Araz Aslanlı: “Burada bir neçə mühüm amil rol oynayır”
Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək istiqamətində uğurlu əməliyyatları davam edir. 40 gün əvvəl başlayan hərbi əməliyyatların gedişində çox ciddi məğlubiyyətlə üzləşən Ermənistan Azərbaycanın haqq davasını dəstəkləyən dövlətlərə saldırmaqdadır. Ənənəvi düşmən hesab etdikləri Türkiyədən əlavə, ermənilər İsraili də hədəf alıblar, onların da “ayağına dolaşırlar”. Rəsmi İrəvan Təl-Əvivi Azərbaycana müasir silahlar satdığına görə ittiham edirlər.Ermənilərin Azərbaycana silah satışına qadağa qoyulmasına dair iddiası hərbi əməliyyatlar başlanandan 2 həftə sonra İsrail Ali Məhkəməsi tərəfindən rədd edildi. Bundan sonra onlar İsrailin dövlət qurumlarının qarşısında etiraz aksiyaları keçirməyə cəhd etdilər. Eyni zamanda Ermənistan İsraildəki səfirini geri çağırdı.Bir neçə gün əvvəl
“The Jerusalem Post” qəzetinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan İsrail prezidentinin humanitar yardım barədə təklifindən danışarkən qarşı tərəfi təhdid etməkdən belə çəkinməyib. Və bu gün Türkiyə ilə eyni siyasət yürüdüb Azərbaycanı dəstəkləyən İsrailin sonda Türkiyənin “imperiya ambisiyaları” ilə üzləşəcəyinə dair absurd iddiada bulunub. Paşinyan daha da irəli gedərək, Azərbaycana pilotsuz uçuş aparatları satan İsrailin “konkret nəticələrlə” üzləşəcəyini bildirib.
Ermənilərin İsrailə qarşı belə münasibətinin arxasında yalnız Azərbaycana silah satılması amilimi dayanır, yoxsa başqa səbəblər var? Axı Azərbaycana yalnız İsrail deyil, ondan daha çox həcmdə Rusiya da silah satır?Politoloq, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlının sözlərinə görə, ermənilərlə yəhudilər arasında anlaşılmazlıq müxtəlif mərhələləri əhatə edir: “Bu anlaşılmazlıqların yaxın tarixdəki ziddiyyətlərdən, müxtəlif ölkələrdə lobbilər arasındakı münasibətlərdən, indi isə həm də Azərbaycan-İsrail, Ermənistan-İran əlaqələrindən qaynaqlanan motivləri var. Həm Ermənistan, həm də İsrail müsəlman dövlətlər arasında mövcud olan qeyri-müsəlman dövlət kimi xüsusi statusa malik olmağa çalışırlar. Bu istəklərinə görə daim bir-biri ilə rəqabətdədilər. Bu, birinci istiqamətdir. İkinci istiqamət lobbilər arasındakı rəqabətdir. Bildiyiniz kimi, Rusiyada, Avropada da, ABŞ-da da bu iki lobbi arasında ciddi rəqabət var. Lobbilərin fəaliyyəti zamanı daim müxtəlif məsələlərdə toqquşmalar, ziddiyyətlər meydana gəlir”.
Araz AslanlıEkspertə görə, ermənilərin yəhudilərə qarşı qərəzli münasibətində Azərbaycan-İsrail, Ermənistan-İran münasibətləri də rol oynayır: “Ermənistanın İranla münasibətləri yüksək səviyyədədir. İsrailə yanaşmada ermənilər bu amili də nəzərə alırlar. İranın İsrailə qarşı barışmaz münasibətini bilirlər və hazırkı ağır vəziyyətlərində İranla əlaqələrə xələl gətirməməyə çalışırlar. Eyni zamanda İsrailin Azərbaycana isti münasibətini qabartmaqla, İranı ölkəmizə qarşı yönləndirmək məqsədi güdürlər. Bundan əvvəlki dönəmlərdə erməni lobbisi bir neçə dəfə yəhudi lobbisinin İranla bağlı müəyyən planlarını əngəlləməyə nail olub. Eyni zamanda yəhudi lobbisi də ermənilərin Azərbaycan və Türkiyəyə qarşı addımlarının qarşısını alıb. Yəni bu iki lobbinin arasındakı rəqabət istər-istəməz dövlətlərarası münasibətlərə də yansıyır”.
A.Aslanlı bildirir ki, Ermənistanın İsrailə qarşı qərəzli münasibətinin arxasında həm də soyqırım məsələsi var: “Burada ilk soyqırıma kimin məruz qaldığı, kimin həqiqətən genosidə məruz qaldığı, kimin uydurma iddialar irəli sürdüyü kimi məsələlər var. Yəhudilər həqiqətən soyqırıma məruz qaldıqları halda, ermənilər yalançı soyqırım iddiaları ilə geniş təbliğat aparırlar. Bu sahədə müxtəlif dövlətlərdən, xüsusilə də Almaniyadan dəstək də alıblar. Bu isə yəhudilərin soyqırımına kölgə salmaq cəhdi deməkdir. Bütün bunların sonucu olaraq bu gün biz Ermənistandan, erməni lobbisindən İsrail və yəhudi lobbisinə qarşı hücumların gücləndiyini görürük”.
“Yeni Müsavat”
Tarix: 6-11-2020, 14:04