“Putin gedir: Rusiyada hakimiyyətin ötürülməsi prosesi başlayıb” - Gennadi Qudkov


 Gennadi Qudkov
 
“Rusiyanı tezliklə siyasi turbülans və gözlənilməz dəyişikliklər gözləyir”.
 
Ovqat.com xəbər verir ki, Rusiya siyasətçisi Gennadi Qudkov bu qənaətdədir. 
 
 
O, qələmə aldığı “Putin gedir: Rusiyada hakimiyyətin ötürülməsi prosesi artıq başlayıb” sərlövhəli məqaləsində  fikrini belə əsaslandırıb:
 
İki hadisə Rusiyada vəziyyəti daha aydın və anlaşılan edib: koronavirus və Aleksey Navalninin zəhərlənməsi. Bəli, məhz bu cinayət hadisəsi tezliklə gələcəyimizin daha yaxşı anlaşılmasının mürəkkəb pazl mozaikasında çatışmayan son parça oldu. Qeyd etmək istəyirəm ki, mən heç vaxt konspirologiyanın pərəstişkarı olmamışam, buna görə təhlilimdə yalnız məntiqə və hamıya məlum olan faktlara əsaslanacağam.
 
Beləliklə, birmənalı şəkildə Rusiya Federasiyasının siyasi hakimiyyəti tərəfindən törədilən Navalni zəhərlənməsinin vəhşi halından başlayaq. Əgər belə olmasaydı, Kreml bu cinayətin qeyri-adiliyi barədə çoxdan bəyanat verər, ən başlıcası isə, özünü doğrultmaq, təqsirkarları tapmaq və Putin və onun hakimiyyətinin siyasi rəqiblərini kriminal üsullarla aradan qaldırmadığını bütün dünyaya sübut etmək üçün müvafiq tədbirlər görərdi. Fərz edək ki, Kremlin daxilində "milli rəhbəri nüfuzdan salmaq" məqsədilə müxalif liderə sui-qəsd törədilib. Şərti “Patruşevlər” və “Zolotovlar” liderin arxasında belə bir xüsusi əməliyyata qərar veriblər və Putinə və onun rejiminə “nəhəng” zərər vurublar! Axı dünya ictimaiyyətinin gözündə Putinin indiki və daimi bandit, dünyəvi quldur obrazı yaradılmaqla yanaşı, Rusiyaya qarşı da yeni sərt sanksiyalar qəbul ediləcəkNəticədə bu sanksiyalar hakimiyyətin iqtisadi və maliyyə gücünə zərbə vurulacaq, həmçinin saray oliqarxlarının böyük iqtisadi itkilərinə gətirib çıxaracaqlar. Putin ölkədə məhdudiyyətsiz hakimiyyətə malik lider olaraq bu cür “alçaldılmağa”, siyasi və mənəvi cəhətdən "sıfırlanmağa" dözərdimi? Axı o, bu gün Rusiya hakimiyyətinin orbitində istənilən insanın taleyini həll etməyə, vəzifədən çıxarmağa, həbsə atmağa və istintaqa çəkməyə qadirdir. Niyə başqasının günahını, başqasının cinayətkarını öz üzərinə götürməlidir?! Hələlik bu sualı cavabsız qoyuram. Niyəsini bir az sonra başa düşəcəksiniz.


 
İndi digər məlum faktları təhlil edək. Putin konstitusiyanı dəyişməyə, bunun üçün "xüsusi əməliyyat”a, yəni hökumətdə kadr islahatları aparmağa çox tələsirdi. Dəyişikliklərin necə tələsik olduğunu xatırlayırsınız: hətta "kötüklər üzərində səsvermə" epidemiyanın ortasında aparıldı. Nəticədə Peskov belə Putinin 2024-ə qədər "topal ördək" hesab edilməsini istəmədiyini bəyan etmək məcburiyyətində qaldı. Müddətlərin və yeni düzəlişlərin "sıfırlanması" təcili lazım idi ki, məhkəmə icraçıları intriqaya məruz qalmasınlar və bütün hakimiyyət vertikal şəkildə sabit işləməyə davam etsin. Ancaq üç qəribə amil diqqətdən yayınmırdı:
 
