Politoloq Ermənistanda baş verən hadisənin əsas səbəblərini açıqladı


“Paşinyanın indiki mərhələdə istefaya göndərilməsi Rusiyanın maraqlarına cavab vermir”.

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Ermənistanda baş verən son hadisələri şərh edərkən deyib.
Onun sözlərinə görə, əslində Ermənistanda baş verənlər gözlənilən idi: "Belə ki, son hadisələr, bəyanatlar və qarşılıqlı ittihamlar gec-tez belə bir halın baş verəcəyin ehtimal etməyə imkan verirdi. Generallar Ermənistan baş nazirinin və hökumətinin hazırki dövrdə adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını bəhanə gətirərək, Paşinyanın və bütövlükdə hökumətin istefasını tələb edirlər. Bundan qabaq isə onların tələbləri müdafiə xərclərinin, eləcə də dövlət büdcəsindən orduya ayrılan vəsaitin artırılmasından ibarət idi. Ordu rəhbərliyinin imzaladığı bəyanatda qeyd edilir ki, Baş Qərargah əsassız və hədəfi olmayan qərarlara, o cümlədən Baş Qərargah rəisinin müavininin işdən azad edilməsinə etiraz edir. Əslində isə məsələ kiminsə istefaya göndərilməsindən doğan narazılıq deyil"
Y. Bağırzadə bildirib ki, Ermənistanda etirazın əsas səbəbi Qarabağ və İrəvan klanları arasında gedən hakimiyyət uğrunda mübarizədir: "Ordu rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti Köçəryan-Sarkisyan klanına daxil olan şəxslərdən ibarətdir. Uzun müddətdir ki, hakimiyyəti əldən vermələri ilə barışmayan qüvvələr Ermənistanın məğlubiyyətindən sonra xalqı Paşinyana qarşı qaldırmağa cəhd edərək hakimiyyəti yenidən ələ keçirməyə çalışırlar. Lakin kütlənin böyük əksəriyyətinin Paşinyanı müdafiə etməsi onları ordunun gücündən istifadə etmək məcburiyyətində qoyub. Ordu rəhbərliyinin eyni qaydada həm də Rusiyaya yaxın olan insanlardan ibarət olduğunu nəzərə alsaq, onda ortaya maraqlı sual çıxır. Ordu rəhbərliyinin məhz indi istefa tələbi ilə çıxış etməsi Paşinyanın Rusiyanın “İskəndər” raket kompleksinin yararsız olması ilə bağlı bəyanatına cavabdırmı, yoxsa ordu rəhbərliyi bu addımı Paşinyanı devirmək üçün Rusiyadan yardım almaq məqsədilə edib?

Düşünürəm ki, indiki mərhələdə Paşinyanın istefası Rusiyanın maraqlarına cavab vermir. Çünki bu gün Ermənistanda Rusiyaya yaxınlığı ilə seçilən siyasilərdən heç birinin nüfuzu yoxdur. Paşinyanı dəyişmək üçün isə Rusiyaya ən azından reytinq baxımından Paşinyana yaxın ola biləcək bir fiqur lazımdır. Nə qədər ki, belə bir fiqur yoxdur, Rusiya Paşinyana qarşı açıq şəkidə hərəkətə keçməyəcək. Ordunun istefa tələbi ilə çıxış etməsi isə olsa-olsa Paşinyana “İskəndər”lə bağlı qulaqburması vermək cəhdindən başqa bir şey deyil. Ordu rəhbərliyi və hökumət arasında davam edən mübarizənin Paşinyanın istefası ilə nəticələnəcəyini düşünmürəm. Paşinyan xalqa müraciətində də baş verənləri dövlət çevrilişinə cəhd olaraq qiymətləndirərək sonacan mübarizə aparacağını dedi. Xalqı meydanlara toplayaraq faktiki olaraq Baş Qərargaha qarşı əks hücum etdi. Amma Paşinyandan fərqli olaraq, generallar qoşunları küçələrə çıxarmağa cürət etmədilər, bu isə o deməkdir ki, onlar ordunun xalqla üz-üzə dayanacağına əmin deyillər. Paşinyanın mövqelərini möhkəmləndirən amillərdən biri də qiyamçıların məhz Qarabağ müharibəsində biabırcasına məğlub olan ordu generalları olması ilə bağlıdır. Çünki vətəndaşlar yaxşı başa düşür ki, Ermənistanı ilk növbədə birbaşa qoşunları və hərbi əməliyyatları idarə etmək öhdəliyi olan hərbi komandanlıq məğlubiyyətə düçar edib. İkinci növbədə ölkəni çürüdən Qarabağ klanı tərəfindən işğal edilmiş, Ermənistan cəmiyyəti ilə münaqişəyə girmiş əvvəlki korrupsioner hakimiyyət buna şərait yaradıb".

Politoloq qeyd edib ki, bu məsələdə bizim üçün vacib məqamlardan biri Ermənistan baş nazirinin 44 günlük müharibə zamanı Azərbaycana qarşı “İsgəndər” zenit raket komleksindən istifadə etdiklərini etiraf etməsi ilə bağlıdır: "Azərbaycan olaraq dəfələrlə Ermənistanın adı çəkilən silahdan istifadə etdiyini desək də həm indi Paşinyana müxalif olan qüvvələr, həm də Paşinyan hakimiyyəti bunu inkar edirdilər. İndi isə ordu rəhbərliyi də, Paşinyan da həqiqətən də bu silahdan istifadə etdiklərini etiraf edirlər. Bildiyiniz kimi, adı çəkilən raket kompleksi ballistic raket kompleksidir və 500 kilometr məsafədə hədəfləri vurmaq üçün nəzərdə tutulub. Dağlıq Qarabağ ərazisindəki separatçı rejimin ordu arsenalında belə bir silahın olmaması o anlama gəlir ki, həmin raketlər məhz Ermənistan ərazisindən atılıb. Hər nə qədər Rusiya Müdafiə Nazirliyi Ermənistanın müharibə dövründə həmin raketdən istifadə etmədiyini desə də, rus hərbi ekspert Aleksandr Mixaylovski "Moskovski Komsomolets" nəşrinə verdiyi müsahibədə raketin atıldığını təsdiqləyib. O bildirib ki, 10 noyabrda Ermənistan Azərbaycan ərazilərinə və o cümlədən də Bakıya tərəf bir neçə raket atıb və həmin raketlər Azərbaycanın raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Bu fakt Ermənistanın Azərbaycana qarşı təcavüz aktının birbaşa təsdiqi kimi qiymətləndirilməlidir və bu təsdiqin birbaşa həmin ölkənin baş nazirindən gəlməsi təcavüz aktının dövlət rəhbərliyi səviyyəsində baş verdiyini deməyə əsas verir.

Son olaraq bir daha qeyd etmək istəyirəm ki, Paşinyanın istefa verəcəyini düşünmürəm. Bizim üçün məqbul olanı onun hakimiyyətdə qalması və imzaladığı bəyanatlarda götürdüyü öhdəlikləri yerinə yetirməsindən ibarətdir. Ancaq hətta İrəvanda hakimiyyət dəyişikliyi baş verəcəksə belə bu, Qarabağla bağlı razılaşmalara zərər verməyəcək, çünki Ermənistanın cəbhədəki vəziyyəti kökündən dəyişdirmək üçün nə imkana, nə də resurslara sahibdir”.
Tarix: 26-02-2021, 22:10
Xəbəri paylaş



Xəbər lenti