Co Baydenin qalib olacağı təqdirdə, dünya düzəninin dəyişdirilərək, yenidən dizayn edilməsi prosesinin sürətlənə biləcəyi ehtimal olunur... Bu halda, ABŞ-ın Çinlə yaxınlaşaraq, ortaq dünya hegemonluğuna cəhd edəcəyi istisna deyil... Böyük Britaniyanın xüsusi əhəmiyyət verdiyi Çinlə ortaq projelərin reallaşdırılacağını və Türkiyənin də bu prosesdə önəmli rol alacağını düşünmək olar... Prezident D.Trampın hakimiyyətinin davam etməsi isə dünya üçün daha aqressiv mərhələ - qarşıduma mühitinin artma təhlükəsini və yeni “qaynar nöqtələr”in yarana biləcəyini vəd edir... Ancaq kim seçilsə də, Ağ Ev hələ bir müddət “xaos quyusu”nda “qara günlər” yaşamaq təhlükəsi ilə üzləşə bilər...
Dünyanın diqqəti ABŞ-a yönəlmişdi. ABŞ-da keçirilən növbəti prezident seçkiləri böyük maraqla izlənməkdəydi. Və indiki prezident Donald Trampla onun siyasi rəqibi demokratların namizədi Co Bayden arasında gedən bu amansız mübarizəyə özəl maraqlar çərçivəsindən yanaşılırdı.Artıq səslərin sayılma prosesində ilkin nəticələr tədricən aydınlaşmağa başlayıb. Ağ Evin indiki sahibi Bakı vaxtı ilə saat 15.03-ə olan nəticələrə görə, 213 təmsilçi sayına nail ola bilmişdi. Onun seçki yarışındakı rəqibi, 78 yaşlı namizəd Co Bayden isə öz aktivinə 238 təmsilçi sayı yazdırmağı bacarmışdı.
İlk baxışdan belə görünür ki, Co Bayden bu seçkini qələbə ilə yekunlaşdırmağa yaxındır. Çünki onun prezident elan edilməsi üçün daha 32 təmsilçi sayına ehtiyac var. Və səslərin hesablanması yekunlaşmayan ştatların nəticələri açıqlandıqdan sonra demokrat ağsaqqalın Ev Evdə yaşamaq şansı qazanıb-qazanmayacağı aydınlaşmış olacaq.
Ancaq bu, göründüyü kimi, o qədər də asan məsələyə oxşamır. Ən azından ona görə ki, prezident D.Tramp hələ seçkidən öncə hakimiyyəti Co Baydenə təhvil vermək niyyətində olmadığını açıq mətnlə bəyanlamışdı. Co Bayden isə bu seçkilərdə onu yalnız saxtakarlıq sayəsində məğlub etməyin mümkün ola biləcəyini qabartmışdı: “Əgər, saxtakarlığa cəsarət etsələr, bu, onlara çox baha başa gələcək”.
Bütün bunlar onu göstərir ki, ABŞ-da bu dəfəki seçkilər təxmin ediləndən daha uzun müddət davam edə bilər. Çünki bir tərəf hakimiyyəti vermək istəmir, digər tərəf isə onu nəyin bahasına olursa-olsun, ələ keçirməkdə israrlıdır.
Təbii ki, prezident postuna iddiaçıların belə aqressiv mövqedən çıxış etməsi ABŞ-ı ölkədaxili xaosa sürükləyə biləcək əsas təhlükə kimi dəyərləndirilirdi. Müxtəlif fəlakət ssenariləri proqnozlaşdırılırdı. Və bunun artıq açılmaz olduğu iddia olunurdu.
Deyəsən, həmin proqnozlar tədricən özünü doğrultmağa başlayıb. Belə ki, prezident D.Tramp özünün qalib gəldiyini rəsmən elan edib. Geri qalan səslərin hesablanması prosesinin dayandırılması üçün məhkəməyə müraciət edəcəyini vurğulayıb. Və bu, ABŞ cəmiyyəti üçün aylarla davam edəcək qarşıdurma səbəbinə çevrilə bilər.
Artıq ABŞ-ın bəzi iri şəhərlərində seçicilərlə - əsasən Co Baydenin tərəfdarları ilə polis arasında ciddi toqquşmalar da baş verib. Seçkidə iştirak edən iki prezidentliyə iddiaçı daha təmkinli davranmasalar, toqquşmaların və küçə iğtişaşlarının artaraq, ölkəni “xaos quyusu”nun dərinliyinə ata biləcəyi də qətiyyən istisna deyil.
Təbii ki, ABŞ-da seçki qarşıdurmaların hansı istiqamətlər alacağı yaxın günlərdə daha aydın şəkildə təsəvvür edilməyə başlayacaq. Hələliksə, əsas məsələ bu iki inadkar siyasətçidən hansının dünya üçün daha sərfəli ola biləcəyi də böyük önəm daşıyan məsələdir.
