsk razılaşması çərçivəsində danışıqlardan sonra gərginləşib. Danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən sabiq prezident Leonid Kravçuk deyib ki, Kiyev Rusiyanın davranışına görə "radikal addımlar" atmağa hazırdır. Ukrayna təkid edir ki, Rusiya ölkənin cənub-şərqindəki münaqişədə tərəf kimi tanınmalıdır. Rusiya isə Kiyevin “DXR” və “LXR” liderləri ilə danışıqlar aparmalı olduqları iddia edir. Rusiyanın danışıqlardakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov isə münaqişənin alovlanmasında Ukraynanı günahlandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Moskva təmas xəttində artan gərginliyi "dərin narahatlıqla" müşahidə edir. “Donbas ərazisinə Ukrayna silahlı qüvvələri və təmas xəttinə yaxın olan müxtəlif hərbi birləşmələri tərəfindən getdikcə daha çox atəş açıldığını müşahidə edirik. Ukrayna hərbçiləri bəzi bölgələrdə aktivləşib. Bütün bunlar bizim ciddi narahatlığımıza səbəb olur",- deyə, Kreml rəsmisi bildirib.
Rusiyanın da qoşulacağı müharibə haqda isə Ukrayna siyasətçiləri pessimist əhvaldadırlar. Onlar müharibə olacağı təqdirdə ölkənin bəzi ərazilərin itirilməsi təhlükəsi haqda xəbərdarlıq ediblər. Bunlar həm ənənəvi olaraq Rusiya ilə münasibətlərə bağlı olan şərq bölgələri, həm də rumın və macar icmalarının üstünlük təşkil etdiyi qərb bölgələrinin bir hissəsi də ola bilər.
***
22.46
Ukraynanın Birləşmiş Qüvvələrin əməliyyat qərargahının mətbuat mərkəzi axşam saatlarında “Facebook” səhifəsində separatçıların Ukrayna ordusunun ağır itkilər verməsi barədə xəbərlərini təkzib edib. "Ukrayna əsgərləri arasında itki yoxdur" deyə, mətbuat mərkəzindən bildirilib. Əlavə olunub ki, ATƏT nümayəndələri cəbhə bölgəsində gərginliklə bağlı məlumatlandırılıb.

Mk.ru saytı Ukrayna daxili işlər nazirinin müşavirinin açıqlamaları barədə bəzi dəqiqləşdirmələr də edib. Bildirilir ki, daxili işlər naziri Arsen Avakovun müşaviri Valeri Posteluyko açıqlamasında daha sərt danışıb. O nazirindən sitat gətirərək bildirib ki, “ruslar Ukraynaya hərbi hücum etsə, bu, Rusiyaya sarsıdıcı zərbə olacaq”. Müşavir həmçinin hesab edir ki, Ukraynaya aviasiya köməyi ilə hücum edilərsə, bu, Donbasdakı hərbi əməliyyatlarda Rusiyanın iştirakının sübutu olacaq. O əlavə edib ki, Rusiya aviasiya ilə hücum edərsə, Kiyevə Qərbdən də dəstək olacaq və Ukrayna hərbi təcavüzə tutarlı cavab verə biləcək”.Musavat.com
 


Tarix: 8-03-2021, 08:51
Xəbəri paylaş



Xəbər lenti