"Ermənistan Tovuz istiqamətində hücuma başlamaqla və Tovuz hadisələrində provakasiya yaratmaqla Türkiyə və Rusiyanı bu münaqişəyə qoşmaq istəyir". Bu sözləri
SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qərb mediasında analitiklərin dilindən şərh edilən, Tovuz hadisələrində Rusiya və Türkiyənin də münaqişəyə qoşulması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məsələ ondan ibarətdir ki, Azərbaycan Ermənistanla müharibə etmir və yaxud başqa dövlətlərin ərazisində müharibə aparmır və bu halda Rusiyanın Azərbaycana müdaxilə etməsi mümkün deyil:
"Ona görə ki, Azərbaycan öz ərazisində terrorizmə qarşı, qeyri-qanuni silahlı birləşmələrə qarşı mübarizə aparır. Bu mübarizədə də əgər Qafqazda və keçmiş Sovet ölkələri ərazisində stabillik olmasını istəyirlərsə Rusiya da, Türkiyə də, qonşu İran da, eləcə də Gürcüstan da Azərbaycana dəstək verməlidir. Bununla da Azərbaycan ərazisində qeyri-qanuni silahlı birləşmələrin, terrorist qrupların olmasının qarşısı alına bilər, çünki, bu təkcə Azərbaycana təhlükə deyil, bütün dünya ölkələrinə təhlükədir. Rusiya siyasətçiləri, aparıcıları, alim və ziyalıları bunu düzgün anlamalıdırlar. Buna düzgün qiymət verməlidirlər".
QHT sədri bildirib ki, bizim heç bir dövlətin ərazisinə iddiamız yoxdur, heç bir dövlətin ərazisində terrorizmə qarşı mübarizə aparmırıq, biz bu tədbirləri öz ölkəmizdə aparırıq:
"Bunu Rusiya da, Türkiyə də dəfələrlə özləri də nümayiş etdiriblər. Çeçenistanda, Dağıstanda və başqa yerlərdə Rusiya öz ərazisində silahlı birləşmələrə, dövlət orqanlarına tabe olmayan, konstitusiya qaydalarını pozan və s. qruplara qarşı mübarizə aparıb. O cümlədən, Azərbaycanın da buna mənəvi haqqı var. Həm də Azərbaycan beynəlxalq terrorizmlə mübarizə aparan təşkilatların üzvü olan ölkədir. Buna görə də beynəlxalq təşkilatlar da, dövlətlər də Azərbaycana bu sahədə dəstək verməlidirlər ki, Azərbaycan ərazisində və bölgədə sabitlik yaransın, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etsin, konstitusiya tələbləri tam yerinə yetirilsin".
Cəlil Xəlilov qeyd edib ki, Ermənistan Tovuz istiqamətində hücuma başlamaqla və Tovuz hadisələrində provakasiya yaratmaqla Türkiyə və Rusiyanı bu münaqişəyə qoşmaq istəyir:
"Azərbaycanın bu ərazidən kommunikasiya strukturları keçir və burada Türkiyənin də, Avropanın da maraqları var. Buna görə də Ermənistan həmin ərazidə münaqişə yaratmaq istəyirdi. Bununla da Azərbaycanın iqtisadiyyatına ziyan vurmağa çalışırdı ki, digər dövlətləri də bu münaqişəyə qoşulsunlar".
Müəllif: Nigar Məmmədova
Tarix: 28-07-2020, 17:29