“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Aleksey Blüminov


“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” -               Aleksey Blüminov
Ukraynalı politoloq: “Azərbaycan hərbi yolla dəqiq irəliləməyi bacarır, lakin Ukrayna indi Donbass uğrunda müharibə aparmağa hazır deyil
 
Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədə rəsmi səfərdə olarkən, ölkələr arasında hərbi-texniki əməkdaşlıq haqqında bir sıra müqavilələr imzalandı. Səfər ərəfəsində, Ukraynanın Türkiyəyə pilotsuz uçuş aparatları (PUA) istehsal edən bir müəssisə inşa etmək üçün yer verəcəyi barədə məlumatlar var idi.
 
Bu barədə Ukrayna Baş Nazirinin müavini, Strateji Sənayelər naziri Oleq Uruski də açıqlama vermişdi: “Artıq Türkiyə tərəfi pilotsuz uçuş vasitələri istehsal edəcək bir müəssisə inşa etmək üçün sərmayə qoymağa hazırıdr. Bizdən müvafiq tələblərə cavab verən bir məkana ehtiyac duyurlar. Ukraynalı layihə mühəndislərinin türk müəssisəsində çalışacağı və bu müəssisənin həm Ukrayna bazarında, həm də digər yerlərdə PUA satmaq hüququ olması planlaşdırılır. Buna görə də indi istehsal üçün yerlə harada təmin edəcəyimizi araşdırırıq”.
 
Ukraynalı siyasi analitik Aleksey Blüminov AYNA-ya müsahibəsində Türkiyə ilə Ukrayna arasındakı münasibətlərdən, bu münasibətlərin hərbi-siyasi sahədə necə inkişaf edəcəyindən və s. məsələlərdən danışıb.
NATO Ukraynada Rusiya əleyhinə vuruşacaq – Blüminov
- Zelenski ilə Ərdoğanın Ankarada hərbi-texniki əməkdaşlıq haqqında imzaladıqları müqavilələri necə qiymətləndirirsiniz?
 
- Türklər bizimlə bir şey quracaqlarsa, iqtisadi bir proteksionist olaraq bu cür müqavilələrin, hətta normal münasibətlər saxladığımız xarici ölkələrə deyil, məhz Ukrayna firmalarına verilməsini istərdim. İnvestisiya qoyuluşu müsbət haldır, amma lokalizasiyanın da əhəmiyyətli bir faizi olmalıdır. Yəni türklər tikirlər, ancaq inşaat materiallarını, məsələn, Ukrayna istehsalçılarından alırlar. Əks təqdirdə, heç kimin xətrinə dəyməsin, amma bizim yalnız türk podratçılarını sifariş və işlə təmin etdiyimiz ortaya çıxır.
 
Türkiyə ilə Ukraynanın müştərək pilotsuz təyyarələr istehsalının inkişafından sonra, sizin işğal altındakı ərazilərinizi hərbi yolla həll etməyə çalışmağınız mümkündürmü?
 
- Bu cür razılaşmaların Donbasdakı vəziyyətə təsirindən əmin deyiləm. Qarabağda baş verənlər göstərdi ki, Bakı hərbi yolla dəqiq irəliləməyi bacarır. Ancaq Ukrayna indi Donbass üçün ciddi müharibə aparmağa hazır deyil. Rəy sorğuları göstərir ki, əksər ukraynalılar sülh istəyirlər. Hökumətimiz də bu dar “çərçivədə” hərəkət etməlidir. Bundan əlavə, Ermənistan və Azərbaycanın iki, təxminən bərabər dövlət olduğunu nəzərə almalısınız. Üstəlik, Azərbaycan həm əhali baxımından, həm də ordunu silahla təchiz etmək baxımından Ermənistandan daha böyük və güclüdür. Amma Rusiyaya qarşı Ukrayna yeddi qat daha az ərazi, üç dəfə az əhali və 20 dəfə az hərbi büdcəyə malikdir. Bu cür ilkin göstəricilərlə müharibə aparmaq intihardır. Rusiya Federasiyasının bütün problemləri ilə yanaşı, Putinin dövründə heç vaxt maliyyə qıtlığı çəkməyən güclü sahələri - ordu və hərbi sənaye kompleksi var.
 
- Qarabağ müharibəsi göstərdi ki, Ukrayna qətiyyətlə Azərbaycanın yanında dayanır. Bir sıra yerli və hətta rusiyalı mütəxəssislər Ankaranın Kiyev-Ankara-Bakı oxunu təşkil etdiyi barədə yazmağa başladılar. İndiki şərtlərdə bu, nə dərəcədə mümkündür?
 
