Rusiya-Avropa münasibətlərində gərginlik pik həddə çatıb - Borrel Moskvadan qayıdıb nə yazdı?



Avropa İttifaqı xarici işlər komissarı Josep Borrel bəyan edib ki, İttifaq Aleksey Navalnı ilə bağlı Rusiya üzərinə yeni sanksiyaların qoyulacağını istisna etmir. O, bu barədə Moskva səfərindən sonra yazdığı bloqda bildirir.

“AzPolitika.info” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Borrel yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi üçün bu yaxınlarda təsdiqlənmiş mexanizmdən istifadə oluna biləcəyini yazıb. Bu mexanizm insan haqlarının pozulmasına görə ölkələrə qarşı sanksiyaların elan olunmasına imkan verir. Borrel xatırladıb ki, o, Moskva səfəri zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşündə bir daha Navalnının azad edilməsinə çağırıb. Borrelin sözlərinə görə, insan haqları Rusiyanın öz üzərinə könüllü şəkildə götürdüyü beynəlxalq öhdəliklərdən biridir.

Komissar Moskvada Lavrovla birgə keçirdiyi mətbuat konfransının aqressiv tonundan gileylənib. "Mənim Lavrovla görüşüm göstərdi ki, Avropa və Rusiya bir-birindən uzaqlaşmaqdadır”. Borrel Rusiyanı etibarsız partnyor adlandırıb.

Rusiya XİN Borrelin Moskva səfərindən sonra yazdığı qeydlərdən təəccübləndiyini bildirib. Bəyanatda deyilir ki, Borrelin qeydləri onun mətbuat konfransı zamanı dedikləri ilə ziddiyyət təşkil edir.

Bu da qeyd olunmalıdır ki, Moskva Borrelin səfəri günlərində Avropa İttifaqının üzvü olan üç ölkənin diplomatlarını nümayişkəranə şəkildə qovmuşdu. Almaniya, İsveç və Polşa diplomatlarının Rusiyadan qovulmasına cavab olaraq fevralın 8-də rusiyalı diplomatları "persona non qrata" elan ediblər.

Rusiya sözügedən ölkələrin diplomatlarını guya Aleksey Navalnının tərəfdarlarının aksiyalarına qoşulduqlarına görə ölkədən çıxarmışdı. Almaniyanın Xarici İşlər Nazirliyi fevralın 8-də bildirib ki, Rusiyanın Berlindəki səfirliyinin bir diplomatı ölkədən çıxarılır.

Almaniya XİN vurğulayır ki, Moskvanın Avropa diplomatlarını qovmaq qərarı heç nə ilə əsaslandırıla bilməz. Bəyanatda deyilir ki, ölkədən çıxarılan alman diplomat diplomatik münasibətləri tənzimləyən Cenevrə konvensiyasından irəli gələn hüquqlarından istifadə edib. İsveç və Polşa hökumətləri də buna bənzər bəyanatla çıxış ediblər. Polşa Rusiyanın Poznan şəhərindəki konsulluğunun əməkdaşını persona non qrata elan edib.



Tarix: 9-02-2021, 17:18
Xəbəri paylaş



Xəbər lenti