“Ermənistan “izqoy” ölkəyə çevrilib…” – opponentləri Nikola od püskürdülər; inqilab liderini iqtidara gətirən qüvvə onu bitirir – baş nazir qəliz durumda…
Ermənistanda 2018-ci il mayın 8-də inqilab nəticəsində baş vermiş hakimiyyət dəyişikliyinin sırf Soros layihəsi olduğu artıq şübhə doğurmur. Təkcə o fakt ki, Nikol Paşinyan baş nazir postunu tutar-tutmaz, Rusiyayönlü kadrları “Amerika uşaqları” – “Soros yetişdirmələri” ilə əvəzləyib, özlüyündə çox şey deyir.Üstəlik, inqilabdan sonra Ermənistanda anti-Rusiya ovqatı, rusofobiya xeyli güclənib, Rusiyaya məxsus siyasi, mədəni atributlar, o sırada rus dili sıxışdırılmağa başlayıb, İrəvandakı Rus Dram Teatrı bağlanıb. Bu günlərdə isə Rusiya telekanallarının ölkədə yayımını məhdudlaşdıran qanun qəbul olunub. Nikol Paşinyan Moskvanın “ayağını tapdayan” başqa qərarlara da imza atıb. Onun “Rus NATO-su” (KTMT) baş katibi Yuri Xaçaturovu və Putinin dostu, eks-prezident Robert Köçəryanı Moskvadan iznsiz həbsə atması (hər ikisi şərti azadlığa çıxıb) bu qəbildəndir.
Bütün bunlar gözlənildiyi kimi, Moskvada qıcıq qarışıq qəzəb doğurub, Kremlin Nikol Paşinaya inam-etibarını sarsıdıb və sıfırlayıb. Hərgah, N.Paşinyan inqilab öncəsi verdiyi vədlərin ziddinə olaraq, Ermənistanı nə “Rus NATO-su”ndan, nə də Avrasiya İqtisadi Birliyindən, bütövlükdə Rusiya orbitindən uzaqlaşdırmağa cürət etməyib. İndiki Ermənistan hökumətin qəbul etdiyi strategiyada da Rusiya Ermənistan üçün 1 nömrəli prioritet və qarant dövlət olaraq qalır.
Bununla belə, Paşinyan de-fakto Kreml üçün arzuolunmaz ölkə rəhbəridir. Təsadüfi deyil ki, Ermənistanın hazırkı baş naziri bir dəfə də olsun, Rusiyaya rəsmi səfər dəvəti almayıb. Belə qənaətlər var ki, Moskva artıq “gizli qərbçi” və “sorosçu” Paşinyandan əlini üzüb və ona alternativ axtarışındadır. Hesab edilir ki, baş nazir ətrafında həlqə kifayət qədər sürətlə daralmaqdadır.
Bu arada Ermənistanda sanki Moskvanın acığına daha bir “sorosçu” yüksək vəzifəyə layiq görülüb. Belə ki, ölkənin səhiyyə naziri Arsen Torosyan İrəvandakı İnfeksion Xəstəliklər Klinikasına öz yaxın dostu, Soros Fondunun Ermənistan üzrə proqram məsləhətçisi Ovanis Madoyanı baş həkim təyin edib.Qeyd edək ki, nazirin özü də Soros Fondu ilə əlaqəlidir. Belə ki, 2004-2005-ci illərdə o, Fondun ictimai qurumuna rəhbərlik edib və Soros ofisindən 230 min dollardan çox qrant alıb. Bu yaxınlarda Fond Ermənistana daha 600 min dollar yardım ayırıb.
Sözsüz ki, Nikol Paşinyan hökumətinin Moskva ilə soyuq münasibətlərinin qayəsində Soros amili mühüm yer tutur. Onu da unutmaq lazım deyil ki, postsovet məkanında “rəngli inqilablar”ın əsas sponsoru olan Corc Soros və eyni adlı fond çoxdandır Rusiya rəhbərliyini də ciddi narahat edir. Yeri gəlmişkən, Kremlin əsas təbliğat ruporlarından olan “Russia Today” telekanalının erməni kökənli direktoru Marqarita Simonyan az öncə Paşinyan hökumətini Rusiyaya qarşı nankorluqda və Ermənistan ərazisində Rusiya hakimiyyətini devirmək üçün gənclərdən ibarət Sorosçu şəbəkə yetişdirməkdə ittiham etmişdi.
