“ERMƏNİSTANDA DÖVLƏT YOXDUR...” – “Nikol bunu başa düşdüyü üçün efirə çıxmır”



Ermənistanda tanınmış siyasi fəallardan olan “Media müdafiəçisi” təşkilatının rəhbəri Ağasi Enokyan Paşinyan hökumətini sərt tənqid edən və Ermənistan dövlətçiliyini ələ salan paylaşımı ilə diqqət mərkəzinə düşüb.
“AzPolitika.info” xəbər verir ki, onun bu paylaşımı erməni mətbuatında və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
A.Enokyan yazıb ki, heç Paşinyandan əvvəl də Ermənistanda doğru-dürüst dövlət olmayıb, indi isə o, ümumiyyətlə yoxdur: “Hiss edirmisiniz ki, dövlət sadəcə, yoxdur? O mənada yox ki, əvvəl vardı, indi yoxdur. Əvvəlkilərdən hansısa miras qalmışdı, onunla nəsə edirdilər - dolların kursunu saxlayırdılar, mükafatlar paylayırdılar, dolma, kabab festivalı keçirirdilər, Robert Köçəryanı tuturdular, Qrayr Tovmasyanı (Konstitusiya Məhkəməsinin sədri – red.) işdən azad edirdilər və elə gəlirdi ki, dövlət elə bu deməkdir. Həmçinin, baş nazir canlı efirə çıxırdı, deyirdi ki, ən qürurlu bizik və bununla dövlət imitasiyasını təmin edirdi.”
Enokyan deyir ki, dövlətin yoxluğu hələ “COVİD-19” yayılmağa başlayanda hiss olundu: “O vaxt ki, dövlət insanları asfaltın üzərinə sərdi və Nikolun sexlərində hazırlanan maskaları almağa məcbur etdi, onu tənqid etməyi qadağan etdi və başqa heç nə etmədi.”
Erməni siyasətçinin fikrincə, müharibə dövrü və ondan sonra baş verənlər isə ümumiyyətlə, dövlətin mövcud olmadığını birmənalı şəkildə üzə çıxardı: “Müharibə vaxtı dövlət öz işini geri çəkilmək əmri verməkdə, torpaqlardan imtina etməkdə, minlərlə qurban verməkdə və Artsrunun (Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovanesyan-red.) yalanlarında gördü. Müharibədən sonra isə dövlət hətta qaçqın problemini də həll etmir, yaralı və əlillərlə məşğul olmur və hər şeyi könüllülərin ixtiyarına buraxır. Hətta əsirlərin axtarılması və dəyişdirilməsi variantlarının tapılması prosesi də onların üzərinə qoyulub. Nikol dövlətin olmadığını gözəl başa düşdüyü üçün ümumiyyətlə efirə çıxmır. Dövlət yoxdursa, baş nazir nəyə gərəkdir?”
Tarix: 26-11-2020, 08:58
Xəbəri paylaş



Xəbər lenti