İrəvanda etirazlar, 25 fevral, 2021
Dünən Yerevanda həm müxalifət, həm də Baş nazir Nikol Paşinyan mitinq keçirib.
17 siyasi partiyanın təmsil olunduğu "Vətənin Xilası Hərəkatı" Paşinyanın istefası tələbilə keçirilən 5-ci mitinqi keçirdi.
Hərəkatda cəmləşən qüvvələr Paşinyanın dərhal istefaya çıxmasını tələb edir, həmçinin Baş nazirin istefası tələbilə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargahına tam dəstəyini bildirir.
Ermənistan Milli Təhlükəsizlik Şurası bəyanat yayaraq, ordunu "siyasi proseslərə cəlb etmək" cəhdlərini pisləyib və Prezident Armen Sarkisyanı Baş nazir Paşinyanın Baş qərargah rəisi Onik Qasparyanın istefası haqqında fərmanını imzalamağa çağırıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Yerevanın Respublika Meydanında keçirilən mitinqdə “müxalifət razılaşarsa, biz növbədənkənar seçkiyə hazırıq" deyib, o, həmçinin, ölkə konstitusiyasına dəyişiklik edilməli olduğunu açıqlayıb.
Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info-ya bildirib ki, dünən keçirilən mitinqlər Ermənistanda baş nazir- Prezident və Baş nazir-Baş Qərargah arasında narazılığın pik nöktəsini göstərmiş oldu: “Dünən İrəvanda 3 mitinq keçirildi. Öncə Ermənistanın ilk prezidenti Levon Ter- Petrosyanın rəhbərlik etdiyi partiya mitinq keçirdi. Sonra isə "Vətənin Xilası Hərəkatı" mitinq təşkil etdi.
Anar Əliyev
Daha sonra isə Nikol Paşınyan xalqın dəstəyi üçün tərəfdarlarını mitinqə toplayacaq.
Paşinyanın mitinqindən öncə keçirilən mitinqlərdə iştirak edənlərin ümumi sayı Paşinyanın keçirdiyi mitinqdə iştirak edənlərdən dəfələrlə az idi. Bu isə o düməkdir ki Ermənistan xalqı rəqiblərindən çox Paşinyana etibar edirlər. Paşinyan mitinqdə xalqın istəyi kimi həyata keçirəcəyi bir neçə addımları qeyd etdi. O, ilkin seçkilərlə bağlı anonsu verdi. Eləcə də, Konsititusiyaya dəyişikliklərilə bağlı referendum keçiriləciyink bildirdi. O, böhrandan çıxış üçün Konsititusiyanı zəif qanun toplusu adlandırıb və prezident səlahiyyətlərinin artırılacağını bildirdi.
Paşinyanın mitinqdən öncə Rusiya prezidenti Putinlə danışması, xüsusən “İsgəndər” raket kompleksi barədə dediyi fikirlərə görə, üzrxahlıq etməsi, Ermənistan prezidenti ilə görüşməsi və buradan daha üstün vəziyyətdən çıxması və mitinqə bu əhval-ruhiyyədə getməsi onu göstərdi Paşinyanın mövqeləri daha da artıb. O, tezliklə rəqibləri üzərinə əzici qələbə çalacaq. Bu, region üçün çox məqbul nəticədir”.
A.Əliyev qeyd edib ki, Baş nazir Paşinyan Ermənistanda baş verən prosesləri hələ ki nəzarətdə saxlamağı bacarır: “Paşinyan bu prosesləri idarə edə biləcək səviyyəyə gətirib hakimiyyətini qoruyub saxlaya biləcəksə, xüsusilə Azərbaycan və Türkiyəyə yaxınlaşmaq istiqamətində çox ciddi addımların şahidi ola biləcəyik.
Paşinyanın mövqeyini zəiflədən elementləri, vəziyyətini ağırlaşdıracaq amilləri sadalamaq istəyirəm.