- Xarici İşlər nazirimiz Kulebanın belə bir ittifaqın arzuolunanlığı ilə bağlı son açıqlamalarını nəzərə alsaq, nəzəri cəhətdən bu, mümkündür. Ancaq tərəflərin qüvvələri ilə təminatları arasında çox açıq bir uyğunsuzluq olduğu üçün bunu çətin ki, tam bir ittifaq adlandırmaq olsun. Ukraynanın mövcud vəziyyətində, obyektiv olaraq, ərazilərindən bir növ bazalar üçün istifadə edilməsi xaricində, Türkiyəyə təklif ediləcək bir şeyi yoxdur. Ancaq Krımın itirilməsi səbəbindən bunu da həyata keçirmək çətindir - Rusiya Federasiyasının Qara dənizdəki donanması açıq şəkildə anti-rus bir ittifaq yarandığını görərsə, Türkiyə gəmilərini Odessaya belə, buraxmaz. Buna görə də düşünürəm ki, hər şey maksimum Ukrayna Silahlı Qüvvələri üçün türk silahı, ehtimal ki, əvvəlki kimi pilotsuz təyyarələr, bəlkə də tüfənglər verilməsi ilə məhdudlaşacaq.
 
Nəhayət, Krım tatarları faktoru kimi incə bir problemi unutmayaq. Kiyevdə heç də hamı Ankaranın Krımla bağlı fikirlərinə sakit yanaşmır və Krım Tatar Məclisi rəhbərliyi ilə Ərdoğan arasındakı aktiv təmasları alqışlamır. Xüsusilə, radikal millətçilər Ukrayna Konstitusiyasında Krımın bir Krım Tatar Muxtariyyəti statusu ilə təsbit edilməsinə tamamilə qarşı çıxırlar.
 
Və əsas məsələ. Türkiyə və Azərbaycan xarici siyasətlərində tamamilə müstəqil yol seçmiş ölkələrdir. Ərdoğanın hakimiyyəti dövründə Ankara Avropaya inteqrasiya istəklərinə son verdi. Türkiyə ölkənin on illərdir Avropa İttifaqına üzvlüyünü ləngitməsinin rəsmi səbəbi olan, avropalılar üçün vacib olan bir çox mövzuda Paris və Berlin ilə ciddi şəkildə mübahisə etdi. Ukrayna yatıb yuxuda da özünü Aİ və NATO-da görür və bu səbəbdən Aİ və ABŞ-ın siyasətlərinə qarşı çıxmağı bacarmır. Məsələn, Berlin, Paris və ya Vaşinqton, nədənsə Ankara, Kiyev və Bakı arasında belə bir ittifaqa ehtiyaclarının olmadığına qərar verərsə, ritorikası dəyişməz qalsa da, Ukraynanın kəskin şəkildə əyləcə basacağını əminliklə düşünürəm. 
 
- Bu gün Türkiyənin post-sovet məkanında Rusiyanı sıxışdırmağa çalışdığı fikri tez-tez eşidilir. Belə düşünmək nə dərəcədə doğrudur?
 
- Türkiyə, həqiqətən Rusiyanın qorxduğu şeyi edir - regional supergüc olması statusu və rolu iddialarını həqiqətən təsdiqləyir. Bunun üçün NATO-dakı tərəfdaşların tələblərinə qarşı çıxmaq lazım olsa belə, Ankara buna gedir. Əslində, Ərdoğanın son addımları bütün Türk dünyasına Ankara olmadan bu məkanda ciddi məsələlərin həll olunmadığı və müzakirə edilmədiyinin siqnalıdır.
 
Bundan başqa, Türkiyə aktiv və səmərəli yumşaq güc siyasəti həyata keçirir. Obyektiv olaraq bu, Moskvanın həsəd apardığı uğurlu bir işdir, çünki ruslar nə öz ərazisindəki türklərə, nə də qonşu müsəlman ölkələrinə bu cür bir siyasət təklif edə biliblər. Məsələn, bu xalqların Rusiya ilə tarixi qohumluğunu və yaxınlığını vurğulayan bir mədəni məhsul belə, təklif etmədilər.
 
Üstəlik, Moskva, istər azərbaycanlı, istərsə də erməni diasporlarının düşüncələri uğrunda apardığı mübarizədə də məğlub oldu. O mənada ki, diasporların nümayəndələri artıq rəsmi Moskvanın mövqeyini deyil, tarixi vətənlərini rəhbər tuturlar. Nəticədə, Rusiya Federasiyasının federal kanallarının studiyalarında konkret Azərbaycan-Ermənistan “döyüşlərini” görürük. Türkiyədə belə bir hal yoxdur. Orada mövqe birləşmiş, aydın, birmənalıdır. Və Bakıya birmənalı dəstək Ərdoğanı bir növ sabitliyi pozmaqla təhdid etmir. Amma münaqişə tərəflərindən yalnız birinin açıq şəkildə dəstəklənməsi halında Putin üçün bu təhlükə realdır.
Tarix: 28-10-2020, 19:19
Xəbəri paylaş



Xəbər lenti