Namaz carçısı Ayasofya məscidində Allah dərgahına qovuşdu...-VİDEO
Din xadimi könüllülük əsasında ziyarətçiləri qarşılamaq və məbəddə koronavirusla bağlı tədbirlərə nəzarət işlərini icra edib...
İstanbulda yenicə müsəlman ibadətgahına çevrilmiş Ayasofya məscidində müəzzin(azan verən, namaz carçısı) Osman Aslan ürək tutmasından dünyasını dəyişib. Din xadimi məscidin fəaliyyətə başladığı ilk günlərdən könüllülük əsasında ziyarətçiləri qarşılamaq və məbəddə koronavirusla bağlı tədbirlərə riayət etmək üçün rəhbərlik işlərini icra edib.
Moderator.az Türkiyə mediasına istinadla xəbər verir ki, müəzzinin Allah dərgahına qovuşması barədə şəhər valisi Əli Yerlikayanın administrasiyası öz "Twitter" səhifəsində məlumat yayıb.
"Ayasofya məscidində könüllü olaraq bir tur bələdçisinin vəzifələrini icra edərkən keçirdiyi ürək tutmasından vəfat edən Kagithane ilçəsindəki Uhud məscidinin müəzzini Osman Aslanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk"- açıqlamada belə deyilir.
Xatırladaq ki, iyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Ayasofya muzeydən məscidə çevrilib. Və 24 iyulda bir çox onilliklərdən sonra məbəddə ilk müsəlman namazı qılınıb.