ALMAN “DƏRİN DÖVLƏT”İ ARALIQ DƏNİZİNDƏ VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRİR:Merkelin "Xaç yürüşləri"ni xatırladan bəyanatı bölgəyə nə vəd edir?


Ərgün Dilər
“Takvim” qəzeti, Türkiyə
 
Bir neçə gündür Almaniya və Aralıq dənizindən yazıram. Ötən gün burda 2019-cu ilin iyulunda Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbayerin  “Deutsche Mittelmeer” (Almaniyanın Aralıq dənizi) planından söhbət açdım. Bu, Almaniya dövlətinin fəaliyyət tərzidir. Almaniyanın Aralıq dənizində var olması üçün atmayacağı addım yoxdur.
Onlar üçün enerjinin, pulun, İpək Yolunun ortasında yer almaq həyati önəm kəsb edir. Əslində, vəziyyət elə də anlaşılmaz deyil. Dünən Angela Merkel səhnəyə çıxdı və gözlənilən açıqlamanı etdi. Almaniya, Aralıq dənizinin şərqindəki Türkiyə-Yunanıstan gərginliyi ilə əlaqədar bu günə qədər neytral mövqedə qalmışdı və məsələnin ikitərəfli dialoq yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirirdi. Ancaq Merkel bütün bunları bir kənara qoydu. Almaniyanın Baş naziri “Bütün Avropa Birliyi ölkələri Yunanıstana dəstək verməyə borcludur” ifadələrini işlətdi.
Bu, Almaniya dərin dövlətinin verdiyi bir qərardır və Avropa ilə Türkiyə münasibətləri istənilən sahədə daha da gərginləşəcək, təzyiq daha da artacaq. Almaniya Fransanı da öz yanına çəkəcək və nəticədə hər sahədə qarşı-qarşıya gəlməli olacağıq. Beləliklə, daxili siyasət də bu məsələdən öz payını alacaq.
İndi isə Aralıq dənizindən davam edərək, bir az hadisənin dərinliyinə enək. ABŞ-ın ən önəmli iki enerji şirkəti “Exxon Mobil” və “Nobel” İngiltərənin “BG Group”, Fransanın “Total” və İtaliyanın “Eni” şirkətləri ilə başladığı çalışmalarda Aralıq dənizi bu gün dünyanın ən önəmli su sahəsi kimi qiymətləndirilir.
Şirkətlərin hər biri fərqli çalışmalar edib. Bütün enerji şirkətlərinin özəl məsləhətçiləri tərəfindən aparılan araşdırmalar Aralıq dənizinin bu gün qiymətləndirilən dəyərdən daha vacib olduğunu göstərir. Əslində, bunun vacibliyi baş verən “ərəb baharı” ilə anlaşılıb. O gün baş verən dağıntıları çox adam qaçırdı. İndi həmin gün başlayan treylerin filmə çevrildiyini görürük.
Keçən il “Exxon Mobil” şirkətinin direktoru Darren V.Vuds Aralıq dənizi ilə bağlı tarixi açıqlamalar verib. O, “Aralıq dənizi dünya okeanlarından və digər dənizlərdən daha qiymətlidir” deyə, öz ifadəsində bildirib.
Şirkət direktoru “Buna səbəb nədir? Ona görə ki, 100-ə yaxın ölkənin heç bir iş görmədən Aralıq dənizində güc uğrunda vuruşması bu bölgənin nə qədər dəyərli olduğunu sübut edir. Aralıq dənizini enerji sahəsi ilə qiymətləndirirəm. Əmin olun ki, 100 ölkənin məqsədi yalnız enerji deyil. Bir az araşdırma Aralıq dənizinin gələcəkdə nə qədər əhəmiyyətli olduğunu başa düşməyə imkan verəcək” – deyə, əlavə edib.
Darren V.Vuds bu mövzuda tamamilə haqlıdır. “Exxon Mobil”, “Nobel”, “BG Group”, “Total” “Eni” şirkətlərinin rəhbərləri də çox vacib fiqurlardır. Lakin Darren V.Vuds onlardan çox fərqlidir. ABŞ-ın  ümumi enerji rəhbəri Darrendən başqa birisi deyil. İndi Aralıq dənizinin nə qədər vacib olduğunu anlamışıqsa, başqa bir vacib məsələyə keçək.
