Aleksey Navalnı, Vladimir Putin
Rusiya müxalifətinin lideri Aleksey Navalnının yaratdığı fond ABŞ prezidenti Co Baydenə müraciət edərək Rusiya prezidenti Vladimir Putinə yaxın olan 8 məmura qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Fondunun 29 yanvarda Baydenə göndərdiyi məktubda 8-i vacib olmaqla ümumilikdə 35 şəxsin siyahısını təqdim edib. Məktubda deyilir ki, 35 nəfərdən 7-si artıq ABŞ-ın sanksiya siyahısına daxil edilib.
CNN müxbirləri tərəfindən əldə edilən məktuba əsasən, Rusiya milyarderi Roman Abramoviç “Kreml kleptokratiyası”nın əsas icraçısı və benefisiarı olaraq “prioritet qısa siyahı”da yer alıb. Abramoviç İngiltərənin "Çelsi" futbol klubunun sahibidir. Onun sözçüsü CNN-ə göndərdiyi elektron məktubda Abramoviçin haqqında deyilənlərin "tamamilə əsassız olduğunu" yazıb.
Roman Abramoviç
Bu siyahıya Rusiyanın səhiyyə naziri Mixail Muraşko da daxil edilib. Navalnıya qarşı "zəhərli qəsd"in "ört-basdır edilməsində" iştirak etdiyi və müalicə üçün Almaniyaya aparılmasına "maneçilik törətdiyi" üçün bu siyahıya salınıb.
Məktubu imzalayan Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vladimir Aşurkov CNN-ə bildirib ki, Fond ABŞ-dan Putinə Navalnının sərbəst buraxılması üçün təzyiq göstərməsini xahiş edib.
“Məktub ən güclü ölkə olan ABŞ prezidentinə ünvanlanıb. Uzun müddətdir korrupsiya ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edilib. Bir şey edə bilən varsa, o da ABŞ-dır”,- deyə Aşurkov bildirib.
Məktubda deyilir ki, Navalnı uzun illərdir ki, "fikirlərini sərbəst şəkildə ifadə etmək və Rusiya sistemindəki korrupsiyanı ifşa etmək" istəyənləri "təqib etməkdə" Putinə "kömək edən" şəxslərə qarşı sanksiyalara çağırır.
“Qərb qərar verənlərə, seçki saxtakarlığını, büdcə talançılığını və zəhərlənməni milli siyasətə çevirənlərə qarşı sanksiyalar tətbiq etməlidir. Məktubda deyilir ki, bu məmurların pullarını saxlayanlara qarşı da sanksiyalar tətbiq edilməlidir. Kiçik tədbirlər rejimi öz davranışını dəyişdirməyə məcbur etməyəcək",- deyə Aşurkov bildirib.
Aşurkovun sözlərinə görə, o və Navalnı Almaniyadan Rusiyaya qayıtmazdan əvvəl bu 35 nəfərlik siyahını hazırlayıblarmış. Əvvəlcə "prioritet səkkizliyə" diqqət yetiriblər.
"Təklif olunan 35 nəfərlik siyahı üç qrupa bölünür:
- Putinin sərvət və hakimiyyət verdiyi şəxslər. Onlar bu imkanlardan rejimin maraqları üçün istifadə edən oliqarxlardır;
- İnsan hüquqlarını pozanlar, əsas vətəndaş və siyasi azadlıqları boğanlar;
- Navalnının və onun təşkilatının təqib olunmasında birbaşa iştirak edən şəxslər.
Bu şəxslərlə bağlı sənədlər tamamlanana qədər siyahını tam açıqlamaq istəmirdik. Ancaq Navalnının tutulmasından sonra hərəkət etməli olduğumuzu anladıq”,- deyə Aşurkov CNN-ə izah edib.
Navalnı 17 yanvarda Almaniyada bir neçə aylıq müalicədən sonra evə qayıdarkən Moskva hava limanında tutulub. 2020-ci ilin avqust ayında o, qəsdə məruz qalmışdı. Amma Berlində aldığı müalicə sayəsində həyatı xilas olundu.
Navalnı hazırda fevralın 2-nə təyin edilmiş məhkəmə iclasını gözləyir.
Fondun məktubunda qısa siyahıda yer alan 8 şəxsin ilk növbədə sanksiyalarla üzləşməli olduğu bildirilir. Aşurkov siyahının Navalnı ilə Moskva təyyarəsinə minməzdən bir müddət əvvəl müzakirə edildiyini söyləyib.
Aşurkovun sözlərinə görə, Navalnının komandası eyni tələbi Avropa Birliyinə və İngiltərə hökumətinə də çatdırmağı planlaşdırır.
Putinlə mübahisəsindən sonra 10 ildən çox həbsdə yatmış keçmiş oliqarx Mixail Xodorkovski bu həftənin əvvəlində CNN-ə verdiyi bir müsahibəsində bildirib ki, Navalnınin da eyni taleyi yaşamasını istəmiriksə, Amerika rəhbərliyi ləngimədən liderlik rolunu ələ almalıdır.
Londondan verdiyi müsahibədə Xodorkovski bildirib ki, Bayden rəhbərliyi və digər Qərb ölkələrinin hökumətləri, ilk növbədə, iqtisadiyyatın müxtəlif sahələrinə deyil, Putinlə sıx əlaqədə olan konkret şəxslərə qarşı sanksiyalar tətbiq etməlidirlər.
Xodorkovskinin sözlərinə görə, sanksiyalar Putinin yaxın ətrafının nümayəndələrini əhatə edərsə, bu, Rusiya prezidenti üçün çox ağrılı bir zərbə olacaq və hakimiyyətin sabitliyinə mənfi təsir göstərəcək.
Tarix: 31-01-2021, 22:57