Ağ Evin Skandinaviyadan Qarabağa “tapdığı” sülhməramlılar: "Heç o ölkələrin bundan xəbəri yoxdur"


Ağ Evin Skandinaviyadan Qarabağa “tapdığı” sülhməramlılar: "Heç o ölkələrin bundan xəbəri yoxdur"

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Pobert O'Brayan Dağlıq Qarabağdakı münaqişə bölgəsinə beynəlxalq sülhməramalıların yerləşdirilməsinin vacibliyindən danışıb.
Cebhe.info-nun məlumatına görə, diplomat Los-Ancelosdakı erməni icmasının nümayəndələri ilə görüşdə Azərbaycana Skandinaviya ölkələrindən olan sülhməramlıların göndərilməsinə hazırlıq getdiyini deyib.
“Üç dəfə tərəflər atəşkəs barədə razılığa gəlib və üçü də pozulub. Aydındır ki, sülhməramlı qüvvələrin tətbiqi olmadan bölgədə uzunmüddətli barışıq mümkün deyil. Sülhməramlılar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, eləcə də qonşu Ermənistan və Azərbaycanın nümayəndələri olmamalıdır. Türkiyə sülhməramlılarının Qarabağa daxil olması həm Ermənistan, həm də ABŞ üçün qəbuledilməzdir”,- deyə O'Brayan bildirib.
Ağ Ev rəsmisinin bu açıqlaması Rusiyanın münaqişə bölgəsinə sülhməramlı qüvvələr adı altında öz qoşunlarını yerləşdirmək planı ilə bağlı ABŞ-ın narahatlığından xəbər verir. O'Brayan Türkliyənin adını çəksə də, 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağ və ətraf ərazilər arasında sülhməramlı mandatla qoşunlarını göndərmək planının Rusiyaya məxsus olduğu hər kəsə məlumdur.
Üstəlik, ABŞ prezidentinin müşaviri “Sülhməramlılıar ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olmamalıdır” deməklə konkret olaraq Rusiyaya işarə edir. Çünki Türkiyə həmsədr dövlət deyil. Üçlük formatına daxil olan ölkələrdən Rusiya öz qoşunlarını beynəlxalq müşahidəçi mandatı ilə yenidən Azərbaycan ərazisinə qaytarmaq niyyətindədir. Bu, münaqişənin həllinə dair məhşur “Lavrov planı” adlanan təkliflər paketində də öz əksini tapıb.
Prezident Vladimir Putinin oktyabrın 29-da verdiyi açıqlamada da Ermənistanla qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunmasını təklif etməsi əslində, status-kvonun saxlanılmasına nəzarət üçün Rusiya hərbi kontingentinin sülhməramlı adı altında bölgəyə yerləşdirilməsini nəzərdə tutur. Lakin Rusiyanın istəklərinə baxmayaraq, ATƏT-in 1995-ci il Budapeşt sammitinin qərarına əsasən, Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlı qüvvələrin sayı ümumi kontingentin 30 faizindən artıq ola bilməz. Yəni Rusiyanın bu prosesdə təkbaşına təmsil olunması qeyri-mümkündür. Ona görə də Pobert O'Brayan ABŞ-ın adından alternativ variant təklif edib:
“Hər iki ölkənin Skandinaviya sülhməramlılarını qəbul etməli olduğuna inanırıq və atəşkəsə riayət etmək üçün bölgədə yerləşdirilə biləcək sülhməramlı qüvvələr yaratmaq üçün Skandinaviya hökumətləri ilə işləyirik”.
Buna baxmayaraq, diplomat hansı ölkə ilə danışıq aparıldığını söyləməyib. Qeyd edək ki, 1997-ci ildə ATƏT-in Minsk Qrupunda həmsdərlik institutu formalaşana qədər Dağlıq Qarabağ problemi ilə fəal məşğul olan yeganə Skandinaviya ölkəsi Finlandiya olub. Belə ki, Finlandiya Minsk Qrupuna sədrlik edib. Ancaq hazırkı mərhələdə sülhməramlıların münaqişə bölgəsinə yerləşdirilməsi məsələsi aktual olmadığından, Finlandiyanın və ya digər Skandinaviya ölkəsinin bu prosesə cəlbi gündəmdə deyil. Üstəlik, rəsmi Bakı sülhməramlılar məsələsinin yalnız Azərbaycan dövləti ilə razılaşdırılmalı olduğunu bəyan edib.
Azərbaycan “mavi dəbilqəlilər”in münaqişə bölgəsinə yerləşdirilməsinə razılıq verdiyi təqdirdə, həmin missiya təşkil edilə bilər. Ancaq Ermənistan qoşunları işğal olunmuş əraziləri tərk etdikdən sonra Dağlıq Qarabağdakı erməni vətəndaşların təhlükəsizliyini Azərbaycan dövləti özü təmin edərsə, o zaman beynəlxalq sülhməramlıların fəaliyyətinə də ehtiyac qalmayacaq.
