Dünən Tehran yaxınlığında silahlı hücum nəticəsində İranın əsas nüvə fiziklərindən olan Möhsün Fəxrizadə qətlə yetirib. O, 2010-cu ildən bəri sui-qəsdə məruz qalmış nüvə fizikası sahəsində çalışan 6-cı İran alimidir.İran hökuməti BMT-nin Baş Katibinə ünvanladığı məktubda qətldə İsrail izinin olmasını və bunun cavabını verəcəyini bildirib.Politoloq Ərəstun Oruclu bu hadisəni şərh edərkən bildirib ki, İranın nüvə proqramı üzərində çalışan fiziklərin qətlində xeyli oxşar detallar var:
“1. Onların hamısı odlu silahdan açılan atəşlə və ya partlayıcıdan istifadə etməklə qətlə yetirilib;2. Alimlərin qətli avtomobildə gedərkən baş tutub;3. Sui-qəsdlərin hamısı baş tutub və nəticədə hədəfə alınan alimlərdən 5 nəfəri öldürülüb, biri isə yaralanıb.Bu detallar göstərir ki, nüvə proqramı sahəsində çalışan alimlər ölkənin daxilində nəinki "spontan" qətlə yetirilməyib, əksinə, izlənərək planlı şəkildə öldürülüblər. Bu isə o deməkdir ki, sui-qəsdi törədənlər İranda özlərini tam sərbəst hiss ediblər. Başqa sözlə, İranın antiterror vəəks-kəşfiyyat xidmətlərinin bu sahədəki işi olduqca zəifdir”.
Ə.Oruclunu qeyd edir ki, fiziklərin qətlə yetirilməsi 10 il əvvəl başlasa da, İran təhlükəsizlik xidmətləri bu günədək onların qorunması yollarını təmin edə bilməyib.
“Şübhəsiz ki, bu, həm də qətlləri törədənlərin peşəkarlıq səviyyəsindən və İranın daxilində geniş əlaqə və imkanlara malik olmalarından xəbər verir”-deyə politoloq vurğulayıb.
Bəs nüvə fiziklərinin qətlə yetirilməsi hansı real nəticələrə hesablanıb?
Ə. Oruclu hesab edir ki məqsəd aşağıdakılardır:
“1. Belə aktlar ilk növbədə İranın nüvə proqramında ləngimələr yaratmağa hesablanıb;2. Aparıcı alimlərin qətli həmin proqramın effektivliyini aşağı salır;3. Nüvə fizikası sahəsində çalışan alimlər arasında qorxu yaradır.4. Qətllər əksər hallarda İranla bağlı siyasi gəlişmələr dövrünə və ya ərəfəsinə təsadüf edir”.Politoloq bildirir ki, Fəxrizadədən əvvəl 2012-ci ilin yanvarında öldürülən Mustafa Əhmədi Rouşanın qətli ABŞ-la İran arasında ikincnin nüvə proqramına dair məxfi danışıqların başlanğıcına təsadüf edirdi.
“Görünür, sui-qəsdçilərin məqsədi danışıqları kövrək mərhələdəcə pozmaq olub. Məhz bu səbəbdən də ABŞ-ın o zamankı dövlət katibi Hilları Klinton ölkəsinin bu işə aidiyyatı olmasını qəti şəkildə rədd etdi.
Hadisədən bir ay sonra isə The Times qəzeti "Şərqlə Qərbin görüşdüyü yerdə" başlıqlı yazısında İran fizikinin İsrail kəşfiyyatı tərəfindən qətlə yetirildiyi və qatillərin İrana Azərbaycan ərazisindən keçdiyi haqda sensasion məqalə dərc etdi. Məqalədəəsasən mənim müxbirə söylədiklərimə istinad edilsə də, özünü İsrail rezidenti kimi təqdim etmiş şəxsin də bunu təsdiq etdiyi deyilirdi.Təsadüfi deyildi ki, məqalə ABŞ-ın, Almaniyanın, Britaniyanın, Fransanın və onlarla digər ölkələrin aparıcı medaisında dərc olundu, Almaniyanın ZDF kanalı isə bununla bağlı "Kölgə müharibısi" adlı sənədli film çəkdi. Amma o zaman İranın nüvə proqramına dair gizli ABŞ-İran danışıqlarının getdiyi heç kəsə məlum deyildi”-dey ekspert qeyd edib.
Ərəstun Oruclu bu sui-qəsdin təsadüf olmadığnı vurğulayıb: “Çünki Möhsün Fəxrizadənin də məhz indi qətlə yetirilməsi heç də təsadüfi görünmür. ABŞ prezidenti seçiləndən sonra ölkəsini nüvə proqramına dair İran+6 sazişindən çıxaran Trampı bu seçkilər məğlub edən Co Bayden sazişə yenidən qayıdacağını bəyan edib.
Amma bunun dünən törədilmiş qətlin yeganə səbəbi olduğunu düşünmürəm. Qalan səbəbləri biz bir qədər sonra biləcəyik. Bir neçə ildən və bəlkə də aydan sonra”.
“AzPolitika.info”
Tarix: 28-11-2020, 14:24