"Paşinyan devriləcək, amma bu…"




Ermənistanda müharibədən əvvəl də konfliktlər müşahidə olunurdu. Müharibə başlayan kimi onlar səfərbər olmağa cəhd göstərdilər. Sanki daxili konfliktlər söndü. Amma Nikol Paşinyanın vəziyyəti onların istədiyi kimi idarə edə bilməməsi yenidən etirazlara səbəb oldu. Bu etirazlar istər siyasi müxalifət təşkilatları, istər “Qarabağ klan”ı, istərsə də hərbçilər tərəfindən səsləndirildi. Xüsusilə, Ermənistanda hərbi və siyasi rəhbərlik arasında fikir ayrılığı bundan əvvəl -Tovuza hücum zamanı yaranmışdı. İndi isə tam açıq şəkildə özünü göstərir.

Bu fikirləri hərbi ekspert Azad İsazadə deyib.

Mütəxəssis diqqəti son bir ayda Ermənistanda baş verən kadr dəyişikliklərinə çəkərək deyib ki, bu dəyişikliklərin əsasən güc strukturlarında edilməsi təsadüfi deyil. Onun sözlərinə əsas kadr dəyişikliyi Daxili Qoşunlarda, Təhlükəsizlik Xidmətində, Polis Xidmətində, Sərhəd Qoşunlarında və s. strukturlarda baş verib:

“Dolayısı yolla Paşinyana etiraz edən və təhlükə yarada biləcək fiqurlar vəzifələrindən kənarlaşdırılır. İndi proses əsasən “Qarabağ klan”ı, müxalif qüvvələr və hərbçilərin birləşməsi istiqamətində inkişaf edir. Əgər bu üç istiqamət bir araya gələ bilsə, Nikol Paşinyanı devirmək üçün münbit şərtlər ortaya çıxa bilər”.

Bununla belə Azad İsazadə hesab edir ki, Azərbaycan üçün Ermənistanda Nikol Paşinyan nə qədər hakimiyyətdə qalsa, bir o qəər sərfəlidir:

“Çünki bu zaman Ermənistanda daxili çəkişmələr davam edəcək, vahid komandanlıq olmayacaq, real vəziyyətdən çıxış axtarılmayacaq. Odur ki, biz vəziyyətə nəzarət etməli, analizlər aparmalı və vəziyyətin dəyişə bilməsi anında hazırlıqlı olmalıyıq. Ancaq dünyada şərtlər də dəyişib. Biz bütün hallarda mümkün olan riskləri nəzərə almalıyıq”.Teleqraf
Tarix: 30-10-2020, 14:40
Xəbəri paylaş



Xəbər lenti