 
1) Putin fevral ayından etibarən ciddi şəkildə "bunkerdə" özünütəcridə gedib, vaxtının çox hissəsini orada keçirməyə çalışır. Bu yaxınlarda isə Kremldən bildirildi ki, o, ölkəyə ilin sonuna kimi bu rejimdə rəhbərlik edəcək. Niyə?  Virusdan qorxur? Bütün dünya liderləri, hətta yaşlı Tramp və Merkel də, məsələn, müvəqqəti təhlükəsizlik tədbirlərinə əməl edərək, sakit işləyirlər. Boris Conson, Argentina prezidenti, eləcə də dünyanın müxtəlif ölkələrində onlarla nazir, ümumiyyətlə heç bir tədbir almadan işlədikləri üçün xəstələndilər, amma onlardan heç biri ölmədi, çünki bu səviyyədə olan insanların keyfiyyətli tibbi yardım almaq imkanları var. Bildiyimiz kimi, bu yaxınlarda şəxsən Putinin nəzarəti altında böyük xəstəxana korpusu inşa edilib, ən yaxşı tibbi avadanlıqlarla təchiz olunub; onda bizim müşahidə etdiyimiz "özünütəcrid" nə deməkdir? Üstəlik, "əl rejimində" idarə olunan avtoritar ölkədə dövlət idarəetməsində istənilən uzun ara hakimiyyətin tam itirilməsi ilə nəticələnə bilər. Heç olmasa, son bir neçə onillikdə saray çevrilişlərini xatırlayın!
 
2) Putinin efir vasitəsilə xalqa müraciətləri müsbət yox, mənfi istiqamətdə işləməyə başlayıb. Hətta onun serial kimi hissələrlə nümayiş etdirilən böyük müsahibələri belə, ölkə reallıqları və problemlərini düzgün əks etdirmədiyindən yaratdığı mənfi effektə görə ekranlardan çıxarıldı. Putinin üslubu, leksikası, tempi və parlaqlığı ilə seçilən çıxışları xeyli pisləşib. Halbuki əvvəllər belə şey yox idi, Putin ictimaiyyət qarşısında heç vaxt pis danışmırdı.
 
3) Nəhayət, Putinin bunkerdən xalqa müraciətlərində çox qəribə "gecikmələr” müşahidə olunur. Əvvəlcədən elan edilmiş tamaşanın lentə alınmasında necə gecikmə ola bilər? Heç cür. Buna görə də birmənalı təəssürat yaranır ki, onun lent yazılarının Kremlin "kuklaçılar" tərəfindən gözəgörünməyən redaktəsi yayımın başlanmasının son dəqiqələrinədək davam edir.


 
İndi Aleksey Navalni sui-qəsdinə qayıdaq. O, gözlənildiyi kimi, dünyada emosional qınaqlara və kəskin bəyanatlara səbəb oldu. Rusiyaya və Putin elitasının yuxarı eşalonuna qarşı yeni sərt sanksiyalar demək olar ki, qaçılmazdır: dünyada Rusiyanın qlobal ödəniş sistemindən (Svift) uzaqlaşdırılması və hətta neft-qaz embarqosu tətbiqinə dair çağırışlar var. Bu, birmənalı şəkildə Rusiya Federasiyası iqtisadiyyatının tam çökməsinə və putinizmin sürətlə sona çatmasına gətirib çıxaracaq. Burada artıq 2024-dan sonrakı müddət haqqında danışmağa dəyməz, rejimi uzağı 2021-2022-ə qədər yaşatmaq mümkündür!
 
Lakin Putin də vəziyyəti normallaşdırmaq üçün heç bir addım atmır. Ona elə gəlir ki, dünyada nələr baş verəcək. Kreml cinayətdən qaçmır, günahkar axtarmır, vəzifədən heç kəsi uzaqlaşdırmır. Bunun əvəzinə əzgin-əzgin çırpınır və ağılsız yalanlar danışır. Putin nəyə görə özünü böyük gücün siyasi lideri kimi məhv etməyə imkan verir? Baş verənlərin əsl səbəbləri haqqında yalnız iki fərziyyə var.
 
Birincisi fərziyyə: Putin ağır xəstədir; fiziki və ya zehni problemləri var (bu mənim şəxsi fərziyyəm, mənim qiymətləndirməmdir, yuxarıda qeyd olunan faktlara əsaslanır). O, artıq reallığı obyektiv qiymətləndirmək, sağlam bəyanatlar vermək, ətrafla adekvat ünsiyyət saxlamaq sindromu yaşayır; həyata və gələcəyinə marağını itirib. Rəhbərin bu vəziyyətindən və "siyasi iradəçilik” imkanını itirilməsindən (yəni, müstəqil qərar qəbuletmə qabiliyyəti) yaxın ətrafı faydalanır, onun adından inadla hərəkət edir və ağır nəticələrə gətirib çıxaran düzəlməz səhvlərə yol verirlər. (Qeyd edək ki, son aylarda "sensasiyalı informasiya" şəbəkələrində Putinin guya çoxdan bənzəriylə (двойник)  əvəzləndiyi barədə məlumatlar yayılır!)
 
