Ermənistan büdcəsi dövlət, yoxsa şirkət büdcəsi kimi... - TƏHLİL

Azərbaycan Ermənistanı bir obyekt gözündə alacaq qədər zəngin, Ermənistan (Rusiyanın obyekti) isə özünü satacaq qədər ehtiyaclı və yoxsuldur

(Qrant Ağasyana cavab əvəzi)

Ermənistanın düşdüyü miskin durumdan çıxması üçün ağlasığmaz ideyalar seriyası davam edir. Biri-birindən irəli gedən avantürist ideyaları göylərdə uçuşur. İnsanlar batdıqca əlini saman çöpünə atmağı son çarə bildiyi kimi, Qrant Aqasyan da daha ambisioz hədəflərlə ümidini itirmiş Ermənistan cəmiyyətini səfərbər etmək istəyir.

Erməni əsilli rusiyalı sahibkar, mesenat və ictimai xadim Qrant Ağasyan hərbi əməliyyatları dayandırmaq üçün “Dağlıq Qarabağ Respublikası”nı Azərbaycandan satın almağı təklif edib.

“Biz, dünyanın ən müxtəlif ölkələrindən olan erməni sahibkarlar bu müharibəni birdəfəlik bitirlmək, sövdələşmə aparmaq üçün hazırıq. Biz bu torpağı qiymətləndirməyə və ona olan iddiaları tamamilə və həmişəlik azərbaycanlı həmkarlarımızdan almağa hazırıq”, - Qrant bildirir.

O, torpağın müstəqil qiymətləndirilməsini, bombardmandan sonra onun real bazar dəyərinin və daşınmaz əmlakın hazırki vəziyyətinin nəzərə alınmasını və ya “Dağlıq Qarabağ Respublikası”na görə Ermənistan və Azərbaycan tərəfinin büdcələrində nə qədər vəsaitin yetmədiyinin hesablanmasını təklif edir.

“Biz erməni sahibkarlar bu vəsaiti toplayacağıq, həmin torpağı alacağıq və orada yaşayan insanlara verəcəyik”, - gənc milyarder bildirib.

Düşmən dövlət olduğu üçün aşağılamıram. Milli ideologiya səviyyəsində olan düşmənə qarşı beyinləri uşaqlıqdan zəhərləyən təbliğat motivlərinə görə bu erməni xalqını məntiqlə xəstə cəmiyyət adlandırmaq olar. XXI əsrdə dövlət səviyyəsində belə bir ideologiyanın daşıyıcısı olan dövlət nəinki çağdaş dövrün dövlət modellərinə, hətta klassik mənada dövlətin təməl anlayışlarını itirmiş durumda görünür. Bir dövlət özünün çıxarları və praqmatik maraqlarını bir kənara qoyub, qeyri-müəyyən gələcək üçün öz millətini zəlil etməsi gerçəkdən orta əsr düşüncəsinin qalıqları sayılmalıdır.

Əlbətdə ki, Azərbaycan torpaqlarını erməni milyarderləri tərəfindən satınalma iddiası olduqca gülüncdür. Özünü qoruma gücü olmayan bir dövlətin başqa dövlət torpaqlarını pulla satınalma cəhdi sadəcə nonsensdir. Amma Azərbaycanın özünün daxili daxili resurslarını mobilizasiya etməsi hesabına Ermənistanın bütün iqtisadi vahidlərini asanlıqla satınala bilər.

Azərbaycan üçün Qarabağda savaş Vətən müharibəsi sayılmaysaydı, asanlıqla valyuta ehtiyatlarından azca xərcləmək hesabına muzdlu döyüşçülər hesabına torpaqları çox asanlıqla ala bilərdi. Amma bir millətin heysiyyatı, milli qüruru və torpağının müqəddəsliyinin dərkı anlayışı varsa, onun sərvətinin çoxluğu milli qeyrətini kölgədə qoymalı deyil. Ona görə insanımız döyüşür, pulumuzu satınalma vasitəsi etmirik.