Vudsun dediyi kimi, 100 ölkə Aralıq dənizində olmaq istəyir. Ancaq məsələ burasındadır ki, həmin 100 ölkə üçün bölgədə nə enerji, nə də yer kifayət qədər deyil. Bu da sirr sayılmır. Böyük oyunçular istisna olmaqla, bölgədə heç kim olmayacaq. Bu, bilinən, amma sakit səslə danışılan mövzudur. Böyük oyunun böyük oyunçuları isə ABŞ, Türkiyə, Fransa, İtaliya, Almaniya, İngiltərə və Rusiyadır.
Nə Yunanıstan, nə İspaniya, nə də Misir əslində oyunçu hesab edilmirlər. Bu, ola da bilməz. Bəzilərinə görə, real “G7” olaraq göstərilən bu ölkələr üçün də yer və enerji kifayət qədər deyil. Verilən şərhlər bu yöndədir. Bu gün Türkiyə ilə qarşıdurmaya girən Yunanıstanın Aralıq dənizindən heç bir pay ala bilməyəcəyini neçə nəfər bilir? Yunanıstanın  Ətraf və Enerji naziri Hacidakis bu yaxınlarda Mkronla görüşüb.
Yunanıstanın baş naziri Miçotakislə deyil, Hacidakislə nə üçün danışdığı hələ qaranlıqdır. Ancaq Hacidakis Miçotakisə izah edib ki, görüşdən sonra Fransa Yunanıstanın Aralıq dənizindəki  bütün ərazisini əhatə edən bir layihə həyata keçirir. Həm Almaniya, həm də ABŞ Yunanıstanın bütün hüquqlarından istifadə etmək istəyir.
İndi belə bir vəziyyətdə Aralıq dənizində təkbaşına böyük güc olma xəyalı ilə yaşayan Yunanıstan üçün qara günlər hələ başlamayıb. Amma hələ ki, bunu görə bilmirlər. Fərqinə varsalar belə, yenə də edə biləcəkləri bir şey yoxdur. Pulun və gücün yoxdursa, əmr almaqdan başqa bir şey bacara bilmərsən.
Türkiyənin vəziyyəti isə olduqca fərqlidir. Türk dövləti öz gücü ilə meydandadır. Böyük oyunun bütün oyunçularını bilir, tanıyır, nə istədiklərini də bilir, ancaq yenə də öz bildiyini edir. Bütün bu hadisələr Türkiyəni Aralıq dənizində böyük gücə çevirir. Ancaq Yunanıstan üzərindən qurulan bu oyuna Türkiyə də cəlb olunmaq istənilir.
Türkiyə ilə Yunanıstanı qarşı-qarşıya gətirməyə çalışan güc hər iki dövlətin də düşəcəyi ziyanı hesablayır. Əgər Türkiyə ilə Yunanıstan arasında hər hansısa müharibə baş versə, digər dövlətlər hər iki dövlətin haqlarını əlindən almağı planlaşdırır.
Bunu tam olaraq anlamaq üçün Paris və ya Vaşinqtonda keçirilən gizli iclasları araşdırmaq yetərlidir. Keçirilən bu iclaslarda “Həm Türkiyəni, həm də Yunanıstanı necə çətin vəziyyətə salmaq olar?” sualının cavabı axtarılır.  İki qonşu ölkəni üz-üzə gətirmək elə də çətin məsələ deyil.
Tarixi münaqişədə olan iki ölkənin müharibəyə getməsi daha asandır. Ancaq Yunanıstanın Türkiyə ilə müharibəyə girməsi bölgə üçün böyük fəlakətə səbəb ola bilər. Bu da digər ölkələri düşündürən bir məsələdir. Darren V.Vudsu yaxşı-yaxşı izləmək çox önəmlidir.
Darren V.Vudsun şərhlərini, ziyarətlərini və nəticələrini anlayan kimi, Aralıq dənizinin gələcəyini anlayacağıq. Avropa yaxşı bilir ki, əgər Aralıq dənizində öz yerini tuta bilməsə, çöküşə gedəcək şəkildə ABŞ tərəfindən blokadaya alınacaq.
Çin bura gələ bilməsə, İpək Yolunda heç bir gücü olmayacaq. Bu, sirr deyil. İngiltərə isə çox yaxşı bilir ki, əgər öz adasından isti dənizlərə gələ bilməsə, hüzuru qalmayacaq. Bu, həll yolu çox çətin tənliyə bənzəyir. Ancaq müharibənin mərkəzi Aralıq dənizidir. Aralıq dənizi isə Afrikaya, Orta Şərqə və Avropaya açılan qızıl qapıdır. Qapını döyən hələ çox olacaq. Önəmli olan qapıdan ilk kimin keçəcəyidir.
Tərcümə Strateq.az-ındır.
Tarix: 3-09-2020, 21:54
Xəbəri paylaş



Xəbər lenti