ABŞ-da Co Bayden administrasiyası hakimiyyətə gəldikdən sonra Qara dənizdə sular “isinməyə” başlayıb.Teleqraf.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Donald Cook hərbi gəmisi yanvarın 25-də Bosfor boğazını keçərək Qara dənizə daxil olub.
Bundan dərhal sonra Rusiya Krım sahillərində “Bastion” gəmi əleyhinə raket sistemləri qurub. Rusiya eyni zamanda Su-30 döyüş təyyarələri vasitəsilə gəminin bütün hərəkətlərini araşdırmağa və nəzarətdə tutmağa başlayıb. Rusiya Müdafiə Nazirliyi gəminin Qara dənizə daxil olmasından sonra Su-30 və Su-24 qırıcıları ilə yanaşı, Qara Dəniz Donanmasının ballistik raketlərlə təlimlərə başladığını elan edib.
Qara dənizdə ABŞ-ın varlığından narahat olan Rusiya ötən gün daha bir addım atıb. Rusiya hərbi qırıcıları USS Donald Cook gəmisi üzərindən hava məsafəsi baxımından aşağı uçuşlar həyata keçirib.
ABŞ-ın Avropa Dəniz Donanması Komandanlığı isə bəyan edib ki, ABŞ Donanması, NATO müttəfiqləri və ortaqlarında etimad yaratmaq məqsədilə, habelə regionda təhlükəsizlik və sabitliyin saxlanılması üçün Qara dənizdə fəaliyyət göstərir: “Ötən gün USS Donald Cook gəmisi Qara dənizin beynəlxalq sularında xidmət göstərərkən Rusiyanın Su-24 qırıcıları ona yaxın məsafədən uçuşlar həyata keçirib”.
Tarix: 2-02-2021, 14:26