Bu gün Ukrayna parlamenti ölkədə karantin müddətinin avqustun 31-dək uzadılması barədə qərar qəbul edib. Bu qərar Ukrayna Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb.Bu barədə Ukraynanın Baş Naziri Denis Şmıqal hökumətin iclasında bildirib.
Baş Nazir bəyan edib ki, karantinə regional səviyyədə adaptiv yanaşma artıq öz səmərəsini sübut edib və bu, Ukraynada xəstəliyin səviyyəsinə nəzarət etməyə imkan verir. Baş Nazirin sözlərinə görə, xəstəliyin pik həddə çatmaması və səhiyyə sisteminin həddən artıq yüklənməməsi üçün hökumət bundan sonra da adaptiv yanaşmaya əməl edəcək.
O bildirib ki, Ukraynada hər gün 20 mindən 30 minədək test yoxlamaları aparılır və tezliklə ölkədə COVID-19 testlərinin sayı milyona çatacaq.
Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə koronavirusa yeni yoluxma hallarının sayında artım müşahidə olunur, sutka ərzində daha 829 nəfər bu xəstəliyə tutulub. Daha çox yoluxma halları Kiyevdə, Lvov və İvano-Frankovsk vilayətlərində qeydə alınıb. Ölkə ərazisində xəstəliyə tutulanların ümumi sayı 60.995 nəfərə çatıb.
Tarix: 22-07-2020, 20:15