Qərblə yaxşı münasibət Rusiya üçün sərfəli deyil



Aleksey Navalnının ötən il zəhərlənməsindən və bu il həbs edilməsindən sonra Rusiyanın Avropa İttifaqı və Birləşmiş Ştatlarla münasibətlərinin ən aşağı həddə düşəcəyi gözlənilən idi. Amma buna baxmayaraq, həm Vaşinqtonda, həm də Avropa paytaxtlarında Rusiya ilə münasibətlərin ən azı minimum pozitiv saxlanması yollarının axtarışı davam edir”.
Bunu Avropa Beynəlxalq Münasibətlər Şurası analitik mərkəzinin direktorlarından Niku Popesku qurumun saytında dərc olunmuş məqaləsində yazır.
Müəllifin fikrincə, Rusiya ilə yaxşı münasibətlər qurmaq cəhdləri hec cür baş tutmur və Avropa İttifaqı xarici işlər komissarı Josep Borrelin Moskvaya son səfəri də bunu nümayiş etdirib.
Popesku qeyd edir ki, yaxşı münasibətlər üçün əl uzatmaq heç də münasibətləri sıfırdan başlamaq deyil.
Bunu başa düşmək üçün bundan əvvəl edilmiş cəhdlərin iflasa uğramasının səbəblərinə baxılmalıdır.
Ən böyük “niyə” sualı
Məqalədə deyilir ki, Barak Obamadan başlayaraq ABŞ və Avropa Rusiya ilə münasibətləri “sıfırdan qurmaq” üçün bir neçə cəhdlər ediblər.
Müəllif qeyd edir ki, hətta Rusiyanın Krımı ilhaqından və Donbasda müharibə başlatmasından sonra da “münasibətlərin yenidən qurulmasına” həvəs tükənməyib.
Krım ilhaq ediləndən ikicə il sonra Avropa İttifaqı Rusiya ilə beş prinsip əsasında seçimli münasibətlər ideyasını irəli sürüb.
2019-cu ilin yayında isə Fransa prezidenti Emmanuel Makron Rusiya ilə münasibətləri sıfırdan qurmaq təşəbbüsü irəli sürüb.
Məqalədə deyilir ki, bütün bu cəhdlərin uğursuzluğunun səbəbini başa düşmək üçün “niyə” sualı verilməlidir.
Moskva itirdiklərini qaytarmaq istəyir
Popesku yazır ki, Qərbin bütün təklifləri münasibətlərin sıfırdan başlanmasının qarşılıqlı güzəştlərə söykənməsini nəzərdə tutur:
“Amma Rusiya məsələyə fərqli yanaşır. O prinsipcə diplomatik yenidənqurmaya qarşı olmasa da, özünün xarici siyasətini yenidən qurmaq niyyətində deyil. Əksinə, rus düşüncəsinə görə Moskva 1990 və 2000-ci illərdə birtərəfli qaydada çox güzəştlərə gedib və indi güzəştlər etmək üçün növbə Qərbindir”.
Müəllif yazır ki, Moskva, xüsusən də öz sərhədləri boyunca indiki strateji status quo-nun saxlanmasında maraqlı deyil.
Moskva özünün Avropa İttifaqı ilə şərikli sərhədində olanları “saxlamaq” yox, “yenidən ələ keçirmək” niyyətindədir.
Rusiyanı Cənubi Qafqaza gətirən yumşaqlıq
Məqalədə deyilir ki, Qərb “yenidənqurmaçıları” başlarını Rusiyanın “xarici siyasət divarına” vurmaqda olduqları bir vaxtda Moskva Qərb xarici siyasətinin əngəllərindən yan keçməyin yollarını tapıb.
Popeskunun fikrincə, Qərb Rusiyaya “yenidəqurma” təklif etdikcə, Rusiya onun yumşaldığını düşünür.
Bununla belə, müəllifin fikrincə, Rusiya ilə əməkdaşlıq donub qalmayıb və bir sıra sahələrdə hətta artım baş verib. Məsələn, Rusiyanın Avropaya qaz ixracı tarixi rekord həddinə çatıb. Qərbin Rusiyaya investisiyaları və İran barədə Rusiya ilə dialoqları intensivləşib.
Qərb Rusiyanın başqa maraqlarını da sakitcə gözləyib. Məsələn Ukrayna və Gürcüstanın NATO üzvlüyünə qəbulu məsələsi dondurulub.
ABŞ və Avropa İttifaqı Rusiyanı qıcıqlandırmamaq üçün Belarus və Azərbaycanla bağlı son hadisələrdə özünüçəkindirmə yolunu tutub.
Popesku yazır ki, Rusiyanın Liviyadakı, Mərkəzi Afrika Respublikasında, Serbiyadakı siyasətləri isə Moskvanın heç də özünü çəkindirmədiyini nümayiş etdirir.
Müəllfin fikrincə, Qərb 19-cu əsrdə olduğu kimi olanı əldə saxlamağın əsas olduğunu düşünür.
Moskvaya “üz verməmək” faydalı ola bilər
Məqalədə deyilir ki, adətən böyük güclər öz nüfuz xətlərini çevik və aqressiv şəkildə nümayiş etdirdikdən sonra başqa regional oyunçularla danışıqlara başlayırlar.
“Amma buvaxtadək Avropa İttifaqı dirsəklə vurularaq hətta öz qonşuluğunda olan çox sayda həssas böhranlardan uzaqlaşdırılıb. Söhbət Liviyadan, Suriyadan, Cənubi Qafqazdan və Qara Afrikadan gedir. Nəzakətli yenidənqurma söhbətləri Avropa İttifaqını tamaşaçıdan aktyora çevirməyəcək. Amma əsl hərəkət bunu edə bilər”.
Müəllifin fikrincə, Rusiya münasibətlərin yenidən qurulmasında yalnız başı Qərbin sərtlik divarına dəyəndə maraqlı olacaq:
“İndilik isə Rusiyaya hər il yenidənqurma təklif etmək Rusiyanın Qərbin Şərqi Avropa və ya Yaxın Şərqdəki təhlükəsizlik maraqlarına hörmətsizliyini artırır”.
Müəllif yazır ki, Rusiya ilə qarşıdurma yanaşması bəzi təkliflərlə birlikdə daha çox fayda verə bilərdi:
“Bu isə sanksiya təzyiqlərini artırmaq, Şimal Axını 2 kəmərini rədd etmək, Avropa İttifaqının şərq qonşuları ilə daha dərin təhlükəsizlik partnyorluğu qurmaq deməkdir”.
Popeskunun fikrincə, yaranmış vəziyyətdə əzələli yanaşma, “diplomatik üzvurmadan” daha səmərəli ola bilər.
Azadlıq radiosu
Tarix: 13-02-2021, 23:30
Xəbəri paylaş



Xəbər lenti