ABŞ-DAN RUSİYAYA GÜC NÜMAYİŞİ – “Biz Rusiya prezidentinə kifayət qədər açıq deyirik...”



“Amerikanın “B-1” bombardmançıları rusları narahat etmək üçün Norveçə uçurlar”
ABŞ Silahlı Qüvvələri yaxın həftələrdə Norveçə dörd “B-1” (Rockwell B-1 Lancer) strateji bombardmançı təyyarəsi və 200 nəfər hərbçi yollayacaq. ”B-1” bombardmançı təyyarəsi Texasın Days aviabazasından Norveç ərazisində yerləşən Orland aerodromuna uçuşlar edəcək. Bu aeroportda həmçinin Norveç Hərbi Hava Qüvvələrinə məxsus radarlara yaxalanmayan “F-35” qırıcıları yerləşdirilib.
Yaxın həftələrdə bu bombardmançılar və qırıcılar NATO-nun quru qoşunları və gəmilərilə birlikdə döyüş hazırılığı təlimlərinə başlayacaq. Həmin təlimlərdə əsasən alyansa üzv olan şimal ölkələri işitirak edəcək.
ABŞ Hərbi Hava Qüvvələrinin Avopa və Afrika üzrə komandanı general Cefri Harriqan məsələ ilə əlaqədar deyib: “Ekspluatasiya hazırlığı, müttəfiqlərə dəstək göstərmək bacarığı və operativ fəaliyyət uğur qazanmaq üçün xüsusilə vacibdir”.
“B-1 Lancer” bombardmançı təyyarələrinin indiki qış uçuşlarına oxşar uçuşları keçən ilin payızında “B-52” bombardmançıları həyata keçiriblər.
Belə ki, ”B-52” təyyarələri bütün Avropa üzərindən uçaraq, müttəfiqlərin qırıcı aviasiyası ilə birlikdə təlimlər keçərkən rusları tələyə salıb, onlar barəsində kəşfiyyat məlumatları əldə etmişdilər. “B-1” bombardmançı təyyarəsinin missiyası aydındır.

“Hərbi Dəniz Qüvvələrini dəstəkləmək və təchiz etmək” (To Provide and Maintain) kitabının müəllifi hərbi ekspert Cerri Hendriks bildirib: ”Görünür ki, bu təlimlər müttəfiqlərin dəstəklnəməsi və rusların anladığı dildə onlara təzyiq göstərilməsi istiqamətində həyata keçiriləcək koordinasiya səyləridir”.
Şimali Atlantika artıq çoxdandır ki, öz vəzifələrini yerinə yetirmək baxımından bombardmaçıların uçuş meydanı halına gəlib. Rusların “Tu-95”, ”Tu-22M” və “Tu-160” bombardmançı təyyarələri daim şimal suları üzərində təlim uçuşları apararaq NATO və İsveçin hava sahəsinə yaxınlaşırlar.
Uzun uçuş məsafəsinə malik “Tu-160” bombardmançısı Şimali Atlantika üzərindən Yaxın Şərqə doğru qövsvari uçuş həyata keçirərək, yekunda Suriyadakı müqavimət qüvvələrinə aviazərbələr endirir.
Cerri Hendriks “B-1” bombardmançılarının regiona gətirilməsilə bağlı deyib: ”Ruslar öz bombardmançı təyyarələrində Şimali Atlantika və Britaniya ətrafında uçurlar. Biz isə öz fəaliyyətimizlə bu oyunu oynaya biləcəyimizi nümayiş etdiririk”
Şimal dənizinə və Şimal Buzlu Okeanına çıxışı təmin edən Norveç NATO-nun əsas meydançalarından biridir. Qrenlandiyadan İslandiyaya və Britaniyaya kimi uzanan Farer-İslandiya hüdudu açıq okeana çıxmağa çalışan rusların həm gəmilərinə və həm də sualtı qayıqlarına əngəl törədir.

Bu səbəbdən 1980-ci illərdən başlayaraq, Norveç ətrafındakı hava və dəniz sahəsi NATO-nun keçirdiyi iri miqyaslı hərbi oyunlar üçün meydança halına gəlib. Cerri Hendriksin sözlərinə görə, Sovet İttifaqının son illərində NATO bu cür təlimlər keçirməklə öz qətiyyətini nümayiş etdirirdi.
Hazırda alyans dirçələn Rusiyaya qarşı yenidən birlik göstərir. Hendriks bununla bağlı deyib: ”Biz Rusiya prezidentinə kifayət qədər açıq deyirik: “Siz bu oyunu yenidən oynamaq istəyirsiniz? Bəs bilirsinizmi ki, bu, ötən dəfə sizin üçün nəylə nəticələnmişdi?””
“B-1” bombardmançıları dəniz üzərində yeni mühüm tapşırıqlar yerinə yetirə bilərlər. Qırx beş ildir ki, istismarda olan bu təyyarələr gəmilər əleyhinə uzun mənzilli “LRASM”(Long Range Anti-Ship Missile) raketlərilə təchiz olunacaq və düşmən gəmilərinə sarsıdıcı zərbələr vurmaq üçün yeni taktikadan istifadə edəcəklər.
Təkcə bir “B-1” bombardmançı təyyarəsi öz gövdəsində 480 kilometrə qədər uça bilən 24 “LRASM” raketi daşıya bilər. Beləliklə, bir neçə “B-1” bombardmançı təyyarəsindən ibarət heyət düşmən gəmilərilə mübarizədə ABŞ aviadaşıyanının bütöv avia dəstəsinin atəş gücünə bərabər gücə malikdir. Bombardmançı təyyarənin min kilometrlərlə məsafəni yanacaq doldurmadan qət etməsi bu təyyarələrə nəhəng Atlantik Okeanı səmasında sərbəst manevr imkanları verir.
Raketlərlə silahlanmış “B-1” təyyarələri Rusiya Şimal donanmasına ciddi təhlükə sayılır. Norveç ərazisindən uçuşlar həyata keçirən ABŞ şübhəsiz ki, bu təhlükənin real olduğunu göstərmək fikrindədir. Bununla bağlı Cerri Hendriks bildirib: ”Nəticə aydındır, B-1 təyyarələrinin Norveçə yerləşdirilməsi Putinin diqqətini özünə çəkəcək”.
“Forbes”(ABŞ)
Tərcümə: “AzPolitika.info”
Tarix: 8-02-2021, 15:33
Xəbəri paylaş



Xəbər lenti