YALANÇI, QORXAQ, HƏM DƏ KORRUPSİONER... – Ermənilərin nifrət etdiyi Serj Sarqsyan bəraət istəyir



Təkcə Azərbaycana deyil, Ermənistana və ermənilərə qarşı da çoxsaylı cinayətlər törətmiş sabiq prezident Serj Sarqsyanın ölkə televiziyalarının birinə son müsahibəsi bir çox detalları ilə diqqət cəlb edib. Özünü erməni cəmiyyətinə “qəhrəman” kimi təqdim etmək istəyən, lakin xalqın ona olduqca mənfi münasibətini də yaxşı anlayan Sarqsyan növbəti dəfə 44 günlük müharibədəki acı məğlubiyyətə görə bütün məsuliyyəti Nikol Paşinyanın üzərinə atmağa çalışıb. Və bir növ bununla da uzun illər Azərbaycanla danışıqlarda, Robert Koçaryan da daxil olmaqla, “Qarabağ klanı” tərəfindən tutulan qeyri-konstruktiv, əvvəl-axır müharibəyə gətirib çıxaracağı şübhə doğurmayan mövqeyə, ordudan tutmuş iqtisadiyyata qədər bütün sahələri bürüyən korrupsiyanın başında durmasına və digər cinayətkar əməllərinə görə bəraət almağa çalışıb...
Lakin erməni cəmiyyətində bu müsahibə birmənalı qarşılanmayıb. Məsələ ondadır ki, Sarqsyana həm Ermənistanın gələcəyini Avropa və ümumilikdə Qərbə inteqrasiyada görən Paşinyan tərəfdarları, həm də köhnə hakimiyyətə - “Qarabağ klanı”na stavka edənlər nifrətlə yanaşır. Birincilər ona görə nifrət edirlər ki, Sarqsyanı özündən əvvəlki cinayətkar Koçaryan hakimiyyətinin davamçısı, saxtakar, korrupsioner sayırlar. “Məxməri inqilab” da məhz onun hakimiyyətinə qarşı baş vermiş, Sarqsyanın istefasıyla nəticələnmişdi.
İkincilər isə onu qorxaqlıqda, sona qədər mübarizə aparmamaqda, haklimiyyəti Paşinyan kimi “küçədən gələn” birinə təhvil verməkdə və bununla da Ermənistanın Azərbaycan qarşısında biabırçı məğlubiyyətinin, kapitulyasiyasının bünövrəsini qoymaqda günahlandırırlar. Erməni siyasi elitasındakı bu cinahın bəzi nümayəndələri hətta Paşinyanı məhz Sarqsyanın “layihəsi” hesab edirlər.
Maraqlıdır ki, qeyd etdiyimiz son müsahibədə bununla bağlı iddialara cavab verən Sarqsyan Paşinyanı “anlaşılmazlıq” adlandıraraq, “heç düşmənə də belə bir “anlaşılmazlığı” (Paşinyanı nəzərdə tutur-red.) arzu etmərəm” deyə bildirib. O, 2018-ci ildəki “məxməri inqilabı” daha çox “anti-Qarabağ” hərəkatı hesab etdiyini və bu hərəkatın artıq məqsədinə çatdığını söyləyib. Bəs bunu bilə-bilə niyə hakimiyyəti Paşinyana ötürdüyünə dair suala cavab verərkən isə sabiq prezident deyib ki, hakimiyyəti Paşinyana deyil, Karen Karapetyana (o vaxtkı Baş nazir-red.) təhvil verib. Sarqsyan bunun ardınca utanmadan minnət qoyaraq deyib ki, iki prezidentlik müddətindən sonra Baş nazir olmağa onu çətinliklə razı salıblarmış. Guya o, hakimiyyətlə vidalaşmaq istəyirmiş, lakin ölkənin maraqları naminə Baş nazir postunda oturmalı olub: “Yaranmış geopolitik reallıq və “baş müzakirəçi”nin (ölkə başçısının-red.) dəyişməsinin nizamlama prosesinə neqativ təsir edəcəyinə, ölkə üçün ağır nəticələr yaradacağına əmin olduğum üçün Baş nazir olmağa razılıq verdim. Lakin hərəkatın belə bir finalla sonuclanacağını heç kim proqnozlaşdıra bilməzdi”.
Ancaq Ermənistanda hamı yaxşı bilir ki, bu cinayətkar özünün və yaxın ətrafının varidatını qorumaq və artırmaq üçün hakimiyyətdən bərk-bərk yapışmışdı. Seçkiləri saxtalaşdırması da bundan irəli gəlirdi. Nəhayət, Paşinyan hakimiyyətə gələndən sonra onun ətrafından, yaxın qohum-əqrabasından xeyli sayda şəxsə qarşı korrupsiya və digər əməllərlə bağlı cinayət işləri açıldı, həbs edilənlər, hətta oğurladıqları pulları büdcəyə qaytaranlar da oldu.

