Arzu Nağıyev: “Ermənistan çalışır ki, İran da Azərbaycan-Türkiyə hərbi təlimlərindən narahat olsun” “Regionda vəziyyətin gərginləşdiyi bir vaxtda, Rusiya öz müttəfiqləri ilə birlikdə müəyyən hərbi təlimlər keçirir. Bu, həmişə belə olub. Hətta, 2016-cı ilin aprel döyüşləri vaxtı da Xəzər dənizində Rusiyanın hərbi donanmasının və digər quru qoşunlarının təlimləri başlamışdı. Fikir verdinizsə, indi də belə oldu. Lakin verilən sorğulara cavab olaraq yenə də məqsədin bu olmadığını bildirdilər. Hazırda Cənub Hərbi Birləşməsinin 5 min nəfərlik hərbi kontingenti Şimali və Cənubi Qafqazda taktiki təlimlər keçirir”.
Bunu AYNA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib. O bildirib ki, Rusiya Quru Qoşunları ilə birlikdə desant, Hərbi Hava Qüvvələri, eyni zamanda artilleriya sistemləri də təlimə cəlb edilib: “Hərbidən az-çox xəbəri olanlar istifadə edilən texnikaya nəzər salsa, bunu dərk edərlər ki, əsas məqsəd uzaqdan idarəetmədən gedir. Ən müasir silahlar olan “Tornado”, “Qrad”, “Qvozdika”, “Akasiya” və s. bunun əyani sübutdur. Bura tankları da əlavə etsək, həm kəşfiyyat, həm də döyüşün necə aparıla biləcəyinə aydınlıq gətirmək olar. Manevrlər Dağıstanda, Çeçenistanda və separatçı qurumlarda (Cənubi Osetiya, Abxaziya) aparılır. Təlimlərə Rusiyanın digər hərbi bazalarında olan hərbçilər və silahlar da cəlb olunub”.
“Lakin burada NATO təhlükəsi yoxdur, ən yaxın xarici ordu Azərbaycan və Türkiyə ordularıdır. Rusiya böyük müharibə aparmaq iqtidarında deyil. Çünki buna güc lazımdır, lakin lokal qarşıdurmalar yarada və həm də öz regional müttəfiqlərinə, o cümlədən Ermənistana dəstək nümayiş etdirə bilər”, - Nağıyev vurğulayıb.
Müsahibimiz Naxçıvanda, həmçinin ölkəmizin digər bölgələrində Azərbaycan və Türkiyə ordularının təlimlərinin bu günlərə elə-belə təsadüf etmədiyini əlavə edib: “Eyni zamanda, Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək təlimlər də mühüm və ciddi məsələlərdir. Burada məqsəd Türkiyənin Azərbaycan üçün çox mühüm strateji və hərbi tərəfdaşı olması və bundan Ermənistan və onun tərəfdaşlarının ciddi narahatlığı, nəticə çıxarmasıdır. Kimlərsə, o cümlədən Ermənistan çalışır ki, bunun anti-Rusiya tərəfini qabartsın. Lakin Türkiyə və Rusiya prezidentlərinin son telefon danışıqlarında buna aydınlıq gətirilib. Təbii ki, Ermənistan və onun tərəfdarları bu məsələdə İranı da narahat olmağa vadar edəcək açıqlamalar verir. Yəni, nə qədər qonşuluq siyasəti olsa da, Türkiyə NATO-nin üzvüdür. Təbii ki, bu, belə deyil. İstənilən halda, bu təlimlərdə tərəfdaşlar məlum olur, Ermənistan öz işğalçı siyasətini dərk etməli və ciddi nəticə çıxarmalıdır”.
Tarix: 2-08-2020, 12:19