Paşinyanı qoruyan “gizli güc”: “Bu, Rusiyanın əl-qolunu bağladı” - Müsahibə




“Ermənilər bilirlər ki, Sərkisyan, Köçəryan və ya Manukyan hakimiyyətə gəlsə, uşaqları üçün müharibə təhlükəsi olacaq, dövlət korrupsiya və rüşvətin içində boğulacaq. Ermənilər onu da yaxşı bilirlər ki, Ermənistanı ötən illərdə Sərkisyan və Köçəryan talayıb. Müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan da o dəstədəndir. Buna görə də, onlar üçün Paşinyan daha məqbul görünür”.
Yenisabah.az Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin müsahibəsini təqdim edir:

- Ermənistanda baş verən son prosesləri necə qiymətləndirirsiniz, hakimiyyət və müxalifət arasındakı güc mübarizəsi nə ilə nəticələnəcək?
- Azərbaycanla 44 günlük marhibədə ağır zərbələr alan Ermənistanın daxilində ciddi qarşıdurma yaranıb. Savaşdan sonra hakimiyyət və müxalifət arasındakı münasibətlər getdikcə kəskinləşdi. Müxalifətin mütləq əksəriyyəti məğlubiyyətdə Paşinyanı günahkar sayır. Eyni zamanda ölkə kənarında Rusiyanın təsir dairəsində olan oliqarxlar və media təmsilçiləri var ki, onlar da günahkar kimi Paşinyanı görürlər. “Günah keçisi” axtarırdılar və Paşinyanın timsalında bunu tapdılar. Proses ona gətirdi ki, münasibətlər dinc məcradan çıxdı. Nəticədə Ermənistanın hökumət qurumlarının binalarına açıq hücumlar təşkil edilir, Paşinyan aşkar şəkildə ölümlə hədələnir.
Ayrı-ayrı qurumlar, o cümlədən, Silahlı Qüvvələr də Nikol Paşinyanın istefası tələbi ilə çıxış edir. Baş qərargah rəisi Onik Qasparyan da bu marafona qoşulub. Əlbəttə, Paşinyan ona qarşı təzyiqlərə müqavimət göstərir. Baş verənlər onu göstərdi ki, Paşinyanın tərəfdarları onun əleyhdarlarından qat-qat çoxdur. Bunun da səbəbi budur ki, keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryan, habelə sabiq baş nazir Vazgen Manukyan dönəmində Ermənistan daha pis idarə edilib, dövlət qurumlarında korrupsiya halları xeyli yüksək olub. Bu kimi hallar xalqı onlardan narazı salıb. İndi həmin sabiq hökumət başçılarının ətrafında formalaşan müxalifət Rusiyanın da dəstəyi ilə Paşinyana qarşı mübarizə aparır.
- Baş nazirin baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək səylərinə siz də toxundunuz. Maraqlıdır ki, ordu Paşinyan üçün nə qədər təhlükəlidir?
- Əlbəttə, ordu Paşinyan üçün xüsusən də bu həssas məqamlarda təhlükəlidir. Paşinyana qarşı çevriliş təhlükəsinin qarşısını o amil aldı ki, baş verənlərə Avropa Birliyi, ABŞ Dövlət Departamenti və dünyanın ayrı-ayrı güclərindən dərhal reaksiya verildi. Bildirildi ki, əgər zorla hakimiyyət dəyişikliyi olacaqsa, bu, dövlət çevrilişi kimi qiymətləndiriləcək. Bu, həm Rusiyanın, həm Qasparyanın, həm generalitetin, həm də Paşinyanı devirmək istəyən, amma buna gücü çatmayan müxalifətin əl-qolunu bağladı.