Onun ən etibarlı adamlarından sayılan kürəkəni, Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan isə axtarışa verilməsinə rəğmən, hələ də Avropada yaşayır və Sarqsyanın oğurladıqlarını “əritməklə” məşğuldur. Eyni zamanda, məhz Minasyan Paşinyanın ən qatı düşmənlərindən biri, onunla bağlı tez-tez kompramatlar, ağır tənqid və təhqirlər paylaşan şəxsdir. Sarqsyan Aleksandr Lukaşenko ilə aralarında baş tutan Qarabağa dair məşhur “5 milyard dollar” söhbətinə də münasibət bildirib və iddia edib ki, Azərbaycan tərəfinin guya 5 milyard dollar təklifinə cavab olaraq, rəsmi Bakıya Qarabağdan imtinası qarşılığında özünün 6 milyard dollar verməyə hazır olduğunu deyərkən tam ciddi olub. Sarqsyan deyib ki, həmin məbləği asanlıqla dövlətin imkanları və erməni diasporunun köməyi hesabına toplaya bilərmiş. Əslində isə bununla da ermənilərin onsuz da yalançı və saxtakar kimi tanıdığı Sarqsyan növbəti dəfə blef edib. Cəmi 2 milyard dollar büdcəsi, əvəzində 10 milyarda yaxın xarici borcu olan dılğır ölkənin 6 milyard dollar tapması, yumşaq desək, gülməli görünür. Erməni diasporunun nəyə qadir olduğu, Ermənistana hansı səviyyədə kömək etdiyi isə 44 günlük müharibədə və ondan sonra özünü göstərdi. Belə ki, erməni əsgərləri heç düz-əməlli geyim və ərzaqla belə təchiz olunmurdu. İşğal olunmuş ərazilərdə məskunlaşan ermənilərinsə necə səfalət içərisində yaşadıqları üzə çıxdı. Bütün bunlar qətiyyən qısa müddətdə 6 milyard dollar toplaya biləcək hökumətə və diasporaya malik xalqa yaraşmır. Bəs haradaydı o “qüdrətli” erməni diasporu, niyə qanunsuz məskunlaşmış, sonradan isə unitazlarını da götürüb qaçan ermənilərin qarnını doydura, erməni əsgərini isə məğlubiyyətdən qurtara bilmədi?... 
Sarqsyan Paşinyanın Azərbaycan Prezidenti barədə ötən ilin mayında işlətdiyi “konstruktiv” ifadəsinə də münasibət bildirib. Və deyib ki, heç bir konflikt tərəfi qarşı tərəfin rəhbərini bu cür adlandırmır: “Onu (İlham Əliyevi-red.) savadlı, mədəni adlandırmaq olar. Əgər bu “kapitulyant” (Kapitulyasiyanı imzalayan Paşinyanı nəzərdə tutur-red.) Əliyevin addımlarını konstruktiv hesab edirsə, izah etməlidir ki, bunlar hansı addımlardır – hərbi əməliyyatların başlanmasımı?” Sarqsyan onu da xüsusi vurğulayıb ki, İlham Əliyev Paşinyanı müharibənin gedişində dəfələrlə alçaltsa da, Ermənistanın Baş naziri ona cavab verə bilməyib.
Nəhayət, Paşinyanın danışıqlar prosesinə separatçı rejimi tərəf kimi qoşmaq cəhdinin səhv olduğunu deyən Sarqsyan, bunun “vaxt uzatmağa” hesablandığını qeyd edib. Əslində isə bir növ etiraf etmiş olub ki, təkcə Paşinyan deyil, onun özü və əvvəlki prezidentlər də danışıq adı altında, sadəcə vaxt uzatmaqla məşğul olublar.
Bir sözlə, siyasi meyit olduğunu özü də yaxşı anlayan Serj Sarqsyan son müsahibəsində digər cinayətkar Robert Koçaryandan fərqli və ağılabatan heç nə deməyib. Erməni sosial şəbəkə istifadəçiləri və müstəqil müşahidəçilərin onun fikirlərinə münasibəti isə göstərir ki, Sarqsyan onların nəzərində əvvəlki kimi yalançı, saxtakar, qorxaq və korrupsioner biri olaraq qalır.“AzPolitika.info”

Tarix: 16-02-2021, 20:45
Xəbəri paylaş



Xəbər lenti