Robert O'Brayanın ermənilərlə görüşündə verdiyi açıqlamanı Cebhe.info-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, milli təhlükəsilik məsələləri üzrə müşavirin söylədiyi fikirlər daha çox noyabrın 3-də keçiriləcək prezident seçkilərində ermənilərin səslərinin qazanılmasına hesablanıb və reallıqdan uzaqdır:
“Tramp prezident seçilərsə, yanvarın 20-də andiçmə mərasimi keçiriləcək və bundan sonra yeni administrasiya formalaşacaq. Yəni O'Brayanın dedikləri üç aydan sonra aktual ola bilər. Noyabrın 3-də seçkilərdir və onun hakimiyyətdə qalıb-qalmayacağı bilinmir. Məlum deyil ki, Skandinaviya ölkələri buna razılıq veribmi? İkincisi, sülhməramlıların bölgəyə yerləşdirilməsinə dair saziş olmalıdır. Üçüncüsü, nə belə bir saziş, nə də bu barədə müzakirələr var. Robert O'Brayan bir neçə gündən sonra vəzifəsini itirir. Yəni onun dedikləri tamamilə reallıqdan uzaqdır. BMT-nin qaydalarına görə, sülhməramlı fəaliyyətdə iştirak edəcək ölkə ilə qarşılıqlı əməkdaşlıq haqında memorandum imzalanmalı, sonra sülhməramlıların tərkibinin müəyyənləşməsi ilə bağlı müzakirələr aparılmalıdır. Orada Finlandiyanın, yoxsa Kosta-Rikanın olacağı iştirak edəcəyi hələ aktual mövzular deyil. O'Brayan artıq vəzifədən gedir, digər tərəfdən, erməni diasporu ilə görüşərək vəd verir. Reallıqdan yanaşsaq, biz diqqəti ATƏT tərəfindən yaradılmış siyasi çərçivələrin qalıb-qalmayacağına yönəltməliyik”.
Ekspert bildirib ki, sülh prosesinin ATƏT-in çərçivəsində davam olunacağına böyük şübhəsi var:
“Çünki yeni formatlar yaranır. Biz görürürk ki, ATƏT ənənəvi bəyanatlar verməkdən başqa heç nəyə qadir deyil. Bu baxımdan, hesab edirəm ki, sülhməramlılar məsələsi aktuallığına görə ən son yerlərdə dayanır və onu müzakirə etməyə ehtiyac da yoxdur. İndiki mərhələdə söhbət ondan gedir ki, Türkiyənin bu prosesdə rolunu qəbul etməyə razıdırlar, ya yox? Azərbaycanın və Türkiyənin mövqeyi ondan ibarətdir ki, münaqişənin həlli prosesində rəsmi Ankara iştirak etməlidir. Ona görə də sülhyaratma prosesinin ATƏT-in çərçivəsində olacağı hələ sual altındadır. Bu iki tərəfli təşəbbüs də ola bilər, üçtərəfli qaydada İran da qoşula bilər. Hazırda nə ABŞ, nə Fransa bu məsələ ilə məşğul olacaq. Gerçəklik bundan ibarətdir. ABŞ-da prezidentliyə namizədlər bilir ki, bir neçə min erməni var və onların səslərini qazanmaq üçün vəziyyətdən istifadə edirlər. Bəlkə də O'Brayanın bu bəyanatından Norveçin, yaxud Finlandiyanın heç xəbəri də yoxdur. Ola bilər ki, onların parlamenti buna razılıq da verməyəcək. Ola bilsin ki, Kaliforniyadakı ermənilər buna inanır. Amma mən sizə əminliklə deyirəm ki, bu, seçkiqabağı verilmiş vəddir. Yəni siyasi ritorikadır və seçkidən sonra yəqin ki, Tramp administrasiyası neytral mövqe nümayiş etdirəcək. Bir neçə gündən sonra O'Brayanın barəsində danışdığı məsləhətləşmələr gündəmdən çıxacaq. Sülhməramlıların missiyası tərəfləri nəyə isə məcbur etmək deyil, sülh prosesinə yardımçı olmaqdır. Amma bu barədə saziş yoxdur. Əslində, O'Brayanın açıqlaması göstərir ki, ABŞ Dalıq Qarabağ məsələsində Rusiyanın siyasi monopoliyasını saxlamaq istəmir. Rusiya da bunu hiss edəndə çalışacaq ki, heç olmasa, Azərbaycanın təklif etdiyi Türkiyə-Rusiya formatını saxlasın. Hətta ruslar istəyər ki, ABŞ-ı oyundan kənarlaşdırmaq üçün bu formata İranı da daxil etsin. Bu, uzunmüddətli prosesdir və xeyli müddət davam edəcək ”.
Müşfiq Abdulla
Tarix: 31-10-2020, 15:27
Xəbəri paylaş



Xəbər lenti