Ermənistan tarixində siyasətçilərə və ya hakimiyyətə qarşı terrordan istifadə təcrübəsi var. Vaxtilə parlamenti gülləbaran etmişdilər, bəzi siyasətçiləri sui-qəsd yolu ilə aradan götürüblər. İndi də bu yola əl atmaq istədilər. Çünki seçkilərə getmək istəmirlər, ona görə ki, məğlub olacaqlarını bilirlər. Paşinyanı devirmək istəyən qüvvələr üçün ən “ideal yol” ordunu ələ almaq və zorakılıqla Paşinyanı devirmək idi. Amma Paşinyan müqavimət göstərdi. Görünən budur ki, arxasındakı qüvvələr ona mübarizə aparmaq, geri çəkilməmək əmri verib. Amma vəziyyət getdikcə gərginləşir. Paşinyanın baş verənlərin qarşısında hansı addım atacağını zaman göstərəcək. Məlumdur ki, Paşinyan yenidən prezident idarəetmə sisteminə keçidlə bağlı təşəbbüslə çıxış edib. Bunun hansı nəticə verəcəyi, reallaşıb-reallaşmayacağı qarşıdakı dövrdə məlum olacaq.
- Sizcə, Rusiya istəmir deyə Paşinyanı devirmək mümkün olmur, yoxsa ona verilən güclü dəstək hakimiyyətdəki yerini qorumağa imkan yaradır?
- Paşinyana erməni cəmiyyəti və Qərbdən güclü dəstək var. Paşinyan Sərkisyan və Köçəryandan fərqli olaraq hakimiyyətə inqilab nəticəsində gəlib. Eyni zamanda o, korrupsiya və rüşvətə bulaşmamış adamdır. Yəni xalqın müqayisəsi baxımından, Paşinyan digərlərindən daha üstün mövqedədir. Keçirilən sorğular da, hazırkı baş nazirin reytinqinin keçmiş ölkə rəhbərlərindən daha yüksək olduğunu göstərir. Paşinyanın meydandakı real tərəfdar sayı da digərlərdindən qat-qat çoxdur.
Erməni cəmiyyəti onu da bilir ki, Paşinyan Azərbaycanla müharibə etmək istəmir. Amma onun rəqbiləri hələ də revanş istəklərini dilə gətirirlər. Ermənistanda isə kimsə övladlarının müharibədə ölmələrini istəmir. Buna görə də, ermənilər hesab edirlər ki, Paşinyan Sərkisyan və Köçəryanla müqayisədə daha məqbuldur.
- Erməni xalqı təkcə siz sadaladığınız amillərə görə Paşinyanı dəstəkləyir? Halbuki o, Azərbaycanla müharibədə uduzub, minlərlə əsgər ölüb, minlərlə hərbçi əlil olub, üstəgəl, işğal edilmiş ərazilər əldən çıxıb.

- Məsələ budur ki, Paşinyanın Azərbaycanla müharibədə döyüş meydanında çıxardığı ordu Serj Sərkisyan və Robert Köçəryan dönəmində qurulub, silahlar o dövrdə alınıb, bunun üçün böyük həcmdə maliyyə vəsaitləri xərclənib. İndi bu müharibədəki məğlubiyyətdə Paşinyanın günahı varmı? Bunu erməni xalqı daha yaxşı bilir. Amma həmin cəmiyyətin nöqteyi-nəzərindən digərləri ilə müqayisə ediləndə, Paşinyan daha məqbul görünür. Yenə də deyirəm, Paşinyan Sərkisyan və Köçəryandan fərqli olaraq, adı korrupsiya və rüşvətdə hallanmamış adamdır. Ermənilər onu da bilirlər ki, Sərkisyan, Köçəryan və Manukyan olsun, hakimiyyətə gəlsə, uşaqları üçün müharibə təhlükəsi olacaq, dövlət korrupsiya və rüşvətin içində boğulacaq. Ermənilər onu da yaxşı bilirlər ki, Ermənistanı ötən illərdə Sərkisyan və Köçəryan talayıb. Müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan da o dəstədəndir.
Bizə maraqlı olan bu məsələdir ki, Rusiya aşkar şəkildə Paşinyanı devirmək istəyir. Paşinyanın istefası ilə çıxış edən 13-14 müxalifət partiyası da Rusiyaya bağlıdır və onun tərəfindən maliyyələşdirilir. Rusiya da bölgədəki nüfuz dairəsini saxlamaq və mövqelərini daha da gücləndirmək üçün özünə uyğun siyasətçiləri Ermənistanda hakimiyyət başına gətirmək istəyir. Paşinyan isə Qərbdən dəstəklənir. Paşinyan hər nə qədər özünü Moskvaya tabe olurmuş kimi göstərsə də, Kremldə ona inanmırlar. Qərb də bunu anlayır ki, Rusiya bu səbəbdən onu devirmək niyyətindədir. Rusiya ilə yanaşı Qərb də ona çalışır ki, əgər Paşinyan devriləcəksə, yerinə onun xəttində olan başqa bir siyasətçi iqtidara gəlsin. Buna görə qüvvələr arasındakı münasibətlər kəskinləşib. Amma hesab edirəm ki, Paşinyanı dinc yolla devirmək mümkün olmayacaq. Bunu ancaq terror və ya zorakılıq yolu ilə edə bilərlər.
- Bəs Rusiya Paşinyanın yerində kimi görmək istəyərdi?
- Rusiyanın variantları çoxdur. Məsələn, Köçəryan da, Sərkisyan da, elə Manukyan da onun namizədidir. Gənc nəsil siyasətçilər arasında da Rusiyaya uyğun namizədlər var. Üstəgəl, müxalifətdəki partiyaların mütləq əksəriyyəti Rusiyanın nəzarətindədir. Köçəryan Rusiyaya daha yaxın namizəd kimi görünə bilər, amma Kremlin sürpriz namizədlərinin olduğu da istisna deyil. /Teleqraf
Tarix: 3-03-2021, 22:21
Xəbəri paylaş



Xəbər lenti