Birincisi, ordu. Genaralitet, yüksək rütbəli zabitlər bu gün Paşinyanın devrilməsində maraqlıdır. Onlar bilirlər ki Paşinyan bu proseslərdə qalib gəlsə, Baş Qərargahda ciddi təmizləmələr gedəcək. Generalların demək olar ki hamısı istefaya göndəriləcək. Əksəriyyəti isə həbs olunacaq. Odur ki onlar özlərini qorumaq üçün mübarizə aparırlar.
İkincisi, Rusiya amili. Rusiyanın Xarici İşlər Nazirliyi etiraz aksiyaları Ermənistanın daxili işi adlandırıb və buna müdaxilə etmir deyə açıqlama verdi. Siyasi dildə Rusiyanın Paşinyanın əleyhdarlarına açıq şəkildə dəstək verməməsinin göstəricisi idi. Amma Rusiya hərbi elitasının Ermənistanın Baş Qərargahına təsir imkanları heç kim inkar etmir.
Üçüncü amil isə Ermənistanın qorxaq prezidentinin açıq-aşkar Paşinyana qarşı çıxması, Baş nazir Baş Qərargah rəisinin istefaya göndərilməsilə bağlı müraciətini geri qaytarmasıdır.
Paşinyanın komandasında istefalar davam edir. Xüsusən, Xarici İşlər Nazirliyində olan istefalar onun komandasını zəiflədir”.
Politoloq A.Əliyev bildirib ki, Paşinyanı siyasi mübarizədə öndə olmağına əsas verən amillər var: “Cəmiyyət Paşinyanı xalq arasından çıxmış adam kimi qəbul edir. Rəqiblərinə münasibətdə Paşinyanı təmiz şəxs kimi qiymətləndirirlər.
Onun əsas rəqibləri Qarabağ klanı və onun arxasında dayanan qüvvələrdir ki onlar korrupsiyaya bulaşmış, ağır cinayətlər törətmiş şəxslərdir”.
İlyas Hüseynov
Politoloq İlyas Hüseynov bildirib ki, Ermənistanda siyasi gərginlik 10 noyabr bəyanatından sonra davam edir: “Müxalifətin əsas tələbi baş nazir Nikol Paşinyanın hakimiyyəti təhvil verib getməsi ilə bağlıdır. Bu gün siyasi gərginlik pid həddinə çatıb.
2008–ci ilin 1 mart hadisələrinə görə Ermənistanın keçmiş prezidentləri Köçaryan və Sərkisyana qarşı cinayət işi açılıb.
Dövlətin konstitusional əsaslarını sarsıdmaq, dövlət çevrilişi üçün fəaliyyət həyata keçirməklə bağlı “Vətənin xilası uğrunda” hərəkatın rəhbəri Ermənistanın keçmiş baş naziri və keçmiş müdafiə naziri Vazgen Manukyana qarşı cinayət işinin qaldırılacağı ilə bağlı mediada məlumatlar dolaşır.
Paşinyan hakimiyyətdə ona qarşı çıxan qüvvələri müxtəlif vasitələrlə vəzifədən uzaqlaşdırmağa da hazırdır”.
Ermənistanda baş verən prosesləri izləyən jurnalist Asif Nərimanlı bildirib ki, ordu və hökumət arasında gərginlik pik həddədir: “Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan baş nazir Paşinyanın, Paşinyan isə onun istefasını tələb edir. Hər iki tərəf bilir ki hansı istefa versə, həbs oluna bilər.
Mümkündür ki Rusiyanın vasitəçiliyi ilə sakitlik müəyyən müddət bərpa oluna bilər. Bu müddətdə Qasparyan və Paşinyan öz vəzifəsində qala bilər.
Amma gec-tez gərginlik yenidən başlayacaq. Qarşıdurma küçələrdə davam edəcək”.
Tarix: 2-03-2021, 15:52