Onu da qeyd edək ki, Co Baydenin prezident seçiləcəyi təqdirdə, ABŞ-ın indiki xarici siyasət kursunda bir çox hədəflərin təməlli dəyişə biləcyi qətiyyən şübhə doğurmur. Çünki Co Baydenin prezident seçilməsində maraqlı olan “dərin güclər” Tramp administrasiyasının xarici siyasət prioritetlərindən məmnun deyil, hətta ciddi şəkildə narazıdır.
Məsələ ondadır ki, prezident D.Tramp və onun arxasındakı “dərin güclər” süni şəkildə gücləndirilmiş Çini sıxışdıraraq, ABŞ-ı dünyanın şəriksiz hegemon dövlətinə çevirməyə can atırlar. Bu məqsədlə Çinlə ortaq Böyük İpək Yolu və Afrikanın nəzarət altına alınması projelərinin reallaşdırılmasına cəhd göstərən Böyük Britaniyaya təzyiq göstərirlər.
Onu da qeyd edək ki, Böyük Britaniya və Türkiyə arasında elan edilməmiş strateji müttəfiqlik münasibətləri mövcuddur. Çinlə Böyük Britaniyanın adları çəkilən projelərində açar dövlət statusunda yer alan Türkiyə də hazırda Ağ Evin ciddi təzyiqləri ilə üzləşməkdədir.
Bütün bunları nəzərə aldıqda, Co Baydenin prezident seçiləcəyi təqdirdə, dünya düzəninin dəyişdirilərək, yenidən dizayn edilməsi prosesinin sürətlənə biləcəyi qətiyyən istisna deyil. Birincisi, ABŞ-ın Çinlə yaxınlaşaraq, ortaq dünya hegemonluğuna cəhd edəcəyi istisna deyil. Bu halda, Böyük Britaniyanın böyük önəm verdiyi projelərin reallaşdırılacağını və Türkiyənin də bu prosesdə önəmli rol alacağını düşünmək olar.
Təbii ki, bu halda, Rusiya da daxil olmaqla, ABŞ və Çinə problem ola biləcək bəzi ölkələrin, o cümlədən də, Böyük Britaniyanın artıq tərk etmək üzrə olduğu Avropa Birliyinin sıxışdırılması qaçılmaz olacaq. Nəticədə Cənubi Qafqaz regionunun önəminin artması və böyük bir türk coğrafiyasının dünyanın “şah damarı”na çevrilməsindən danışmaq lazım gələcək.
Göründüyü kimi, Co Baydenin Ağ Evə sahiblənməsi bütün dünya üçün yeni siyasi, maliyyə-iqtisadi və hüquqi sistemin formalaşma perspektivini vəd edir. Və bu yeni dünya sistemində ABŞ şəriksiz hegemon deyil, daha çox ortaq maraqlar üzrə qüvvələr nisbətinin paylasdırıcısı rolunda çıxış edə bilər.
Prezident D.Trampın hakimiyyətinin davam etməsi isə dünya üçün daha gərgin bir mərhələ vəd edir. Çünki onun arxasındakı ultramillətçi və dini təmayüllü “dərin güclər” dünya üzərində şəriksiz hegemonluq hədəflərini ön planda tutur. Daha aqressiv xarici siyasətin tərəfdarı kimi çıxış edir və opponentlik ehtimalına qıcıqla yanaşır. Bu baxımdan, prezident D.Tramp Ağ Evin oval kabinetində qalarsa, dünyada qarşıduma mühitinin arta və yeni “qaynar nöqtələr”in yarana biləcəyi qətiyyən istisna deyil.
Ancaq bütün bunlardan hansının reallığa çevriləcəyini iddia etmək bir qədər tezdir. Çünki hətta tərəflərdən hansınınsa prezident seçildiyi rəsmən elan edilsə belə, ABŞ-da siyasi böhranın hələ bir müddət davam edə biləcəyi tamamilə real görünür. Qarşıduran tərəflərdən heç birisi geri çəkiləmək niyyətində deyil. Və bu baxımdan, hər iki səhnəarxası güc mərkəzinin öz əllərindəki rezerv qarşıdurma mexanizmlərini işə sala biləcəyi istisna deyil.
Ona görə də, hesab etmək olar ki, hazırda baş verənlər ABŞ-ın düçar ola biləcəyi fəlakət ssenarilərinin sadəcə, əlamətlərini özündə əks etdirməkdədir. Böyük ehtimalla ABŞ-da qarşıdurma vəziyyətində olan “dərin güclər” bu seçkiyə həlledici savaş kimi yanaşırlar. Əgər, qarşıduran tərəflərdən hansısa geri çəkilməzsə, ABŞ-ın dərin siyasi böhrana sürüklənməsi, arzuolunmaz kataklizmlərin yaşanma təhlükəsi barədə danışmaq lazım gələcək.
Belə anlaşılır ki, hazırda Ağ Ev özünün ən “qara günlər”ini yaşamaq təhlükəsi ilə üzləşib. Vaxtilə başqaları üçün qazdıqları “xaos quyusu”na bu dəfə deyəsən, özləri düşmək üzrədirlər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Tarix: 4-11-2020, 20:36