Bu gün Belarusda keçirilən prezident seçkilərində səsvermə az əvvəl başa çatıb. Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 18.00-da seçicilərin 79 faizinin səs verdiyini açıqlamışdı.Bu arada Prezident Aleksandr Lukaşenkonun təyyarəsinin səsvermənin başa çatmasından əvvəl Minskdən havaya qalxdığı haqda məlumat yayılıb. "PlaneFinder" saytı bu haqda məlumatları təsdiq edib. Bildirib ki, EW-301PJ bort nişanlı təyyarənin İstanbula enəcəyi göstərilib.
"AzPolitika.info"nun məlumatına görə, Lukaşenkonun təyyarəsinin Minskdən uçmağa hazırlaşdığı haqda bundan əvvəl NEXA Telegram-kanalı bildirirdi. Məlumata görə, bütün heyət üzvləri səfərbər olunub, pilotlar aerportda gecələyiblər. KİV-in məlumatına görə, hər dəfə Belarus prezidenti harasa uçmazdan əvvəl belə olur.Əlavə olaraq Minsk aerportu ətrafında minaaxtaranlar bütün yanaşma yollarını yoxlayıblar. Bu, adətən Belarus prezidentinin harasa uçmasından əvvəl baş verir.
Rəsmi informasiyaya görə, 2018-ci ilin noyabrına olan vəziyyətə Lukaşenkonun aviasiya parkında Amerika istehsalı olan "Boeing 737-800/BBJ2 EW-001PA", Kanada istehsalı olan "Bombardier Challenger 850 EW-301PJ", "Yak-40 EW-88187" təyyarələri və "Mi-8 EW-25049" vertolyotu var.Ancaq Lukaşenkonun mətbuat xidməti bundan əvvəl xəbər verib ki, dövlət başçısının heç vaxt özəl təyyarəsi olmayıb, xarici səfərlər zamanı onun istifadə etdiyi təyyarələrin istismar müddəti isə başa çatıb.
Virtualaz.org bildirir ki, səsvermənin başa çatmasına az qalmış Minskə böyük sayda hərbi texnika yeridilib. Sosial şəbəkələrdə yerləşdirilmiş kadrlara əsasən Minsk küçələrində içərisində hərbçilər olan çoxsaylı yük maşınları görünür. Habelə üzərlərində tanklar daşıyan qoşquların Minskə doğru hərəkət etdiyi barədə görüntülər var.Digər kadrlarda zirehli texnika şəhərə girərkən görünür. O cümlədən çoxsaylı hərbi yük maşınları və içərisində hərbçilər olan avtobuslar, habelə suvuran maşınlar və dustaqları daşımaq üçün maşınlar Minskə yeridilib.
Şahidlər bildirir ki, hətta təcili yardım maşınlarında da daxili qoşun əsgərləri Minskə girib. Küçələrin birinin tinində əllərində qalxanlar olan milisləri boşaldan 7 avtobusun görüntüləri də yayılıb. Küçədən keçənlər milislərdən nə üçün gətirildiklərini soruşub. Sürücülər cavab verib ki, nümayişləri dağıtmaq üçün göndəriliblər.Təhlükəsizlik qüvvələri əsasən hökumət binalarının ətrafına cəmləşdirilir. Üstəlik Minskə o qədər hərbi texnika yeridilib ki, regionlarda etirazçıların qarşısını kəsməyə demək olar qüvvə qalmayıb.
Tarix: 9-08-2020, 22:51