PKK Türkiyənin “Pəncə”sindən qurtula bilməyəcək


PKK Türkiyənin “Pəncə”sindən qurtula bilməyəcək
Engin Özer: “Düşünürəm ki, növbəti əməliyyat Suriyada keçiriləcək”
 
Türkiyə Silahlı Qüvvələrinin İraqda, fevralın 10-da başlatdığı “Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb. Bu barədə Əməliyyat Mərkəzinə gələn Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib.
 
Nazir qeyd edib ki, əməliyyat zamanı 3-ü terror təşkilatının lideri olmaqla, ümumilikdə 48 terrorçu məhv edilib, 2 nəfər isə sağ ələ keçirilib: “PKK-nın xain hücumları nəticəsində 13 dinc sakin və Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb. Əməliyyatlar zamanı terrorçulara aid sığınacaq, silah-sursat anbarı, qərargah da daxil olmaqla, ümumilikdə, 50-dən çox hədəf məhv edilib. Çətin iqlim şəraitində böyük bir ərazini əhatə edən son dərəcə vacib bir əməliyyat həyata keçirildi. Əməliyyat zonasına girməyə çalışan, bölgə, eləcə də Türkiyə üçün təhlükə mənbəyi olan terrorçular məhv edildi”.
 
Türkiyəli ekspertlər əməliyyatların məhz terrorçuların özlərini ən güvəndə hiss etdikləri yerdə aparırıldığını, bununla yanaşı, belə bir bölgədə əməliyyat icra etməyin çox çətin olduğunu bildiriblər. Həmçinin, terrorçuların türk əsgərini sərhəddən gözlədiyi anda, əsgərlərin terrorçuların olduğu bölgənin cənubunda peyda olaraq əməliyyatı uğurla icra etdiyini vurğulayıblar: “Maraqlısı budur ki, hərbçilərimiz şimaldan deyil, cənubdan hücum edərək, terrorçuları təəccübləndirib. ATAK helikopterləri 40 km dərinliyə girərək, hərəkatı icra edə bilir. Bu, helikopterin özünü nə dərəcədə qoruduğunu görmək baxımından çox vacibdir. Eyni zamanda, döyüş meydanına nəzarət üçün çox önəmlidir”.
Картинки по запросу
Sözügedən əməliyyatı AYNA-ya dəyərləndirən türkiyəli politoloq Engin Özerin sözlərinə görə, Türkiyənin yeni müdafiə dəsti-xəttində terror təşkilatları ilə daxildə yox, xaricdə mübarizə aparmaq anlayışı formalaşıb: “Bu anlayış Türkiyə üçün yeni olsa da, uğurla həyata keçirilir. Düzdür, PKK onsuz da Türkiyə daxilində təsirini demək olar ki, itirib və hətta, üzvlərinin sayı da həddindən artıq azalıb. Ona görə də ölkə hüdudlarından kənarda fəaliyyət göstərməyə başlayıb. Bu baxımdan, bu əməliyyatı həm də əvvəlcədən tədbir almaq və kürd təşkilatlarının PKK ilə münasibətlərinin pozulması kimi də anlaya bilirərik. Hətta, Türkiyə Milli Müdafiə Nazirliyi əməliyyatlara strat verməmişdən əvvəl müdafiə naziri Hulusi Akar İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə də görüşmüş və əməliyyatlar barədə onu da məlumatlandırmışdı”.
 
“Əslində, Türkiyənin ölkə xaricində fəaliyyət göstərən kürd qruplaşmaları ilə heç bir problemi yoxdur. Türkiyənin problemi yalnız PKK terror təşkilatı ilədir. Şimali İrqada da PKK/YPG təhlükəsi aradan qalxandan sona Türkiyə oradakı kürdlərlə də əməkdaşlıq edə bilər və bunun üçün heç bir problem yoxdur. Buna misal olaraq elə Məsud Bərzaninin özünü göstərmək olar”, - ekspert deyib.
 
“Yəni, Türkiyənin məqsədi sadəcə olaraq PKK-nı bacardıqca özündən daha uzaq məsafəyə qovmaqdır. Ki, sərhədlərinin də təhlükəsizliyi təmin olunsun və hər cür təhdidi neytrallaşdırsın. Ona görə də, əməliyyatların həm İraq, həm də Məsud Bərzani hökuməti ilə razılığa gəlinib həyata keçirildiyi üçün heç bir problem ola bilməz və uğur qazanmamaq mümkün deyil. Türkiyənin istər hərbi, istərsə də siyasi üstünlüyü bəllidir və ona görə də uğurlu nəticə qaçılmazdır”, - deyə politoloq bildirib.
 
Özer istisna etmir ki, Şimali İraqdan sonra növbəti əməliyyatlar Suriyada keçiriləcək: “Hesab edirəm ki, bu prosesdə ABŞ Prezidenti Co Bayden administrasiyasının da fərqli mövqeyi olacaq və Bayden admnistrasiyası Türkiyə-PKK məsələsinə fərqli münasibət bildirəcək. Hətta, bunun nəticəsində PKK-nın daha radikal qruplarının liberallaşması və müxtəlif kürd qrupları ilə əlaqə yaratması da istisna edilmir. Lakin istənilən halda, Türkiyə öz məqsədinə çatacaq və əməliyyatlar müsbət nəticə ilə yekunlaşacaq”.
Tarix: 15-02-2021, 08:37
Xəbəri paylaş



Xəbər lenti