Türkiyəli professor: “Ermənistan Tovuza hücumla iqtisadiyyatını dirçəltmək məqsədi güdür”


Salih YılmazSalih Yılmaz

“Azərbaycanın Tovuz rayonuna Ermənistanın hücumu əslində yeni növ koronavirus pandemiyasının yaşandığı bir dövrdə daxili siyasəti dəyişdirmək üçün düşünülmüş təxribatdır”.

Ankara Rusiya Araşdırma İnstitutunun rəhbəri, Ankara Yıldırım Bəyazit Universitetinin professoru Salih Yılmaz APA-ya açıqlamasında belə deyib.
S.Yılmazın fikrincə, Ermənistan koronavirus pandemiyası ilə əlaqədar həm Rusiyadan, həm də Qərbdən gözlədiyi tibbi yardımı ala bilmədiyi üçün Azərbaycana hücum etməklə bir tərəfdən ölkə daxilində narazılığı aradan qaldırmaq, digər tərəfdən də bu təxribatını maddi dəstəyə çevirmək məqsədini güdür: “Ermənistanın iqtisadiyyatı olduqca pis vəziyyətdədir. Ermənistan Dağlıq Qarabağ böhranında da, xüsusilə ABŞ və Rusiyadakı lobbiçiləri tərəfindən maliyyə yardımı ilə ayaq üstə dayana bilirdi. Hazırda bu yardımlar kəsilib. Digər tərəfdən, Rusiyanın Ermənistana yatırımları son zamanlar azalıb. Rusiya həm təbii qaz, həm də elektrik enerjisinin qiymətlərində endirim etmir. Ermənistan Azərbaycanla aralarında problemi dərinləşdirməklə Rusiyanın diqqətini çəkməyə, Azərbaycan və Türkiyə üzərindən Rusiyaya təsir etməyə çalışır. Lakin Ermənsitanın bu addımı Rusiya-Türkiyə əməkdaşlığına zərər verdiyi üçün Ruisya bunun əleyhinədir”.
Ekspert hesab edir ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində kifayət qədər səbr edib, lakin indiki şəraitdə diplomatik vasitələr artıq öz torpaqlarını xilas etmək üçün kifayət etmirsə, hərbi vasitə ilə bu torpaqların geri alınmasının vaxtı çatıb: “Rusiya və ya digər vasitəçi dövlətlər Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərini qaytarmağı təmin edə bilmirlərsə, Azərbaycan ordusu bütün dünyaya bəyan edərək hərb yolunu tətbiq etməlidir. Əks halda yaxın zamanda Dağlıq Qarabağı diplomatik yolla Azərbaycana qaytarmaq üfüqdə görünmür”.
S.Yılmaz bildirib ki, pandemiya sonrası Azərbaycan yeni dünya düzənindəki əhəmiyyətli mövqeyindən istifadə etməklə ərazi bütövlüyünü bərpa edə bilər: “Rusiya, Türkiyə, İran, Çin və ABŞ-ın Azərbaycanın coğrafi mövqeyinə ehtiyacı var. Azərbaycan bu məqmı yetərincə dəyərləndirib, ona ehtiyacı olan digər dövlətlərin də dəstəyini alaraq hərəkətə keçərsə, ərazi bütövlüyünü bərpa etməsi mümkündür”.
Tarix: 13-07-2020, 22:55
Xəbəri paylaş



Xəbər lenti