“Rusiya Koçaryanı hakimiyyətə gətirmək üçün plan qura, təxribat törədə, hətta çevriliş də edə bilər. Bunu İlham Əliyev də anlayır”.Bu sözləri “Toplum TV”-yə açıqlamasında deputat
Erkin Qədirli deyib.
Ermənistanda sabiq prezident Robert Koçaryanın beş gün müddətinə ölkə xaricinə səfər etməsinə icazə verilib. Məhkəmə eks-prezidentin ölkədən çıxışına qoyulan məhdudiyyəti müvəqqəti olaraq götürüb. Verilən qərara əsasən, R. Koçaryan 3-8 fevral tarixlərində Ermənistanı tərk edə bilər.
Sabiq prezidetin Rusiyaya səfər edəcəyi gözlənilir. Bundan öncə isə onun bu il Ermənistanda keçiriləcək parlament seçkilərində namizəd olaraq iştirak edəcəyi açıqlanmışdı.
Koçaryanın Rusiyaya səfəri fonunda hakimiyyətə gəlməsi məsələsi müzakirələrə yol açıb.
Milli Məclisin deputatı
Erkin Qədirli Ermənistan cəmiyyətinin
Koçaryan-Sarkisyan cütlüyünündən narazı olduğunu bildirib: “Qarabağ klanı adlandırılan bu cütlük son 20 ildə korrupsioner və qeyri-populyar siyasətçi kimi yadda qalıb. Paşinyanın təkbaşına onlara qalib gəlməsinin səbəbi də bu idi. Müharibədə məğlub gəldikdən sonra Ermənistan xalqı hər nə qədər Paşinyandan narazı olsa da, ona alternativ namizəd kimi Koçaryanı görmür. Koçaryanı hakimiyyətə gətirmək üçün Rusiya plan qura, təxribat törədə, hətta çevriliş də edə bilər. Məncə, bizim rəhbərlik də bunu anlayır. Xatırlayırsızsa, İlham Əliyev bir neçə dəfə “biz Koçaryan-Sarkisyan ordusuna qalib gəldik” açıqlamasını verib və onun bunları söz xətrinə demədiyini düşünürəm. Çünki Prezident də bu məsələdən şübhələnərək sanki Rusiyaya dolayı mesaj göndərdi. Hətta bir dəfə konkret olaraq bildirdi ki, onların əli Azərbaycan xalqının qanına batıb. İndiki məqamda Rusiyanın Koçaryanı hakimiyyətə gətirəcəyi ilə bağlı dəqiq bir şey demək mümkün olmasa da, risklər qaçılmazdır”.
Deputat Koçaryanın hakimiyyətə gəlməsinin Azərbaycan üçün bəzi problemlər doğuracağını da vurğulayıb: “Koçaryanın yenidən müharibə etməsi çox böyük ağılsızlıq olar, çünki Ermənistan artıq əlverişli mövqelərini itirib və indi öz ərazisindən hücum etmək daha çətin olacaq. Bütün yüksəkliklər bizdədir, eyni zamanda ordumuzun gücünü də Ermənistan gördü. Əlbəttə ki, diversiya qrupları ilə təxribatlar törədilə bilər, biz bunlara hazır olmalıyıq, amma genişmiqyaslı müharibə olacağını güman etmirəm. Koçaryanın hakimiyyətə gəlməsi kiçik bir ehtimal olsa da, nəticədə bir məqam problem yarada bilər. Rusiyanın nəzarətində olan torpaqlarda status məsələsi yenidən ortaya atıla və Rusiya ona kömək edə bilər. Hətta Fransanı prosesə qataraq Minsk Qrupu da bu məsələni canlandıra bilər. Lakin Prezidentin də dəfələrlə bildirdiyi kimi biz buna qətiyyən razı olmayacağıq”.
Deputat
Arzu Nağıyev də Koçaryanın Rusiyaya səfərinin bu mənada nəticəsiz olacağını deyib: “Düşünürəm ki, Rusiya uzun zamandır Paşinyanı əvəz edəcək namizəd istəyir, lakin Koçaryanın Putinlə yaxınlığı indiki məqamda Qarabağ klanının nümayəndəsini Ermənistan cəmiyyətinin qəbul etməsi anlamına gəlmir. Bu səbəbdən Koçaryanın Putinin namizədi olması inandıcı deyil. Onun üzərində bir çox cinayət əməlləri var, bunlarla bağlı Ermənistanda çox ciddi yoxlamalar aparılır və istintaq zamanı haqqında xeyli material toplanıb".
Arzu Nağıyev"Müəyyən məbləğ qarşılığında onun azadlığa çıxarılması mümkündür, amma hakimiyyətə gəlməsindən söhbət gedə bilməz. Son iki ildə Ermənistanda və Qarabağda baş verən hadisələr tək Paşinyanla bağlı deyil. Bütün bu proseslərin hamısının başında dayanan Koçaryan-Sarkisyan cütlüyüdür. Bu səbəbdən Putinin bütün səlahiyyəti üzərinə götürərək onu hakimiyyətə gətirəcəyinə inanmıram. İndiki məqamda görünən odur ki, qərb birmənalı şəkildə Paşinyana dəstəkdir”, - o bildirib.
Tarix: 5-02-2021, 09:35