Belarus hakimiyyətinin Rusiya ilə münasibətləri çox korlanıb. Postsovet ölkəsinin prezidenti Aleksandr Lukaşenko az qala hər gün Kremli ittiham edir.
Bizimyol.info xəbər verir ki, Belarus-Rusiya sərhədində gərginlik yaşanır. Krasnaya Qorka buraxılış məntəqəsində Rusiyaya keçmək istəyən belaruslulara problem yaradılır. Müstəqil jurnalist Stepan Putilo “Telegram” kanalında bu haqda məlumat yayıb. Onun yazdığına görə, bütün buraxılış məntəqələrində Belarus vətəndaşlarına mane olurlar. Belaruslular ciddi etitaz edir. Yük və minik maşınlarının kilometrlərlə uzanan növbələri yaranıb.
Vladimir Putin, Aleksandr Lukaşenko
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Smolensk vilayəti üzrə idarəsi belaruslularla bağlı məlumatların xüsusi yoxlandığını təsdiq edib.
Belarus-Rusiya münasibətləri hələ Lukaşenko hökumətinin rus neftindən imtinası zamanı soyuqlaşmışdı. Son günlər isə böhran vəziyyəti yaranıb. Belarusda “Vaqner” özəl şirkətinin hərbçilərinin həbsi münasibətləri heç vaxt olmadığı qədər gərginləşdirib. Lukaşenko Rusiyanın ünvanına açıq-aşkar sərt ifadələr işlədir. Belarus dövlət başçısı rusların əli ilə çevriliş baş verməsindən çəkindiyini gizlətmir.
Tarix: 31-07-2020, 19:52