İsrail erməni “sürprizlərini” unutmayacaq


İsrail erməni “sürprizlərini” unutmayacaq
“Ermənistan İsrailin humanitar yardımını qəbul etməməklə, gələcəkdə bu vəziyyətlə manipulyasiya etmək niyyətində olduğunu göstərir”
 
Bu yaxınlarda İsrail dövləti, Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki döyüş əməliyyatları zamanı zərər çəkmiş vətəndaşlar üçün Azərbaycana humanitar yardım göndərdi. AYNA xəbər verir ki, bu barədə İsrailin “vesty.co.il” nəşri məlumat yayıb.
 
“Azərbaycan tərəfi, ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin atəşə tutulması zamanı əziyyət çəkən onlarla vətəndaşa kömək üçün humanitar və tibbi yardım istəyi ilə İsrailə müraciət etdi. İsrail, evsiz qalanlar üçün əsas ehtiyaclar da daxil olmaqla, humanitar yardımın verilməsini qəbul etdi: istilik texnikası, isti geyim, ilk yardım dəstləri və başqa əşyalar. Bundan əlavə tibbi avadanlıqlar gətirilib. İsrailin, bizdən istənildiyi təqdirdə, əlavə yardım göndərəcəyi istisna deyil”, - deyə məlumatda bildirilir.
 
Orada, həmçinin, təxminən iki həftə əvvəl İsrailin Ermənistana humanitar yardım təklif etdiyi, lakin erməni tərəfinin bu təklifə cavab vermədiyi qeyd olunur. Xəbərdə, humanitar yardımın döyüş əməliyyatları iştirakçılarına deyil, yalnız mülki əhaliyə verildiyi vurğulanır.
 
Bütün bu məlumatları öz saytında yerləşdirən Ermənistanın “ArmInfo” agentliyi iddia edir ki, İsrail Azərbaycana çoxdan silah və digər hərbi texnika satır və bu tədarük Dağlıq Qarabağdakı hərbi əməliyyatların gücləndiyi dövrdə də davam edir.
 
Xatırladaq ki, oktyabrın əvvəlində Ermənistan “Azərbaycana davam edən silah təchizatı fonunda məsləhətləşmələr üçün” Təl-Əvivdən səfirini geri çağırdı. Ermənistan Xarici İşlər Nazirliyi İsrailin bu davranışını qəbuledilməz adlandıraraq, Azərbaycana “mülki şəxslərə qarşı istifadə olunan” silahlar verməyi dayandırmağa çağırdı. İsrail Xarici İşlər Nazirliyi isə İrəvanın səfirini geri çağırmaq qərarından təəssüfləndiyini bildirdi. Öz növbəsində, Dağlıq Qarabağ separatçılarının rəhbəri Araik Arutunyan İsraili “Qarabağdakı erməni xalqına qarşı həyata keçirilən soyqırımda” iştirakda günahlandırdı.
 
Yəni, qısa desək, vəziyyət belədir - İsrail Ermənistana münaqişə zonasındakı mülki əhaliyə hava yolu ilə humanitar yardım göndərməyi təklif etdi, lakin rəsmi İrəvan “qürurla” susur və Ermənistan mətbuatı izahında İsrailə qarşı qəribə iddialar irəli sürür. Sanki Azərbaycana silahlar satmaqdan imtina etməyən İsrail ermənilərin bərk xətrinə dəyib. Səfirləri geri çağrıldı və Arutunyan İsraili “Qarabağdakı erməni soyqırımı”nda iştirakda günahlandırdı. Halbuki, ciddi düşünsək, heç kim ermənilərin də İsraildən silah almasına mane olmurdu, amma göründüyü kimi, ermənilər ruslardan alınan “pulsuz” silahlara üstünlük verdilər. İndi də yəhudiləri söyür və ittiham edirlər.
İlqar Vəlizadə: “Prezident seçkilərinin nəticəsindən sonra sazişin bərpası  mümkündür”
Bu paradoksal vəziyyəti AYNA-ya şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, belə durumu şərh etmək çox çətindir, çünki bütün cavablar, necə deyərlər, üzdədir: “Ermənistan rəhbərliyinin indi sərgilədiyi mövqe, ümumiyyətlə Ermənistan siyasətinin bir xüsusiyyətidir. Əlbəttə ki, bir növ qürur nümayiş etdirmək, İsrailin humanitar yardımını qəbul etməməklə, gələcəkdə bu vəziyyətlə manipulyasiya etmək niyyətində olduqlarını göstərmək istəyirlər. Yəni, onların dövləti “o qədər qürurludur ki, hətta çətin şəraitdə belə, İsrailin köməyindən imtina edəcək qədər aydın əxlaqi dəyərlərə sahibdirlər”. Fəqət bu imtina ilə onlar İsrailin Azərbaycanla əməkdaşlığını daha da gücləndirirlər”.
 
“Bütün bu baş verənlərdən sonra İsrail ilə münasibət qurmağı necə düşündükləri qətiyyən aydın deyil. Çünki müharibə bir gün bitəcək və İsrail, çox güman ki (tarixdə bənzətmələr var), Azərbaycanla əməkdaşlığa davam edəcək. Bu dövləti ölkəmizlə bir çox sahələrdə kifayət qədər sıx tərəfdaşlıq əlaqələndirir. Ancaq Smbatyanın (Ermənistanın İsraildəki səfiri – red.) bütün bu ittihamlardan, demarşlardan və bəyanatlardan sonra iş yerinə qayıtdıqda nə edəcəyi, yəqin ki, heç onun özünə də tam aydın deyil”, - politoloq vurğulayıb.
 
“Belə şəraitdə Ermənistanın İsraildə niyə tam olaraq səfirlik saxladığı, ümumiyyətlə qaranlıq qalır. Bu vəziyyət çox anlaşılmazdır. Əlbəttə ki, onlar Azərbaycanı İsrailə, Türkiyəni İsrailə qarşı qoymaq üçün öz oyunlarını davam edəcək, intriqalar yaratmağa çalışacaqlar. Bəs, bütün bu demarşlar, bəyanatlar, humanitar yardımdan imtina etdikləri onlara xatırladılanda, necə və ən əsası hansı arqumentlərlə izah olunan cavab verəcəklər? Düşünürəm ki, ermənilər istər-istəməz çox pis vəziyyətdə qalacaqlar. İsrailin özündə bu və ya digər şəkildə, erməni davranışının bütün bu xüsusiyyətləri qeyd ediləcək və yadda saxlanılacaq”, - Vəlizadə əlavə edib.
Tarix: 1-11-2020, 09:06
Xəbəri paylaş



Xəbər lenti