Qırğızıstanın Böyük Müftisi Maksatbek Hacı Toktomuşov korrupsiya qalmaqalı çərçivəsində saxlanıb. Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) fevralın 10-da bildirməsinə görə, Toktomuşov dindarların Həcc ziyarəti üçün verdikləri pulların mənimsənilməsində əli olmaqda şübhəli bilinir. Toktomuşovun onlarla tərəfdarı fevralın 10-da axşam komitənin Bişkekdəki qərargahı qarşısında yürüş keçirərək müftinin buraxılmasını tələb edib.Həm də Qırğızıstan Dini İdarəsinin rəhbəri olan Toktomuşov fevralın 10-da istefa vermişdi.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, yeni təyinatacan onun vəzifəsini müavini icra edəcək. DMTK fevralın 10-da bildirib ki, idarənin baş mühasibi dindarlardan yığılmış 2 milyon dollara yaxın vəsaitdən sui-istifadədə şübhəli bilinərək saxlanıb.
Komitə mühasibin bir gün öncə, idarə rəsmisinə rüşvət verərkən saxlandığını iddia edir. İdarənin mətbuat xidməti isə məhkəməyədək məsələni şərh etməyəcəyini açıqlayıb. 6 milyon əhalisi olan Qırğızıstan əsasən sünni müsəlman ölkəsi hesab olunur. (azadliq.org)
Tarix: 12-02-2021, 08:06