Gürcüstanda polis müxalifətin ofisinə basqın edib, Melia saxlanıb
Gürcüstan polisi müxalifət lideri Nika Melianın ofisinə basqın edib, onu həbs edib. Fevralın 23-də səhər tezdən keçirilən reyddə gözyaşardıcı qazdan istifadə olunub. Bir neçə gün öncə tanınmış siyasətçi barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Baş nazir Giorgi Qaxariya istefa verdi. Birləşmiş Milli Hərəkat (BMH) adlı müxalifət partiyasının lideri olan Melia 2019-cu ilin iyununda küçə etirazları zamanı zorakılığı qızışdırmaqda ittiham olunub. O, ittihamı siyasi motivli hesab edir. Müxalifətin onlarla tərəfdarı saxlanıb Ötən həftə Tbilisi məhkəməsi siyasətçinin girov pulunu ödəmədiyini əsas gətirərək onun saxlanması barədə qərar çıxarıb. Qaxariyanın istefasından sonra Daxili İşlər Nazirliyi Melianın saxlanmasını təxirə saldığını bəyan etdi.
Televiziyada canlı yayında polisin Melianı partiya qərargahından sürüyərək çıxardığı görünür. Yüzlərlə polis əməkdaşı Melia tərəfdarlarına, ölkənin müxalifət partiyalarının liderlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlar fevralın 17-dən qərargahın qarşısında gecələyirlər. Müxalifətin onlarla tərəfdarı saxlanıb. “Bu səhər BMH qərargahı qarşısında baş verənlərdən sarsıldıq. Hazırda Tbilisidə zorakılıq və xaos Gürcüstana lazım deyil. Bütün tərəfləri indi və növbəti günlərdə təmkinli olmağa çağırıram”, – Britaniyanın səfiri Mark Kleyton Twitter-də yazıb. Parlament hökuməti təsdiqləyib Melianın həbsindən bir gün öncə Gürcüstan parlamenti Baş nazir İrakli Qaribaşvili hökumətini təsdiqləyib. O, Qaxariyanın fevralın 18-də istefasından sonra bu posta təyin olunub. Qaxariya istefasını Melianın saxlanması üzrə öz komandasında fikir ayrılığı ilə izah edirdi. Qaribaşvilinin kabinetinə 150 üzvlük parlamentdə 89 deputat səs verib, ikisi qarşı çıxıb. BMH və daha kiçik partiyalar isə prosesi boykot edir.
Ötən oktyabrda parlament seçkilərini hakim “Gürcü Arzusu” partiyası udandan sonra 3.7 milyon əhalisi olan ölkədə siyasi böhran yaranıb. Müstəqil müşahidəçilər seçkidə pozuntular olduğunu deyiblər. Qaxariya bildirib ki, Melianın həbsi ölkədə siyasi ziddiyyəti qızışdıracaqsa, baş verməməlidir. Azadlıq radiosu