Avropa Məhkəməsi Navalnının dərhal azad olunmasını tələb edir
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyadan müxalifətçi Aleksey Navalnının vəsatətinə cavab olaraq onun dərhal azad olunmasını tələb edib. Bu sənədin surəti Navalnının saytında dərc olunub. Məhkəmənin reqlamentinə görə o müstəsna hallarda vəsatətin təmin edilməsi tədbirləri barədə qərar qəbul edə bilər. Belə qərarların icra olunması cavabdeh tərəf üçün icbaridir. Bu addım həmin hallarda atılır ki, vəsatətin təmin edilməməsi onu verənin həyatı üçün birbaşa risk yaradır. Lakin Rusiya Ədliyyə Nazirliyi bu yaxınlarda bildirib ki, belə bir tələbi yerinə yetirməyəcək. Moskva məhkəməsi bu ay Navalnının 2 il 8 ay müddətində koloniyaya göndərilməsi barədə hökm çıxarıb. Məhkəmə bu hökmü verərkən Navalnıya qarşı 2014-cü ildə dələduzluq ittihamı ilə çıxarılmış qərarı əsas götürüb. Rusiyanın “qırmızı xətti” AİHM-in 2017-c ildə qəbul etdiyi qərarda deyilirdi ki, 2014-cü ildə Fransanın İv Roşe şirkəti ilə bağlı hökm çıxarılarkən Navalnının ədalətli mühakimə hüququ pozulub. Aleksey Navalnı bu iş üzrə 3 il 6 ay müddətinə şərti cəza almışdı. Maraqlıdır ki, AİHM-in 2017-ci il qərarından sonra Navalnıya təzminat ödənmişdi. Bununla belə, Rusiya Ali Məhkəməsi hökmü qanuni saymış və onu ləğv etməkdən imtina etmişdi. Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsi fevralın 17-də TASS xəbər agentliyinə deyib ki, nazirlik AİHM-in dərhal azadolunma barədə qərarını “əsassız” sayır və bunu “suveren dövlətin məhkəmə sisteminə müdaxilə kimi qiymətləndirir”. Nazirlik bildirib AİHM-in hökmü icra edilə bilməz və bu hökm əslində Moskvanın qoyduğu “qırmızı xəttin” keçilməsidir. Rusiyanın Avropa Şurasındakı səlahiyyətləri dayandırıla bilər Fevralın əvvəllərində Avropa Şurası Nazirlər Kabineti AİHM-in qərarının icra olunmaması ilə bağlı Navalnının şikayətini qəbul etmişdi. O vaxt Navalnı tərəfdarları bildirmişdilər ki, Rusiya hakimiyyəti AİHM-in qərarlarını nəzərdən keçirmək belə istəmir. Əgər Komitə Navalnının şikayətini əsaslı sayarsa, onda AİHM-də bu məsələyə bir də baxılacaq. Bu isə Rusiyanın Avropa Şurasındakı səlahiyyətlərinin dayandırılması məsələsini gündəmə gətirə bilər. Navalnının koloniyaya göndərilməsi barədə hökm hələki qüvvəyə minməyib. Azadlıq radiosu