“Qərb Belarus müxalifətini dəstəkləyəcək” – Alman politoloq


“Qərb Belarus müxalifətini dəstəkləyəcək” –       Alman politoloq
Alexandr Rahr: “Çox şey Minskdəki nümayişlərin genişlənməsindən asılıdır”
 
Belarusda prezident seçkilərində qalib gəlmiş hazırkı Prezident Aleksandr Lukaşenkonun qələbəsini Qərb ölkələri tanımayacaq və müxalif qüvvələri dəstəkləyəcək. AYNA xarici KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin haqqında bir neçə bioqrafik kitabın müəllifi, politoloq Alexandr Rahr deyib.
 
Analitikin qənaətincə, çox şey Minskdəki nümayişlərin genişlənməsindən asılıdır: “Əlbəttə ki, Qərb Lukaşenkoya qarşı müxalifətin tərəfində olacaq, hazırkı Prezidentin əleyhinə reaksiya verəcək. Lukaşenko hadisələrin bu cür inkişaf edəcəyini bilir, buna görə də indi o, Putinlə danışıqlar aparmaq üçün tələsik Rusiyaya qaçır”.

Politoloq vurğulayıb ki, hazırda Avropa Birliyində rəsmi Moskva ilə Minsk arasında münasibətlərin pisləşməsində maraqlı olan siyasi dairələr var: “Lakin o dairələrin Belarusdakı vəziyyətə xüsusi təsiri yoxdur. Onlar Belarusu Avropa Birliyinə yaxınlaşdırmaq istəyirlər. Baxmayaraq ki, bunun üçün pul yoxdur. Ukrayna və Moldovanın nümunəsi göstərir ki, bu ölkələrin Aİ-yə daxil olmaq perspektivləri yoxdur”.
 
Qeyd edək ki, Belarusda seçkilər avqustun 9-da keçirilib. Elə həmin gün axşam ölkə daxilində etirazlar başlayıb. Paytaxt Minskin mərkəzində etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşma baş verib. Nümayişçilərə qarşı gözyaşardıcı qaz, rezin güllələr və tüstü bombasından istifadə edilib. Rəsmi məlumatlara görə 39 təhlükəsizlik işçisi və 50-dən çox mülki şəxs yaralanıb. Hüquq müdafiəçiləri ölən bir etirazçının olduğunu bildirirlər.
 
Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına görə, hazırkı Prezident Aleksandr Lukaşenko 80,23 faiz səs toplayaraq seçkilərin qalibi olub. Onun əsas rəqibi Svetlana Tixanovskaya isə 9,9 faiz səslə ikinci pillədə qərarlaşıb. Tixanovskaya seçkilərin nəticələrini tanımadığını elan edib.
Tarix: 10-08-2020, 19:52
Xəbəri paylaş



Xəbər lenti