Zərdüşt Əlizadə: “Rus cəmiyyətində fərdi və ictimai azadlığın qədrini bilən, şərəf və ləyaqətin nə olduunu dərk edən adamların sayı çox azdır” Məlum olduğu kimi, Rusiya Federasiyasında Konstitusiya dəyişiklikləri üçün keçirilən referendumda seçicilərin 77,93 faizi dəyişikliklərin lehinə, 21,26 faiz əleyhinə səs verib. Bununla da hazırkı Prezident Vladimir Putin 2036-cı ilə qədər daha iki dəfə Prezident seçilə biləcək.
Dövlətin əsas qanununa təklif olunan bütün dəyişikliklər Konstitusiya Məhkəməsi, Dövlət Duması, Federasiya Şurası və Regional parlamentlər tərəfindən təsdiqlənib.
Şimal qonşumuzda baş verənləri AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Rusiyada heç vaxt Ana Qanuna riayət olunmayıb: “Rusiyada Konsitutisiya heç bir əhəmiyyət daşımır və ümumiyyətlə qanunlar işləmir. Ona görə də Putin, sadəcə öz hakimiyyətini rəsmiləşdirmək və cəmiyyətin tənqidlərini bir az azaltmaq üçün görüntü xarakteri daşıyan tədbir keçirib. Hamı bilirdi ki, bu qanun Rusiya Duması tərəfindən qəbul olunub, Federasiya Şurası tərəfindən təsdiqlənib, regionların qanunverici orqanları tərəfindən bəyənilib və Prezident tərəfindən imzalanıb. Yəni bu, elə əvvəldən qüvvəyə minmiş bir proses idi”.
“Və dünənə qədər qüvvədə olan Rusiya Konstitusiyasında “qolosovanie” (səsvermə) sözü yox idi. Ya, “vıbor” (seçki) olurdu, ya da referendum. Ona görə də nə referendum oldu, nə də “vıbor”. Çünki referendum keçirilsəydi, cəmiyyət bu prosesə, icraata nəzarət edəcəkdi. Nəzarətə də yol verməmək üçün qanunda olmayan “qolosovanie” tədbirini keçirdilər və “səsvermə” adıyla bədnam bir tamaşa qoydular. Hamı da bunu bilir və tənqid edir. Lakin hakimiyyət Putinin əlindədir deyə, cəmiyyəti istədiyi kimi əzir, sındrır və idarə edir”, - siyasi şərçi deyib.
Əlizadə digər məqama da toxunub: “Bir çox rus təhlilçiləri deyirlər ki, Putin bunu ona görə edib ki, bu, xalqın əleyhinə yönəlməyib, hakim zümrədə formalaşmış zəngin qüvvələrin Putindən yaxa qurtamaq istəyinin qarşısını almaq üçündür. Çünki onlar Putinin özünə varis təyin etməsini istəmir, əksinə, özləri hakimiyyətə gəlmək istəyirlər. Putin də bu tədbirlə onlara bildirdi ki, “mənim hələ gücüm var, xalqdan mandat almışam və istədiyim adamı yerimə təyin edəcəm”. Bəzi təhlilçilər isə Putinin 2024-cü ildə prezidentliyə namizədliyini verməyəcəyini hesab edirlər. Yəni, Boris Yeltsin necə ki, Putini öz yerinə qoyub getdi, o da öz yerinə varis təyin edib Dövlət Şurasında əyləşəcək. Ola bilsin, yaxın zamanlarda Dövlət Şurası ilə bağlı qanun də qəbul edəcəklər. Qanuna görə də Dövlət Şurasının sədrinə nəhəng səlahiyyətlər veriləcək və Putin də Dövlət Şurasının sədri kimi heç bir məsuliyyət daşımadan kənardan ölkəni idarə edəcək. Çünki bu, onun istəyidir”, - müsahibimiz bildirib.
Politoloq hesab edir ki, Putində hakimiyyəti başqa cür idarə etmək istəyi və qabiliyyəti yoxdur: “Mən əminəm ki, Putin hakimiyyətdə qaldıqca, Rusiya siyasəti əvvəlki formada da davam edəcək, heç bir dəyişiklik olmayacaq. Təbii ki, Rusiyada, eləcə də Azərbaycanda, Özbəkistanda, Qazaxıstanda, Türkmənistanda, Tacikistanda, Ermənistanda, Gürcüstanda saxtalaşdırmadan seçki keçirmək mümkün deyil. Lakin bir var yuxarı həddə, bir də var aşağı həddə saxtalaşdırmaq. Buna görə də düşünürəm ki, Rusiyada saxtalaşdırma aşağı həddə olub. Çünki Rusiya xalqının əksəriyyətinin düşüncə tərzini təxmin edərək bilirəm ki, onlar Putinin bu “islahatına” dəstək verib. Çünki rus cəmiyyətində fərdi və ictimai azadlığın qədrini bilən, şərəf və ləyaqətin nə olduunu dərk edən adamların sayı çox azdır. Yəni bu ölkə, əsasən, “kollektivist” ölkədir. Həm də ki, kölə xislətli insanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə azad insanlar həmişə çox az olur. Eyni ilə Rusiyada da belədir”.
Müəllif:
Mərahim Nəsib
Tarix: 8-07-2020, 22:01