Rusiya ilə NATO arasında bufer zonası rolu oynayan Belarusun Kreml üçün xüsusi önəm daşıdığı heç kimə sirr deyil. Bu səbəbdən uzun illər Vladimir Putin Aleksandr Lukaşenkonu özündən asılı hala salmaqdan ötrü iqtisadi müstəvidə Belarusa xeyli güzəştlərə gedib. Sözsüz ki, Lukaşenko da bu fürsətdən istifadə etməyi bacarıb.Hazırda Qərbin istəyi Belarusu Rusiyanın təsir dairəsindən çıxarmaqdır. Bu məsələdə Polşa çox böyük canfəşanlıq göstərir. Heç şübhə yoxdur ki, Kreml Qərbin ssenarisini pozmaq üçün çoxgedişli kombinasiyalarını işə salacaq. Moskva anlayır ki, bu gün vəziyyəti xilas etsə də, sonrakı mərhələdə işlər qəlizləşə bilər. Ona görə də Kremlin Belarusla bağlı müəyyən perspektiv plan hazırlayacağı istisna olunmur.
Bu mövzuyla bağlı dünya mətbuatında müxtəlif səpgili yazılara rəst gəlinir.
“AzPolitika.info” belə maraqlı yazılardan ikisini -
Yaponiyanın “Nihon keyzai” qəzetində və Çexiyanın “Aktualne” dərgisində dərc olunan məqalələri təqdim edir:“Belarus böhran içində - Putin çıxış yolu axtarır” (“Nihon keyzai-Yaponiya)
“Belarusda cərəyan edən hadisələr uzun müddətdir ki, hakimiyyətdə oturan Vladimir Putini bərk təşvişə salıb. Əgər Lukaşenko gedərsə və Belarusda demokratik inqilab baş tutarsa, onda bu, Rusiya hakimiyyətini də silkələyəcək. İlk əvvəl ölkə daxilində Putinə qarşı çıxan müxalifət gücləri möhkəmlənə bilər. Putin özünün 2024-cü ildən sonrakı hakimiyyət olimpinə gedən yolunu açmaq məqsədilə bu yaxınlarda yeni konstitusiya qəbul etdirdi. Lakin iqtisadiyyatın indiki böhranı şəraitində rusların Putinə yönəlmiş soyuq münasibəti ona qarşı olan etiraz səslərini yüksəldə bilər.
Putinin reytinqi hakimiyyətə gəldiyi 2000-ci ildən indiyədək ən aşağı həddə düşüb. Onun 2024-cü ildən sonra prezident postunda qalacağı hələ tam bəlli deyil. Ancaq hər halda o, ali hökmdar kimi 2000-ci illər ərzində qurduğu avtoritar rejimin davam etdirilməsinə çalışacaq. Deməli, bundan sonra Putin öz siyasi mövqeyini möhkəmləndirməlidir. Belə bir zamanda isə istənilən ictimai həyəcan və qeyri-sabitlik elementləri ortadan qaldırılmalıdır.İkinci məsələ Belarusun gələcəyi ilə bağlıdır. Hazırda Belarus əvvəlki tək Rusiyaya qardaş ölkə kimi baxır. Bu cür yanaşma əks cinahda dayanmış və NATO üzvü olan, anti-Rusiya mövqeyi ilə tanınan Polşanın gələcək planlarına uyğun deyil.
Əgər Rusiya üçün qardaş sayılan ölkə “Polşa düşərgəsinə” yönələrsə, onda bu, Rusiya üçün əsl dəhşət deməkdir.Aydın məsələdir ki, əgər Rusiya belə bir hadisənin baş verməsinin qarşısının alınması üsullarını tapa bilməsə, onda, 2014-cü ildə Ukraynada yaşananlar Belarusda təkrarlana bilər.
O zaman Rusiya Krımı işğal etmişdi. Bu kontekstdən baxdıqda, indi böyük problem yaranır: Rusiya Belarusa hərbi müdaxilə qərarı verəcəkmi? Əgər onlar qan tökərlərsə, dünya ictimaiyyətinin gözündə özlərinə düşmən qazanarlar. Həm də ki, Krımın ilhaqından fərqli olaraq, rus xalqı bunu dəstəkləməz. Mövcud şəraitdə bu ssenarinin həyata keçiriləcəyi çox az ehtimal olunur.
Putin üçün mühüm olan bir şey var: Belarusda xalq tərəfindən dəstəklənən və ictimai düşüncəyə kifayət qədər təsir göstərəcək möhkəm hakimiyyət qurmaq. Rus cəmiyyəti qonşu Belarusda bunun necə çətin olacağını yaxşı görür.Bəs, nə etməli? Belarus xalqına yeni seçkilər vəd etmək və Lukaşenkonu əvəzləyəcək adam tapmaqmı, yoxsa Lukaşenkodan istifadə etməklə onu hansısa formada ölkə rəhbəri vəzifəsində saxlamaqmı? İstənilən halda, Putinin vaxtı azdır. Rusiya qəzetləri məlumat verirlər ki, 18 avqustda Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbər heyəti təyyarə ilə Minskə gəlib. Digər tərəfdən məlum olub ki, Lukaşenko Belarus Konstitusiyasında islahat aparılması əsasında hakimiyyətin ötürülməsinin mümkünlüyündən söz salıb. Hələlik, həmin çıxışın təfərrüatları məlum deyil.
