ABŞ-da seçki qovğası - Bayden təhlükəsizlik müşavirləri ilə görüşür, Tramp mane olur...

ABŞ-da Baş Xidmətlər Administrasiyası Baydenin qələbə çaldığını sertifikatlaşdıran sənəd imzalamalıdır, rəqibi qoymur; ekspert: “Bayden üçün asan olmayacaq, elə Trampa da çətin olmuşdu, impiçmenti üçün dəridən-qabıqdan çıxdılar”

ABŞ-da yeni prezident seçilmiş Co Bayden öz milli təhlükəsizlik müşavirləri ilə görüşüb. Lakin onların sırasında hökumətin kəşfiyyat təhlilçiləri olmayıb.
“Yeni Müsavat”ın xəbərinə görə, hazırkı prezident Donald Tramp Demokrat rəqibinin prezidentliyə keçidini əngəlləməkdə davam edir.
Baş Xidmətlər Administrasiyası Baydenin seçkilərdə qələbə çaldığını sertifikatlaşdıran sənəd imzalamalıdır. Tramp həmin sənədin imzalanmasına mane olur. 
Bayden heyətindəki keçid rəsmilərinin sözlərinə görə, Bayden və vitse-prezident seçilmiş Kamala Harris qlobal məsələləri öz diplomatik, kəşfiyyat və müdafiə ekspertləri ilə müzakirə ediblər.
Bir çox Respublikaçı qanunvericilər ötən günlərdə dövlət kəşfiyyat rəsmilərinin 20 yanvarda keçiriləcək andiçmə mərasimi ərəfəsində Baydenlə birifinqə qatılmasına çağırıblar.
Hərçənd ki, Tramp Baydenin proqnozlaşdırılan seçki qələbəsinin nəticələrini aradan qaldırmaq və ikinci dönəm hakimiyyətdə qalmaq üçün hüquqi müstəvidə etirazlarını davam etdirir.
Çox maraqlıdır ki, Tramp Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastruktur üzrə Agentliyinin başçısı Kris Krebsin vəzifəsindən çıxarılması haqqında qərar qəbul edib.
Ağ Ev rəhbəri qeyd edib ki, Krebsin prezident seçkiləri haqqında son bəyanatı olduqca qeyri-dəqiq idi.
Ümumiyyətlə, Tramp dəfələrə seçkiləri udduğunu iddia edib və Baydenin qələbəsini tanımaqdan imtina edir.
Səsvermənin nəticələri Baydenin 538 Elektoral Kollegiya səslərindən 270-dən çoxunu qazandığını göstərir ki, bu da seçki mexanizminə əsasən onu prezident seçkilərinin qalibi edir.
Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Tramp məğlubiyyətinin heyfini müxtəlif yollarla çıxmağa çalışır:
“Hillari Klinton ona uduzanda əsla saxtakarlıq iddialarını ortaya atmamışdı, Trampın prezidentliyə gedən yolunda legitimliyinə şübhə yaratmamışdı.
Amma özü uduzması ilə barışmır, Baydenə həm sənəd işlərində mane olur, həm də saxtakarlıqla bağlı heç bir fakt təqdim etmir".
Politoloq Trampın inadının məhkəməyə qədər davam edəcəyini düşünür: “O, məhkəmə yolu ilə qalib gəlmək arzusundadır.
Corc Buş da bu yolla seçilmişdi. Baş verənlər göstərir ki, ABŞ seçki sistemində yeniliklərə zərurət yaranır. Çünki xalqın mövqeyi kənarda qalıb, ortaya cürbəcür iddialar atılır.
Düşünmürəm ki, Amerikada Bayden üçün asan olacaq. Əslində Tramp da prezidentlik dövrünü rahat keçirmədi. Onun impiçmenti üçün gecə-gündüz dəridən-qabıqdan çıxdılar, lakin müvəffəq olmadılar".
R.Məmmədovanın fikrincə, Tramp açıq-aşkar repressiv siyasət aparır: “O, Krebsi bir sözünə görə vəzifəsindən azad etdi. Krebs 2018-ci ildən bu vəzifəni tuturdu. Onun seçkilər haqda söylədiyi prezidentin xoşuna gəlməyib. Belə deyək, böyük biabırçılığa şahidlik edirik”.
Siyasi şərhçi hesab edir ki, Trampın seçilməsini bir çoxları arzulasa da, Bayden heç də Azərbaycan üçün kabus deyil.
Onun sözlərinə görə, Demokratların hakimiyyətə gəlməsi ölkələrin daxili işlərinə müdaxilə ilə müşayiət olunsa da, bu dəfə Azərbaycanla bağlı vəziyyət fərqlidir.
Qeyd edək ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında aktiv hərbi əməliyyatların dayandırılmasını alqışlayıb.
Bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında bildirilib. ABŞ tərəfləri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqların bərpasına çağırıb.
“Biz tərəfləri Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının güc və hədə işlətməmək, ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və bütün insanların bərabərliyi prinsiplərinə əsaslanan dayanıqlı və davamlı siyasi həlli yolunun tapılması üçün ən tez bir zamanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupu həmsədrləri ilə yenidən qarşılıqlı əlaqələr yaratmağa çağırırıq.
ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ bu səylərdə tam olaraq iştirak edir" - deyə bəyanatda bildirilir.
Emil SALAMOĞLU
Tarix: 19-11-2020, 10:13
Xəbəri paylaş



Xəbər lenti