Ermənistanın 27 il rus-erməni hərbi qoşun heyəti hesabına əldə etdikləri Azərbaycan torpaqlarında daşın-daş üstünə qoya bilmədikləri onların bir dövlət olaraq hansı investisiya potensialına sahib olduqlarını ortaya qoyur. Bunu qaytarılan torpaqlarda hansı sərmayələrin qoyulmadığını təkcə bizlər görmədik. Beynəlxalq hesabatlarda da bu qırmızı hərflərlə keçir.

“Dünya investisiya hesabatı 2020”da qeyd olunur ki, son 6 il ərzində Ermənistana cəmi 1.6 milyard dollar səviyyəsində Birbaşa Xarixi İnvestisiya yatırılıb (müqayisə üçün Azərbaycana 19 milyard dolları). 2019-cu ilədək ölkəyə daxil olan BXİ həcmi isə cəmi 5.9 milyard ABŞ dolları olmuşdur (bu göstərici Azərbaycanda 32 milyard ABŞ dollarıdır). Sən sabit iqtisadi reyslərin mövcud olduğu şəraitdə xarici sərmayəni ölkənə cəlb edə bilməmisənsə, hərbi konfliktin şiddətləndiyi zaman müddətində bunu necə edəcəksən?

Ermənistan regionun enerji layihələrindən tam təcrid halına gəlmiş dövlət iqtisadi dayaqlarını necə yarada biləcəyi infrastrukturu üzərində düşünməkdənsə, ianələrlə dövlət büdcəsini necə doldurmaq haqqında düşünür. Əslində bu durumda olan bir dövlət sabit maliyyə qaynaqlarından məhrum, xarici dövlətlərdə yaşayan həmvətənlərinin maliyyə transfertləri hesabına tədiyyə balansında kövrək müvazinətə nail olmaqdansa, ondan necə xilas olması haqqında düşünməlidir.

Ermənistan büdcəsi dövlət, yoxsa şirkət büdcəsi kimi...

Müharibə başlayandan Azərbaycan dövlət büdcəsi ilin əvvəlində olduğu xərc istiqamətləri üzrə heç bir dəyişiklik aparmayıb. Müdafiə xərclərində heç bir fors-major hal yaranmayıb. Büdcə kərsi həddi böyüməyib. Ümumiyyətlə büdcə ilə bağlı hər hansı sekvestr tətbiq olunmayıb.

Ermənistanın dövlət büdcəsi isə müharibə başlayandan cəmi 10 gün bu xərc “zərbəsinə” dözə bildi. Ermənistan dövlət büdcəsində cari xərclərini artırmaq məcburiyyətində qalıb. Xərcin artımı ÜDM-də payı faizlərlə yox, dəfələrlə artırıb. Əgər büdcə təsdiq olunanda Ermənistanın büdcə kəsri həddi ÜDM-nin 2,4% səviyyəsində proqnozlaşdırılırdısa, son dəyişiklikdən sonra bu rəqəm 7,4%-ə yüksəlib.

Ermənistan rəhbərliyi hələ də başa düşməyib ki, onların bir dövlət kimi büdcə gəlirləri Azərbaycanın təkcə büdcədənkənar bircə fondundan kiçikdir. Azərbaycanın təmir-tikinti, sosialyönlü büdcə yükü, Ermənistandan yenə böyükdür.

Qrant Aqasyan satınalma ideyasını ortaya qoymazdan öncə gərək təəsübünü çəkdiyi bir dövlətin sərvətləri, valyuta ehtiyatları və ixracdan gəlir diapazonuna diqqət yetirəydi. Onda görəcəydi ki, Ermənistanın bu qədər simvolik səviyyədə olan valyuta rezervləri dünya çapında orta səviyyəli şirkətlərin likvid potensialından kiçikdir. Dünyada elə futbol klubları vardır ki, onların transfertlərlə aldıqları oyunçularin dəyəri Ermənistan büdcəsindən bahadır.