Yaranmış durumdan isə təbii ki, müxalifət və revanşist qüvvələr yararlanmağa çalışır.“Baş nazir Nikol Paşinyan Ermənistanın Rusiya ilə münasibətləri bütünlüklə korlayıb”.“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri keçmiş hakim Respublikaçılar Partiyasının sədr müavini və sözçüsü Eduard Şarmazanov yerli mediaya açıqlamasında söyləyib. O, 2018-ci ilin avqustunda Paşinyanın İrəvan və Moskva arasında yüksək səviyyədə münasibətlərin olduğunu bəyan etməsini xatırladaraq deyib: “Baş nazir öz səriştəsiz siyasəti ilə ona nail oldu ki, biz yalnız KTMT-də deyil, hər yerdə ”izqoy” (“tullantı” – red.) ölkəyə çevrildik. İndi bizi heç kim ciddiyə almır”.
Bundan əlavə, Şarmazanov az öncə Paşinyanın Rusiya mediasına verdiyi müsahibədəki fikirləri də tənqid edib. “Paşinyan bildirib ki, Rusiya Ermənistanda müəyyən siyasi xadimlərə deyil, xalqa etibar etməlidir. Bu ifadələr mənasızdır, çünki ölkələr arasında münasibətlərin qurulması təkcə xalqlardan deyil, həm də siyasi elitanın mövqeyindən və prioritetlərindən asılıdır”, – deyə o əlavə edib.
Qeyd edək ki, Soros Fondu Güney Qafqazda yalnız Ermənistanda öz fəaliyyətini davam etdirir. Artıq bu Fondun humanitar deyil, ən əvvəl siyasi hədəflər güddüyü kimsəyə sirr deyil.
“Özünü xeyriyyə qurumu kimi təqdim edən Soros Fondu öz fəaliyyətində xeyriyyəçilikdən tam uzaq olduğunu hər dəfə nümayiş etdirir. Fondun məqsədlərinin kökündə tamamilə siyasi və iqtisadi amillər dayanır. Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması bunu bir daha sübut edir”.Qabil HüseynliQlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq
Qabil Hüseynli bu sözləri Axar.az-a deyib.
“Corc Soros bu fondla yanaşı, dünyanın bir çox ölkələrinə nüfuz etmiş Açıq Cəmiyyət İnstitutunun da yaradıcısı hesab edilir. O, uzun illər Latın Amerikası ölkələrində kommersiya xarakterli fəaliyyətləri ilə sərvətini artıra bilib. Fond əslində Sorosun yeni kommersiya mənbələri tapmasında vasitəçidir. Məsələn, SSRİ dağıldıqdan sonra postsovet ölkələri dərin bir iqtisadi böhrana düçar oldu. Soros fondu bu ölkələrin bir çoxunda, eyni zamanda, Azərbaycanda da fəaliyyətə başladı. Onu da deyim ki, əvvəlcə özünü xeyirxah kimi təqdim edən fond zamanla iç üzünü bəlli etməyə başladı. Azərbaycandakı fəaliyyəti günü-gündən dəyişən fond faktiki olaraq siyasi və iqtisadi məsələlərə də müdaxilə etməyə başladı. Buna görə də fəaliyyəti dayandırıldı”, – deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, Soros Fondu Azərbaycana qarşı “düşmənimin düşməni mənim dostumdur” prinsipi sərgiləyir: “Fondun Azərbaycandan çıxarılması onun nüfuzuna təsir etdi. Azərbaycanın ardınca Gürcüstanda da fəaliyyəti dayandırılan fond Qafqazda yalnız Ermənistanda fəaliyyət göstərir. Soros Fondunun MDB ölkələrindən məhz Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması da bu səbəbdəndir”.
Əlavə edək ki, Paşinyanın “sorosçular”dan ibarət komandasının erməni xalqını ağ günə çıxara, köklü islahatlar həyata keçirə bilməyəcəyi xeyli əvvəldən aydın idi. Çünki “iki stul” siyasəti hələ heç bir siyasətçiyə, rəhbərə uğur gətirməyib. Paşinyanın tək çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələri düzəltmək idi ki, bu fürsəti də o qaçırdı və öz siyasi sonunu daha da yaxınlaşdırmış oldu..
“Yeni Müsavat”
Tarix: 5-08-2020, 10:14