Ermənistanda 2019-cu ildə 5 milyon dram məbləğində girov müqabilində həbsdən azad edilmiş səhiyyə nazirinin keçmiş müavini Vaan Poqosyana qarşı yeni ittihamlar irəli sürülüb və barəsində həbs qəti imkan tədbiri seçilib.Bu barədə “
Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, sabiq müavinə qarşı ötən ilin martında Vərəmlə Mübarizə üzrə Milli Mərkəzdə maxinasiya faktı üzrə cinayət işi qaldırılıb. 2019-cu ilin martında Poqosyan məhkəmənin qərarı ilə 5 milyon dram məbləğində girov müqabilində azadlığa buraxılıb.
Cari ilin 11 avqustunda ona qarşı ittiham dəyişdirilib. V.Poqosyana qarşı yeni ittihamlar irəli sürülüb. Poqosyan QİÇS-lə və vərəmlə mübarizə üzrə proqramlarda fırıldaqçılıqlarda iştirakda, külli miqdarda pul vəsaitinin mnimsənilməsində ittiham edilir.
İstintaqa əsasən ümumilikdə 78 341 320 dramdan çox pul mənimsənilib. Bu vəsaitin üçdə ikisi Poqosyana çatıb, 20 591 320 dramı isə mərkəzin direktoru mənimsəyib.
Sabiq nazir müavini həmçinin vərəm xəstələrinə sosial yardım proqramı çərçivəsində ayrılan məbləğin mənimsənilməsində ittiham edilir. Söhbət 8 371 880 dramdan gedir.
İş çərçivəsində daha 12 nəfərə qarşı ittiham irəli sürülüb.
Tarix: 8-09-2020, 08:07