Son illər hakimiyyət divarları arasında baş vermiş maxinasiyaları, milyardlarla vəsaitin ayrı-ayrı məmurlar tərəfindən talanması haqda araşdırmalar Kreml üçün Navalnın və tərəfdarlarının cəmindən daha ciddi problem idi...Rusiyalı müxalifətçi Aleksey Navalnı barədə ən bədbin proqnozlar doğrulmaqdadır. Navalnının “Noviçok”la zəhərlənməsi barədə Almaniya həkimlərinin verdiyi rəyi Rusiya tərəfi aydındır ki, heç zaman qəbul etməyəcək. Bu, hələ Navalnı Omsk xəstəxanasından xüsusi təyyarə ilə Almaniyaya aparılandan məlum idi ki, onun başına gələnlər sadəcə, zəhərlənmə deyil, konkret şəxsə qarşı həyata keçirilmiş xüsusi əməliyyatdır, lap dəqiqi teraktdır.
Bu cür əməliyyatın icra edilməsinə o vaxt göstəriş verilir ki, həmin şəxsi dayandırmaq üçün başqa yol qalmır. Komissar Katani kimi güllələrlə deşik-deşk edirlər. Rusiyanın daxili vəziyyətinin ən azı son 15 ilini izlədiyimdən əminliklə deyirəm ki, Navalnı Kreml üçün “Noviçok”la durdurulacaq siyasi rəqib deyildi. Amma Navalnın rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu-qısa olaraq antikorropsiya fondu-Rusiya hakimiyyəti üçün çox təhlükəli idi.
Son illər hakimiyyət divarları arasında baş vermiş maxinasiyaları, milyardlarla vəsaitin ayrı-ayrı məmurlar tərəfindən talanması haqda araşdırmalar Kreml üçün Navalnın və tərəfdarlarının cəmindən daha ciddi problem idi.
Putinin bütün yaxın ətrafı, nazirlər, konsern rəhbərləri, baş prokuror, Prezident Qvardiyasının rəhbəri və daha kimlər antikorrupsiya fondunun hədəfi olmuşdu. Bu, Putinin hakimiyyəti üçün doğurdan da real təhlükə idi. Bu informasiyaların bir çoxunu Fond rəsmi məlumatlardan, torpaq və vergi sənədlərindən tapıb üzə çıxarırdı və kəşfiyyat məlumatları hesab oluna bilməzdi. Amma əlbəttə ki, məsələn, Solovyov kimi odioz jurnalistlərin xaricdəki əmlakları haqda araşdırma aparanda Fond xarici tərəfdaşlarına müraciət edə bilərdi. Yəni Navalnın müxalifətçi kimi gördüyü iş onun Fond rəhbəri kimi fəaliyyətinin kölgəsində qalırdı. Bu səbəbdən belə ifşaedici araşdırmalar mafiyalaşmış siyasi sistemlərdə narahatlıqdan əlavə qəzəb və kin doğurur.
Müxalifətçi Navalnı Rusiyanın bütün müvəqqəti istintaq təcridxanalarında sutkalıq həbslərə məhkum etməklə zərərsizlişdirmək olduqca asan iş olub. Amma onun ifşa araşdırmalarının qarşısısını almaq çətin idi və bu da onun zorla durdurulması üçün əsas ola bilərdi. Hər araşdırma bir bomba effekti verirdi...Mafiya filmlərində cızığından çıxanlar bossun “öldürün!” əmri ilə aradan götürülür. Filmlərdən daha amansız bizim dünyada isə bu sadəcə sifarişlə, icraçı ilə yekunlaşmır. Qan tökmək, atəş açmaq kimi qorxulu səhnələr də burada yoxdur. Burada hər şey zərgər dəqiqliyi ilə hesablanır, icraçılar arasında bölgülər aparılır və sairə...
Fikir verin, Navalnı Moskvadan Tomska getmək üçün təyyarəyə minəndən yalnız su içdiyi deyilir. Bu suyu məhz “Noviçok” qatmaqla zəhərə çevirmək asan iş ola bilməz. Navalnın paltarına toxunmaqla və ya istifadə etdiyi salefetlə zəhərlənməsi barədə də danışılır. İddia olunur ki, əgər Navalnıya yüksək dozalı zəhər verilsəydi, xəstəxanaya çatdırılmadan ölərdi. Çünki “Noviçok”un 5-6 damcısı ölüm üçün kifayət edən dozadır.Amma bu qəsdi planlanlaşdıranlar niyə faciəvi sonluğu bu qədər uzadıblar ki, indi Almaniya klinikasının həkimlərinin hökm kimi laborator sənədinin qarşısında qalmayalar? Eyni hadisə Skripal və qızı işində də sual kimi qaldı. Ata-qız Sklripalları aradan götürmək üçün Londona gələnlər ifşa olundu, hansı xidmətin əməkdaşları olduğunu Britaniya kəşfiyyatı videosübutlarla ortaya qoydu. Amma sual açıq qaldı: “Noviçok” niyə Skripalları öldürmədi? Eyni sual indi də aktualdır: məqsəd Navalnını öldürmək deyilsə, bəs nədir? Niyə nəticəsini bildiyin halda, Navalnını zəhərləyib Almaniyanın həkimlərinin əlinə verəsən, üstəlik, bu boyda dünyanı da yenidən sanksiyalarala üzərinə tökəsən? Kremldə oturanlar bu qədər dardüşüncəli ola bilməzlər axı...
Bu mövzudakı ötən yazıda qeyd etmişdim ki, Navalnının bundan sonra ölkəyə qayıtması və mübarizə aparması rəsmi Moskvaya bəlkə də yazadək vaxt qazandıracaq. Pandemiyadan iqtisadiyyatı xeyli təntimiş Kremlə üzü payıza bir az rahat nəfəs almaq üçün zaman gərəkirdi ki, onu Navalnının zəhərlənməsi hesabına qazandılar. Ancaq son məlumatlara görə, süni komada olan Navalnın normal həyata qayıtması üçün ən azı bir il vaxt lazımdır...
Hakimiyyətin bu işdə əli yoxdursa, Navalnını zəhərləyənlərin tapıb üzə çıxarmalı, üzərindəki bu ləkəni təmizləməlidir. Doğrudur, indən sonra Rusiyanın dediyinə inanan çətin ola. Amma Qərbin sanksiyaları da əvvəlki Navalnını geri gətirməyəcək...
Nazim SABİROĞLU
Tarix: 4-09-2020, 08:45