Borc bataqlığında olanın satınalma fantaziyası

Q.Aqasyan satınalma haqqında yox, Ermənistan adında dövlətin öz varlığını sürdürmək haqqında düşünə bilməsi onun üçün çox böyük üstünlükdür. İqtisadiyyatını öz yağında bişirə bilsə, bu onlar üçün mühüm avantaj olar. Dərd orasıdır ki, onlarda belə bir fiskal potensial yoxdur. Dövlət öz xərclərini artıq maliyyələşdirə bilmir. Ermənistan dövlət adından daha çox borc yükü altına girməli olub. Müharibə başlanandan sonra təkcə Ermənistanın dövlət borclarının ÜDM-ki payı 6% yüksəlib. Artıq dövlət borclarının həcmi 6 mlrd. dolları ötüb.

Sən dövlət olaraq hələ bu borcu nə zaman qaytarmaq haqqında düşün, sonra torpaqların satınalması kimi sərsəm ideyalarla cəmiyyəti zəhərləyə. Təbii ki, biznesmenlərin torpaqları pulla satın almaq haqqında xəstə düşüncələri orta əsrdən qalma təfəkkürdür. Həmin əsrlərdə torpaqları satınalma üçün xəraclar verilərdi. Onda torpaq müqəddəsliyindən daha çox merkantilist düşüncə də mövcud idi.

Amma XXI əsrdə 2-3 milyonluq dövlət şəkli almamış bir təsisat 10 milyonluq əhalisi, təbii resursu, valyuta ehtiyatları və geniş ərazisi olan bir dövlətdən pay ala bilər? Hələ Azərbaycanın yaxın illərdə artan maliyyə resursları və 10 milyardlarla ölçülən sərmayələri ilə Ermənistana qarşı iqtisadi ekspansiya siyasəti yürütməliyik. Biz çox təvazökar qonşu olmuşuq. İndi artıq qonşuluq münasibətimizin təbiətini kökündən dəyişməliyik. Əzici gücün bütün vektorlarını “Demokl” qılıncı kimi Ermənistanın başı üzərində saxlamalıyıq.

Azərbaycanın Ermənistana qarşı iqtisadi ekspansiyası siyasəti

Azərbaycan torpaqlarımız işğaldan azad olandan sonra görməli olduğumuz birinci iş – Azərbaycan 27 il ərzində dəymiş maddi və qeyri-maddi itkilərlə bağlı yüksək məbləğdə kompensasiya tələbini irəli sürmək olmalıdır.

Qrant Aqasyan bilməlidir ki, xarici impulslar hesabına dövləti sonsuza qədər ayaqda tutmaq mümkün deyil. Azərbaycanlıların belə bir atalar sözü var: “Eldən gələn yardımla öyün olmaz, olsa da doyum olmaz” Xaricdən gələn yardımla bir ölkə büdcəsi dola bilməz, dolsa da öyünə bilməz.

“Kimin pulunu kimə xərcləyirsən?” adlı əhvalat çoxlarına tanışdır. İnsanın pul xərcləmədəki 4-lü kombinasiya var: (ı) öz pulunu özü üçün xərcləyirsə; qiymət və keyfiyyətə baxar, (ıı) öz pulunu başqası üçün xərcləyərsə; yalnız qiymətə baxar, keyfiyyətə baxmaz, (ııı) başqasının pulunu özü üçün xərcləyərsə, yalnız keyfiyyətə baxar, qiymətə baxmaz, (ıv) başqasının pulunu başqası üçün xərclərsə, nə qiymətə, nə də keyfiyyətə baxar.

Bundan Ermənistan üçün hansı mesajın çıxarılması olduqca asandır. Ermənistan başqasının pulun xərcləyər, nə qiymətə baxar, nə keyfiyyətə.

Son: Qrant Aqasyan unutmasın, Ermənistanın dostları Azərbaycan torpaqlarını alacaq qədər varlı, Azərbaycan isə öz torpaqların satacaq qədər yoxsul deyil. Amma Azərbaycan Ermənistanı bir obyekt gözündə alacaq qədər zəngin, Ermənistan (Rusiyanın obyekti) isə özünü satacaq qədər ehtiyaclı və yoxsuldur.

Məhəmməd Talıblı
\\azpolitika.info\\
Tarix: 31-10-2020, 10:30
Xəbəri paylaş



Xəbər lenti