Xəbər verildiyi kimi, bu gün Rusiyadan böyük nümayəndə heyəti Ermənistana səfər edib. İrəvana gedənlər arasında Müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər naziri Sergey Lavrov da var. Onlar Baş nazir Nikol Paşinyanla ikitərfli və çoxtərəfli görüşlər keçirərək, 10 noyabrda Qarabağa dair imzalanan üçtərəfli sazişin icrasını müzakirə ediblər.Cebhe.info xəbər verir ki, diqqəti çəkən məqamlardan biri Rusiya bayrağının rəsmi görüşlər keçirilən otaqlarda qoyulmaması olub. Bu məqam həm Rusiya rəsmilərinin Paşinyanla təkbətək, həm də çoxtərkibli görüşündə müşahidə olunub.
Məsələ sosial şəbəkələrdə də ciddi müzakirə olunub. Sosial şəbəkənin Rusiya seqmentində buna etirazlar səslənib. Görüşlərdən fotoları yayan Rusiya XİN təmsilçisi Mariya Zaxarovaya da sosial şəbəkə istifadəçiləri "Rusiya bayrağı hanı?” deyə sual ünvanlayıblar.Zaxarova "Rusiya bayrağı var" desə də, bunu təsdiqləyəcək fotolar təqdim etməyib. Məlumatlara görə, protokol qaydasına əsasən, dövlət bayrağı eyni ranqlı rəsmilərin görüşündə qoyulur. Budəfəki görüşdə isə Şoyqu və Lavrov Nikol Paşinyanla eyni ranqlı olmadığından, Rusiya bayrağı qoyulmayıb. Bu, daha sonra iki ölkənin Xarici İşlər nazirlərinin görüşündən çəkilən foto ilə də təsdiqlənir. Belə ki, Sergey Lavrovun erməni həmkarı ilə görüşündə hər iki ölkənin dövlət bayrağı qoyulub. Bu fotonu da XİN rəsmisi Mariya Zaxarova sosial şəbəkə hesabında yayıb.
Tarix: 21-11-2020, 16:46