Sabir Prezidentin vəkilləri parlamentin qərarından məhkəməyə şikayət edəcəklər Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin vəkilləri, siyasətçinin 2014-cü ildə Maydan hadisələri zamanı insanların ölümündə günahkar olmadığını iddia edirlər. AYNA xarici mediaya istinadən bildirir ki, vəkillər Ukrayna Ali Radasının qərarından apellyasiya şikayəti vermək niyyətindədirlər.
Sabiq dövlət başçısının maraqlarını müdafiə edən "Aver Lex" Hüquq Firması açıqlama verib ki, Ukrayna Parlamentinin qərarı ölkə Konstitusiyasına ziddir.
“Yaxın vaxtlarda Ali Rada ilə bağlı məhkəməyə müraciət olunacaq. Lazım gələrsə, iş Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək”, - deyə Firmadan bildirilib.
Qeyd edək ki, Ali Rada 17 fevral tarixində Maydan hadisələrində nümayişçilər və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölümündə məsul olanlar barədə qərar qəbul edib. Sənəddə, Ukraynada rəsmi olaraq “Ləyaqət inqilabı” adlandırılan 2013-2014 hadisələri qiymətləndirilir. Qeyd edilir ki, keçmiş Prezidentin V.Yanukoviç Rusiya tərəfindən dəstəklənən və Ukraynanın milli maraqlarına zidd hərəkət edən cinayətkar rejimin formalaşmasında günahkardır.
Tarix: 19-02-2021, 22:52