Əgər Putinin hakimiyyəti artıq güc strukturlarının rəhbərlərinə (başqa kim ola bilər?!) keçibsə, bunun məntiqi nəticəsi bütün dünya ilə qarşıdurma, repressiya və Aleksey Navalni kimi etirazçı meydan hərəkatının liderlərinin zəhərlənməsi kimi dəli qəddarlıqlar olacaq. Yeri gəlmişkən, belə olan halda müxalifətin digər liderlərinin də fiziki cəhətdən aradan qaldırılması, həbs oluması və ya həbsxanalara atılması artıq zaman məsələsidir. Çünki Kremldə və güc strukturlarında yaxşı anlayırlar ki, kütləvi sosial etiraz artıq uzaqda deyil və onun siyasi etirazla birləşməsi istənilən hökumətə ciddi təhlükə yaradır. Buna görə də etiraz liderlərinin "döyülməsi", onları ölkədə sıxışdırması hakimiyyətin ötürülməsi zamanı yaranan siyasi "turbülans"ın ən vacib vəzifələrdən birinə çevrilir.


 
İkinci variant birincidən bir qədər fərqlənir: Putin könüllü olaraq öz vəzifəsindən getməyə qərar verib (məsələn, səhhətinə görə). Buna baxmayaraq, o, hələ də sağlam bir zehinə sahibdir, lakin artıq hakimiyyətin ötürülməsi və varisin seçilməsi üçün ən yaxın ətrafı ilə aydın şəkildə razılığa gəlib. Güc strukturları isə bu müddət ərzində xalqın onların mülahizələri ilə barışması və bu prosesə mane ola biləcək və Rusiyanı silkələyə biləcək bütün maneələri (müxalifət liderlərini) aradan qaldırılması üçün tam kart-blanş alıblar. O zaman nəinki Navalninin sıradan çıxarmağın öz məntiqi var, bu, həm də konstitusion “zərurət”dir — yeni prezident də, Konstitusiyaya görə, Putin kimi böyük səlahiyyətlərə malik olacaq. Liderin dəyişdirilməsi ideoloqları hesab edirlər ki, bu hakimiyyət ötürülməsi baş verərsə, birdən-birə hər şey qaydasına düşəcək. Məsələn, neft və qaz qiymətləri artacaq…
 
Yəni, istənilən halda, Putin tezliklə gedir, onun isteblişmenti isə rejimi bir qədər modernləşdirilmiş şəkildə saxlamaq niyyətindədir. Beləliklə, Putin komandası əvvəlki kursu, ən başlıcası isə, o olmadan hakimiyyətdəki mövqeyini (oğurlanmış və ələ keçirilmiş aktivləri və çoxmilyardlı sərvətləri) saxlamağa ümid edir. Mənim fikrimcə, Kremldə və onun ətrafında baş verən dəyişikliklərin məntiqi əsası budur.
 
Son ayların hadisələrindən hər hansı məntiqi nəticələr çıxarmaq və ağlabatan ehtimallar irəli sürmək sadəcə mümkün deyil. Yeganə alternativ budur ki, hakimiyyətin bütün yuxarı eşalonu şüurlu bir şəkildə ölkəni məhvə sürüklədi. Lakin onlarla hakim zümrənin və milyarderlərin kütləvi dəliliyə tutulmasına inanmaq mümkün deyil. Hər halda, onların hələ də özlərini qorumaq üçün normal instinktə sahib olduqlarını düşünürəm. Onu da düşünürəm ki, Rusiyada artıq lider dəyişikliyinə hazırlıq başlayıb. Biz hakimiyyətin ötürülməsinin bu və ya digər variantlarının düzgünlüyünü hələ də təxmin edə bilərik, lakin baş verənlərin mənası çətin ki, başqa cür olsun. Güman edirəm ki, (tələsik mühakimə) "karaul dəyişikliyi"nə sadəcə bir neçə ay qaldı. Zira Rusiyada artan indiki böhran şəraitində daha artıq süründürməçilik həqiqətən ölümə bərabərdir!
 
Və son: Hakimiyyət zirvələrində baş verənlərə baxmayaraq, mən zərrə qədər də inanmıram ki, "əməliyyat varisi" uğur qazana bilə. Məsələ heç də yeni rəhbərin soyadında, hətta onun xarizmasında da deyil: köklü siyasi islahatlar aparılmasa, dəyişdiriləbilən və  nəzarətedilən kollektiv idarəçilik sistemi qurulmasa Rusiya məhvə məhkumdurQarışıqlıqlar, üsyanlar, inqilablar, vətəndaş müharibəsi, hətta ərazi bölünmələri (altını cızıram) - bizim gələcəyimizin arzuolunmaz mənzərəsi belə ola bilər.
 
Tərcümə Ovqat.com-undur.



Tarix: 29-08-2020, 09:24
Xəbəri paylaş



Xəbər lenti