Əlbəttə, ola bilər ki, Lukaşenko vaxt qazanmaq və öz hakmiyyətini uzatmaq üçün Putinin usta taktikasından istifadə edir. Sanksiyalar üzündən müəyyən çətinliklər yaşayan Rusiya Qərblə qarşıdurmanı daha da dərinləşdirmək istəmir. Bəs, indi bu prosesdə “qırmızı xətt” haradadır? Qərb üçün bu xətt Rusiyanın Belarusa müdaxiləsinə imkan verməməkdən ibarətdir.”
“Belarus narkoman kimi ucuz narkotiklər alır” (Aktualne-Çexiya)
“1994-cü ildə hakimiyyətə gəldikdən sonra Lukaşenko istehsal müəssisələrinin özəlləşdirilməsinə əngəl yaratdı. Bunun əksinə olaraq o, böyük müəssisələri dəstəklədi və nəticədə indi bu istehsal obyektləri Belarus iqtisadiyyatının onurğa sütununa çevrilib. Həmin fabrik və zavodların hamısına dövlət nəzarət edir.Krakov Universitetinin Sosial elmlər kafedrasının əməkdaşı və postsovet ölkələri üzrə mütəxəssis Yan Şir məsələyə belə münasibət bildirib:
”Belarusun Ümumi Daxil Məhsulunda dövlət müəssisələrinin payı 70 faizə çatır. Türkmənistanı çıxmaq şərtilə bu, bütün postsovet məkanında maksimum göstəricidir. Rusiyadan və ya Ukraynadan fərqli olaraq, cəmiyyətdə dəhşətli bərabarsizlik hökm sürmür. Tibb və təhsil pulsuzdur. Elə məhz bunlar Lukaşenkoya uzun müddət ərzində cəmiyyətdəki sosial sabitliyi qorumağa imkan verib. Amma buna baxmayaraq, model səmərəsizdir. Onun ayaq üstə dayanmasına, yaşamasına səbəb Rusiyadan gələn ucuz enerji resurslarıdır”. Belarus iqtisadiyyatı innovasiyalara çox ləng reaksiya verir və güclü iqtisadi böyümə göstərmək qabiliyyətində deyil. Yan Şirin sözlərinə görə, uzun illər ərzində Belarus üçün yeganə variant Kremldən asılılığın gücləndirilməsi olub.
Belarus iqtisadiyyatı narkoman kimi ucuz narkotik maddələr qəbul edir. Nəticədə iqtisadiyyat buna alışır və yekunda o, xarici təsirlərə bağlanır.Kütləvi etirazlar nəticəsində zəifləmiş Lukaşenko yenidən Moskvaya müraciət edib, lakin bu dəfə təkcə iqtisadi yardım üçün yox!
O, Vladimir Putinlə bir neçə dəfə telefonla danışdıqdan sonra deyib ki, Rusiya ordusu ölkəyə gələ bilər. Ancaq bunun əksinə olaraq, Kreml Belarus liderinə bildirib ki, Rusiya ordusunun müdaxilə etmək niyyəti yoxdur.
İqtisadi planda Belarus Moskvadan aralana bilməz. Bu ölkədə 40 iri dövlət müəssisəsi traktorlar, qoşqu və həmçinin də karyer texnikası kimi əlavə dəyəri aşağı olan məhsullar istehsal edir. İstehsal olunan texnikalar əsasən Rusiyaya ixrac olunur.
Belə ticarətdə aşağı qiymətlər başlıca rol olynayır. Digər bazarlarda bu məhsullar rəqabətə tab gətirə bilməzdi.Mühümdur ki, Minsk kəskin ehtiyac duyduğu neft və qazı Rusiyadan idxal edir. Belə ki, Belarusdakı neftayırma zavodları Rusiyadan gətirilən xam neftin emalından yaxşı qazanc götürürlər. Hazırda Belarus Avropaya dizel yanacağı satır.
Yan Şir əlavə olaraq deyib:
”Neftdən fərqli olaraq, təbii qazla vəziyyət bir qədər ayrı cürdür. Belarus mühüm tranzit ölkəsidir və Rusiya qazının Avropaya ötürülməsindən pul alır. Ancaq bu, çox riskli bir modeldir. Normal rəqabət mühiti olmadığından dövləti səmərəli işləməyə məcbur edən də yoxdur. Ona görə də Belarus xarici sarsıntılar, xüsusən də Rusiya qarşısında xeyli kövrək durumdadır. Rusiyadan asılılığı azaltmaq isə çətin və bahadır. Sistemin transformasiyası maliyyə cəhətdən hədsiz baha başa gələcək və bu proses ölkəni zəif duruma sala bilər. Hər halda, Rusiya öz təsirini gücləndirməkdən ötrü vəziyyətdən maksimum istifadə edəcək”.Rasim Əliyev“AzPolitika.info”
Tarix: 27-08-2020, 15:08