Tbilisidə nə baş verir: Türkiyə-Azərbaycan-Gürcüstan ittifaqımı devrildi?


 
İnanıram ki, ölkə daxilindəki qarşıdurma Gürcüstanın gələcək demokratik və iqtisadi inkişafını təhdid edir. Buna görə də vəziyyətin qütbləşməsini və gərginləşməsini azaltmaq ümidi ilə istefa edirəm”.
 
Ovqat.com xəbər verir ki, Gürcüstanın Baş naziri Giorgi Qaxariya Twitter səhifəsində bu bəyanatla çıxış edib.
 
Məlumata görə, hakim Gürcü Arzusu partiyası Qaxariyanın yerinə Müdafiə naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb. Yeni namizəd də öz növbəsində vəzifəyə gələcəyi təqdirdə ölkədə asayişi bərpa etmək niyyətində olduğunu söyləyib.
 
Namizədliyi parlament tərəfindən qəbul edilərsə, bu, İrakli Qaribaşvilinin ikinci Baş nazirlik müddəti olacaq. O, 2013-2015-ci illərdə də Gürcüstan hökumətinə rəhbərlik edib.
 
Bildirildiyinə görə, Qaxariya bu səhər hökumət komandası ilə fikir ayrılıqlarına görə istefa etdiyini açıqlayıb. Onun öz komandası ilə yolları ayırdığı xəbərləri isə ilk dəfə hələ 12 fevralda gündəmə gəlmiş, Baş nazir bu məlumatı təkzib etmişdi.


 
Qaxariyanın fikir ayrılıqlarının müxalifət lideri, Birləşmiş Milli Hərəkatın sədri Nika Meliyanın həbsi ilə əlaqəli olduğu bildirilir. Belə ki, Gürcüstan Məhkəməsi keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı Birləşmiş Millət Hərəkatı Partiyasının sədri Nika Meliyanın həbsinə qərar vermişdi. Nika Meliyanın deputat toxunulmazlığın 16 fevral tarixində əlindən alınmış, bir gün əvvəl isə prokurorluq onun barəsində həbs qətimkan tədbiri seçdmişdi. İstefaya gedən Baş nazirin sözlərinə görə, guya, bu həbs qərarı onu istefa ərizəsi yazmağa vadar etmişdir. Təbii ki, Baş nazirin bir müxalif liderin həbsinə görə istefaya getməsi səbəbdən çox, bəhanəyə bənzəyir.
 
Qeyd edək ki, Nika Meliya anti-rus mövqeyi ilə tanınır. O, 2019-cu ilin yayında iğtişaşlar törətməkdə və Rusiya əleyhinə aksiyalar təşkil etməkdə günahlandırılırdı. Meliya həmin il həbs olunmuş, daha sonra girov müqabilində sərbəst buraxılmış və qoluna elektron qolbaq taxılmışdı. Məhkəmənin qərarı ilə gürcü siyasətçi cəza müddəti başa çatanadək elektron qolbağını qolundan çıxarmamalı idi.
 
Di gəl ki, ötən il keçirilən parlament seçkilərindən sonra Meliya yenidən Vahid Milli Hərəkatın partiya siyahısında millət vəkili oldu və əsl həngamə də məhz bundan sonra qopdu. Müxalifətin təkrar seçki tələb etdiyi mitinqlərin bilində Melia etiraz əlaməti olaraq elektron qolbağını çıxartdı və nümayişçilərə atdı. Bununla da siyasətçinin həbsi proseduru başlanıldı.


 
Gürcüstanda siyasi qalmaqalların hökumətin istefası ilə nəticələnəcək səviyyədə böyüməsinin zamanlaması da maraqlıdır. Bəllidir ki, NATO qüvvələri Qara dənizdə fəallaşır, ABŞ hökuməti Ukrayna ilə yanaşı Gürcüstanın da ərazi bütövlüyünün təmin olunmasını tələb edir, Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Tam da bu sırada Gürcüstanın hüquq mühafizə orqanları Qərb yönümlü mövqeyi ilə seçilən Nika Meliyanın həbsinə qərar verir və ölkənin Baş naziri “siyasi qarşıdurmalara” etiraz edərək istefaya gedir. İlk baxışdan, baş verəcək hadisələrdə rol almaq istəmir, ölkədə hökumət böhranı yaradaraq, təkrar seçkilərin qapısını aralayır. Əsl həqiqətdə isə Gürcüstandakı siyasi qarşıdurmaları daha da körükləyir.
 
Xatırladaq ki, Dağlıq Qarabağdakı son döyüşlər də Rusiyanın Cənubi Qafqazdan çıxarılması planının tərkib hissəsi təəssüratı yaradırdı. Bu savaşdan sonra Türkiyə prezienti Rəcəb Tayib Ərdoğan regional əməkdaşlıq üçün 3-tərəfli və 6-tərəfli ittifaqların yaradılmasını təklifini irəli sürmüşdü. Maraqlıdır ki, bu gün Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin Bakıya gələcəyi və paytaxtımızda Türkiyə və Azərbaycanlı həmkarları ilə görüşü gözlənilirdi. Görüş əvvəlcədən müəyyənləşdirilməmiş və xəbəri sadəcə dünən birdən-birə yayılmışdı. Sanki tərəflər ya qəsdən bunu gizli tutur, ya da bu barədə təcili qərar vermişdilər. Görüş baş tutmamış Gürcüstandan istefa xəbərləri gəldi və David Zalkalianinin də səfəri təxirə salındı. Sanki hansısa gizli bir əl Bakıda keçirilməsı planlaşdırılan 3-tərəfli görüşün qarşısını aldı. Gürcüstanın artıq sabiq Baş nazirinin istefa qərarının əsl səbəbinin Bakıda keçirilməsi gözlənilən Xarici İşlər nazirlərinin görüşlərinin pozmaq olub-olmadığı, yəqin ki, yaxın zamanlarda aydınlaşacaq.
 
Heydər Oğuz




Tarix: 19-02-2021, 00:14
Xəbəri paylaş



Xəbər lenti