İsrail hökuməti 7 mart tarixindən etibarən ölkədə karantin məhdudiyyətlərinin yumşaldılması istiqamətində üçüncü mərhələnin başlanılması barədə qərar qəbul edib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.Üçüncü mərhələdə müəyyən məhdudiyyətlərlə restoran, ziyafət salonları, teatr və stadionlar fəaliyyət göstərəcək. Yalnız “yaşıl pasport” - peyvənd sertifikatı olan müştərilərə restoranların daxilində, açıq havada isə istəyən hər kəsə (100 nəfərdən çox olmayaraq – Red) xidmət göstəriləcək. Masalar arasındakı məsafə iki metrdən az olmamalıdır.
Mədəniyyət, idman və ictimai tədbirlər qapalı məkanda keçiriləcəyi təqdirdə iştirakçıların sayı 500 nəfərdən çox olmamalıdır. Açıq havada bu rəqəm 750 olacaq. 10 mindən çox oturacaq tutumlu salonda və stadionda min nəfərə qədər qapalı, 1,5 minə qədər açıq havada ola bilər.Xüsusi qrafiklə işləyəcək quru sərhəd keçidləri ilə israillilərin və yaşayış icazəsi olanların ölkəyə girişinə icazə veriləcək. Bununla birlikdə İsrailə giriş üçün maksimum kvota gündə 3 min nəfər olacaq və Nəqliyyat Nazirliyinin planına uyğun olaraq bu rəqəm tədricən artırılacaq.
Xaricdən qayıdanlar üçün xüsusi otellərdə müəyyən müddət ərzində qalmaq öhdəliyi ləğv ediləcək və bunun əvəzinə İsrail polisi xaricdən gələrək ev təcrid olunanları daha yaxından izləyəcək.
Koronavirusa yoluxma sayı az olan yerlərdə məktəb şagirdləri və universitet tələbələri təhsillərini elm ocağında davam etdirə biləcəklər.
Tarix: 7-03-2021, 16:54